Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-12 13:45:00
Distant təhsilin üstünlükləri  

2020-ci ilin fevralından ölkəmizdə koronavirus (COVID -19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Dövlətimiz virusa qarşı səmərəli, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində həm dünyada mövcud olan ən qabaqlayıcı təcrübələrdən istifadə edib, həm də öz nümunəvi təcrübəsini yaradıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 3-dən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı və Təhsil Nazirliyinin müvafiq əmri ilə ölkənin bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Eyni zamanda, şagirdlərin təhsildən kənar qalmaması üçün Təhsil Nazirliyi tərəfindən distant təhsilin tətbiqinə başlanılıb. İlk olaraq martın 11-dən “Mədəniyyət” telekanalında “Teledərslər” layihəsinə start verilib. Pandemiya dövründə teledərslər məktəbəhazırlıq qrupları da daxil olmaqla I-XI siniflərdə tədris olunan fənlər üzrə məzmun standartlarının çatdırılmasında şagirdlərə ən yaxın bələdçi olub. Bununla yanaşı, 2020-ci il aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinin tətbiqinə başlanılıb. Layihə “Microsoft Teams” proqramı üzərindən fəaliyyət göstərir.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakıdakı 120 nömrəli tam orta məktəbin direktoru Kamran İsalı söyləyib. O bildirib ki, 120 nömrəli məktəbin pedaqoji kollektivi də distant dərslərin təşkili məqsədilə “Virtual məktəb” layihəsinə fəal qoşulmaq üçün şagird və valideynlərlə bir sıra tədbirlər həyata keçirib. Pandemiya dövründə istər telefon, istər digər sosial proqramlar vasitəsilə şagird və valideynlər layihə ilə tanış edilib. Layihə ilk dəfə tətbiq olunduğu üçün məktəb tərəfindən valideyn və şagirdlərlə davamlı maarifləndirmə işləri aparılıb, ehtiyac yarandıqda müvafiq texniki kömək göstərilib. “Virtual məktəb” layihəsinin tətbiqi həm pandemiya dövründə şagirdlərin təhsildən kənar qalmamasına, həm də distant təhsilin ölkəmizdə əhatə dairəsinin genişlənməsi ilə bu istiqamətdə istər pedaqoji kadrların, istərsə də gənc nəslin məsafədən öyrətmə və öyrənmə təcrübəsinin formalaşdırmasına xidmət edir. Belə ki, layihə ölkəmizdə şagirdlərin mütləq əksəriyyətinin, eyni zamanda, müəllimlərin internet resurslarından daha geniş miqyasda istifadə etməsinə zəmin yaratmış oldu. Buna nümunə olaraq qeyd edə bilərik ki, artıq fəaliyyət göstərdiyimiz 120 nömrəli məktəbdə şagird və müəllim heyətinin yüz faizi “Virtual məktəb” platformasında qeydiyyatdan keçərək şəxsi elektron poçt hesabı ilə təmin olunub. Nəticədə hazırda şagird–müəllim, şagird-şagird, müəllim-valideyn, müəllim-müəllim arasında olan kommunikasiya qənaətbəxş səviyyədədir. “Virtual məktəb” platformasında mövcud texniki imkanlardan istifadə edərək məktəb rəhbərliyi tədris olunan dərslərə nəzarəti həyata keçirə bilir. Eyni zamanda, valideyn övladının dərslərini izləyə bilir. Dərslərdə iştirakına nəzarət edə bilir. Beləliklə, sistem dərsdinləməni mümkün edərək tədrisin keyfiyyətinə birbaşa onlayn nəzarəti həyata keçirmə imkanı yaradır. Bu platformada məktəbin fəaliyyətinin tənzimlənməsi üçün vacib olan bir sıra statistik məlumatların da əldə olunması mümkündür. Məktəb olaraq hər gün dərslərə qoşula bilən şagirdlərin statistik təhlilini aparırıq. Şagirdlərin davamiyyət göstəriciləri, distant dərslərə qoşulma səviyyələri uyğun olaraq müvafiq iclaslarda müzakirə olunur.

“Virtual məktəb” platformasında distant təhsilin üstünlüklərindən biri də təhsilalanların zəruri proqram materiallarını, onlar üçün uyğun olan vaxtda və məkanda əldə edə bilmələridir. Belə ki, distant dərslər müvafiq dərs cədvəllərinə əsasən tədris olunan zaman dərsin videoyazısı qeydə alınır və elektron yaddaşda saxlanılır. Bu funksiya təhsilalanlar üçün ehtiyac yarananda ötən dərsi yenidən dinləmək və ya qoşula bilmədiyi dərslərə onun üçün uyğun vaxtda qoşularaq həmin dərsləri dinləmək imkanı yaradır.

 

“Platformada şagirdlərin qiymətləndirməsini həyata keçirmək və nailiyyətlərin izlənilməsi üçün də kifayət qədər imkanlar mövcuddur. Müəllimlər müvafiq funksiyalardan istifadə edərək şagirdlərə ev tapşırıqları, açıq və ya qapalı test tapşırıqları təqdim edə bilir. Bu zaman şagirdlərin nəticələrinin təhlili üçün qrafik təsvirlərdən də istifadə etmək mümkündür. Platforma üzərindən dərslərin tədrisi ilə yanaşı, məktəbin fəaliyyətinin qurulması ilə bağlı müzakirələrin reallaşdırıla bilməsi də ayrıca əhəmiyyət daşıyır. Nümunə üçün qeyd etmək olar ki, fəaliyyət göstərdiyimiz 120 nömrəli məktəbdə pedaqoji şura, valideyn iclasları və digər müşavirələr distant qaydada həyata keçirilir. Bütün bunlarla yanaşı, şagirdlərin dərsdənkənar fəaliyyətinin də distant təşkili istiqamətində işlər aparılır. Buna sinif təşkilat saatları, əlamətdar günlərin qeyd olunması kimi tədbirləri misal göstərmək olar. Bütövlükdə qeyd olunan bu fəaliyyət istiqamətləri pandemiya dövründə distant dərslərin nə qədər vacib əhəmiyyətə malik olduğunu göstərir. Eyni zamanda, distant təhsil üzrə yaranmış bu təcrübə və imkanlar təkcə pandemiya dövründə deyil, gələcəkdə də təhsil müəssisələrinin fəaliyyətinin səmərəli qurulmasına, məkan və zaman amillərinin optimal istifadəsində böyük rol oynayacaq. Yəni distant və əyani fəaliyyətin vəhdəti həm təhsilalanların həm də təhsilverənlərin fəaliyyətinə müsbət təsir göstərəcək”, - deyə məktəb direktoru bildirib.