Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-07 13:16:00
“Qarabağ Azərbaycandır və nida işarəsi” tezisi tədris prosesinin də atributuna çevrilməlidir- Sədr müavini

 

 

Nadir İsrafilov - “Vahid Azərbaycan tarixi vahid adla tədris olunmalıdır”

 

Torpaqlarımızın şərtsiz və qeydsiz düşmən işğalından azad olunacağı gün yaxınlaşdıqca, müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açılır. .  Məhz doğma tariximizin vətənpərvərlik səhifələri, vətənpərvərliyin tarixi kökü, min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik ənənələrini açmağa, onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilməsinə hərtərəfli şərait yaradır.

 

Azərbaycanın müzəffər Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəman mübarizəsini davam etdiy, artıq 4 rayon mərkəzi daxil olmaqla, 200-ə qədər kəndimizin, mühüm strateji yüksəkliklərimizin  düşmən qoşunlarından təmizlənməsi ilə əlaqədar Prezident İlham Əliyevin oktyabrın 29-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq ayrı-ayrı Nazirliklər Qarabağda iqtisadi-sosial sferaların bərpası üçün fəaliyyət planları tərtib edir, müxtəlif şirkətlər tərəfindən infrastruktur layihələr hazırlanır.

 

Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi,  vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, yetişməkdə ola nəsildə milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir. Bu baxımdan təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, öz yetirmələrində vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi istiqamətində  müvafiq təhsil strukturlarının da üzərinə yeni vəzifələr düşür.  

 

 

Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ümumi təhsilin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Ona görə də ümumi təhsilin  keyfiyyətinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzinə çəkilən mühüm vəzifə hesab olunur.  Yaranmış mövcud vəziyyət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məktəbin qarşısında qoyduğu vəzifələri bir qədər da aktuallaşdırıb.

 

 

Digər fənlər, sinifdənxaric və məktəbdən kənay tədbirlər gənc nəslin vətənpərvərlik tərbiyəsində nə qədər əhəmiyyətli rol oynasa belə onların heç biri tarif fənninin imkanlarını əvəz edə bilməz. Bu mənada,  yenilənəcək tarix dərsliklərində Azərbaycan əsgərlərinin, zabitlərinin və mülki şəxslərinin qəhrəmanlıq nümunələrinə xüsusi diqqət yetirmək lazım gələcək “Azərbaycan tarixi” fənni ilə yanaşı “Qarabağ tarixi” və “Ortaq türk tarixi” kurslarına yeni baxış və fərqli yanaşma zərurəti yaranacaq.

 

Yeri gəlmişkən, hələ 2014-cü yeni tədris ili ərəfəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.02.2014-cü il tarixli, 206 nömrəli əmri ilə təsdiq olunmuş "Qarabağ tarixi” adlı fənnin orta məktəblərdə tədris  olunması, rus və azərbaycan dilində eyni adlı dərsliklərin hazırlanması barədə xəbərlər yayılarkən məsələyə münasibət bir mənalı olmamış, “Tarixi ayrıca tədris etmək nə deməkdir?”, “Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var?”, “Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”,  ”Bu tariximizin ikiyə parçalanması, cəmiyyətdə Qarabağın ayrı bir vilayət kimi tanınması fikrini yarada bilər” kimi fikirlər hətta Milli Məclisin müzakirəsinə belə çıxarılmışdı. İş o yrə çatmışdı ki,  o zamanki sədr Oqtay Əsədov məsələdən narahatlığını bildirərək, İsa Həbibbəyliyə bunu araşdırmağı tapşırmıdı.

 

 

Təhsil Nazirliyinin mövqeyi isə ondan ibarət oldu ki, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib. Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib. Bəlkə də, o vaxt Qarabağ tarixinin ayrıca olaraq  ətraflı öyrədilməsi həm mövcud ictimai- siyasi şərait baxımından, həm də vətəndaşlıq mövqeyinin təzahürü və gənclərdə milli iftixar hissinin gücləndirilməsi baxımından mənəvi stimul rolunu oynaya bilərdi. Bununla belə hesab edənlər də var idi ki, “Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil".

 

 

Artıq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”bəyanatı dillər əzbərinə çevrilib.

 

Bu baxımdan, bir tarix var, o da - Azərbaycan tarixidir.  Vahid Azərbaycan tarixi vahid adla tədris olunmalıdır.  Ən yaxşı halda kursun adını “Qarabağ tarixinə dair oçerklər”, “Qarabağ tarixinin şanlı səhifələri” və digər münasib adlarla tədris oluna bilər. Ərazi bütövlüyümüzü  bərpa etdikdən sonra dərsliklərin, digər müvafiq tədris vəsaitlərinin  yenilənməsinə baxılarkən, işğal olunan tarixlər azad edilən tarixlərlə əvəz edilməli, Azərbaycan tarixində olan 2-3-cü dərəcəli fakt və hadsələri sıxışdırmaq və yığcamlaşdırmaq yolu ilə Qarabağa dair mövzuları artırmaq olar. Azərbaycan tarixi fənni ilə yanaşı, “Qarabağ tarixi” nin ayrıca kurs kimi keçirilməsi beynəlxalq aləmdə bunların müxtəlif  ərazilər olması barədə fərqli fikirlər formalaşdıra, tariximizin ikiyə parçalanması, cəmiyyətdə Qarabağın ayrı bir vilayət kimi tanınması fikrini yarada bilər.

 

Nadir İsrafilov

TN yanında İctimai Şuranın sədr müavini