Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 12:08:00
“Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkil etdiyi tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qərbdə böyük maraqla qarşılanan və akademik dairələrin diqqətini cəlb edən bu əsərin Azərbaycan dilində nəşrinin siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın dövlətçilik fəaliyyətinə və şəxsiyyətinə dair çox dəyərli bir kitab olduğunu vurğulayıb. İ.Həbibbəyli kitabın redaktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş müqəddiməsində əsərə və Nadir şah şəxsiyyətinə elmi səviyyədə yüksək qiymət verildiyini bildirib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova “Nadir şah” kitabının Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə olduğunu, müəllifin zəngin mənbələrə əsaslandığını qeyd edib.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təqdimat mərasimi keçirilən kitaba akademik Ramiz Mehdiyev tərəfindən yazılmış elmi redaktə hissəsini, əslində dərin elmi tədqiqatı Nadir şah Əfşar şəxsiyyətinə və yaratdığı dövlətə yeni konseptual baxış kimi qiymətləndirib, onun milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynadığını və Azərbaycan xalqının strateji maraqlarından irəli gəldiyini vurğulayıblar. Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən kitabda maraqlı tarixi məlumatların, təsvir və sxemlərin əks olunduğu da diqqətə çatdırılıb.

Təqdimat mərasimində, həmçinin Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayev, bu elm müəssisəsinin İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, dosent Vidadi Mustafayev, Cənubi Azərbaycan şöbəsinin müdiri, dosent Səməd Bayramzadə çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.