Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 12:35:00
Azərbaycanda təhsil alan əcnəbilərlə bağlı statistika – Onlar ən çox hansı ixtisası seçirlər?  

Təhsil Nazirliyi illik hesabatında Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı maraqlı göstəriciləri açıqlayıb.

Hesabata görə, 2017-2018-ci tədris ilində ölkəmizdəki ali təhsil müəssisələrində ümumilikdə, 75 ölkədən gələn 5410 əcnəbi vətəndaş təhsil alıb.

AzEdu.az xəbər verir ki, əcnəbi tələbələrin statistikasına əsasən, 40.3%-ni təşkil edən Türkiyə vətəndaşları siyahıda birinci yeri tutur. İran İslam Respublikası, Rusiya Federasiyası və Gürcüstan kimi ölkələrdən gələn tələbələr sayca üstünlük təşkil edir. Çin Xalq Respublikası, Hindistan, Pakistan və Banqladeş kimi ölkələrin vətəndaşları da ilk onluğa daxildir.

2017-2018-ci tədris ilində 43 əcnəbi ölkənin vətəndaşları Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunublar. Estoniya, Filippin və Şri Lanka da bu siyahıya yeni qoşulmuş ölkələrdəndir. Hesabata görə, respublikada Türkiyədən 2 179, İrandan 783, Rusiyadan 552, Gürcüstandan 487, İraqdan 319, Türkmənistandan 197, ÇXR-dən 109, Hindistandan 79, Pakistandan 78, Banqladeşdən 64, Qazaxıstandan 62, Suriyadan 57, Nigeriyadan 54, Özbəkistandan 41, ABŞ-dan isə 24 tələbə təhsil alır.

Azərbaycana gələn tələbələrin 35%-i tibb, 26%i sosial və humanitar elmlər,  14%-i mədəniyyət və incəsənət, 13%-i mühəndislik, 9%-i iqtisadiyyat və idarəetmə, 1%-i təbiət elmləri, digər  1%-i infomasiya texnologiyaları, qalanları isə digər sahələri seçirlər. Göründüyü kimi əcnəbi tələbələrin ölkəmizdə ən çox üstünlük verdikləri sahə tibbdir. Təbiət elmləri və informasiya texnologiyaları isə nisbətən az  üstünlük verilən ixtisaslardandır.

2017-ci ildə əcnəbi tələbələri 73.4 %-i Azərbaycan ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil almaq üçün müraciət edib. Bu göstərici hazırlıq səviyyəsi üzrə 18.6%, magistratura və doktorantura səviyyəsi üzrə müvafiq olaraq 5.3 və 1.9%-dir. Azərbaycana rezidentura təhsili üçün gələn əcnəbi vətəndaşların sayı isə azlıq təşkil edir.

2017-2018-ci tədris ilində ölkəmizə gələn əcnəbi tələbələrin cəmi 7%-i özəl universitetləri seçib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları