Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 12:18:00
Universitetlərimiz cəbhəyə yollanan əməkdaşları və ailələrinə necə diqqət göstərir?-SORĞU

 

 

Vətən Müharibəsi davam edir. Döyüşlərdə  iştirak edənlər arasında Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin   tələbə  və əməkdaşları da var.

 

Universitetlərimiz cəbhəyə yollanan əməkdaşları və ailələrinə necə diqqət göstərir?

 

Mətbuat  xidmətlərindən AzEdu.az-a  verilən məlumata görə, bununla bağlı universitet tərəfindən müəyyən tədbirlər həyata keçirilir:

 

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə:

 

Hazırda  cəbhədə olan əməkdaşlarımızın ailələri universitetimizin diqqətində saxlanılır, maaşları hər zamankı kimi tam şəkildə ödənilir. Bundan əlavə onlara mənəvi dəstək kimi  döyüşlərdə iştirak edən əməkdaşlarımızın, qiyabi tələbələrimiz və məzunlarımızın ailələrini ziyarət edirik. Digər tərəfdən isə  bildiyimiz  kimi təhsil müəssisələrində 2 noyabra qədər tətil elan edilib. 2 noyabrdan sonra dərslərin müəyyən formada  bərpa olunacağı  təqdirdə  bu əməkdaşların dərslərinin axsamaması üçün digər müəllimlər onları  əvəz edəcək”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri  Bəhruz Nəzərov:

 

Hazırda universitetimizin bir neçə əməkdaşı  səfərbərliyə cəlb edilib. Bütün respublika ərazisində olduğu kimi səfərbərlik çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə çağırılan əməkdaşlarımızın əməkhaqqları saxlanılır. Özləri hərbi xidmətdə olduqları zaman bu ödənişlər ailələrinə çatır. Eyni zamanda onların ailələri ilə müntəzəm şəkildə əlaqə saxlanılır.”

 

Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Esmira İsmayılova:

 

“Səfərbərliyə cəlb edilən, hazırda cəbhə bölgəsindəki döyüşlərdə iştirak edən əməkdaşlarımızın əməkhaqqları ailələrinə təslim edilir. Eyni zamanda  əməkdaşlarımızın yaxın həmkarları, müəllim yoldaşları mütəmadi olaraq  onlarla əlaqə saxlayır, döyüş bölgəsindəki vəziyyətləri ilə maraqlanır, ailələri ilə daimi ünsiyyətdə olurlar. Məsələnin həssas olduğunu, ailələrinin hazırki vəziyyəti və keçirdiyi hissləri nəzərə alaraq buna uyğun şəkildə onların ailələri ilə ünsiyyət qurur, vəziyyətləri ilə maraqlanırıq. Əməkdaş və tələbələrimiz daxil olmaqla cəbhəyə yollanan hər bir fərdimizin sağ-salamat, zəfər xəbəri ilə qayıdacağına ümüd edir və inanırıq.”

 

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin  rəhbəri  Elman Babayev:

 

“Qeyd edim ki, BMU-nun əməkdaşları ilk gündən cəbhəyə yardım istiqamətində geniş kampaniyalar aparıb və əməkdaşlarımız yardımların ünvanına çatdırılması üçün müvafiq ərazilərdə olublar. Hazırda da bu iş davam edir. Bununla bağlı əlavə nəsə deməyi lazım bilmirik. Çünki bu hər birimizin vətəndaşlıq, həmçinin mənəvi borcudur.

 

Cəbhədə olan əməkdaşlarımızın qanuna uyğun olaraq əmək müqaviləsi qüvvədə saxlanılıb, əmək haqqı ödənilir. Cəbhədə olan tələbələrə də münasibətdə bütün mümkün yanaşmalar tətbiq olunub. Bütün kollektiv onlarla birlikdədir.”

 

Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetinin  İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri  Nəcibə  Mirzəyeva:

 

“Universitetimizin  əməkdaş  və  tələbələri arasında səfərbərlik üçün çox sayda müraciət edənlər var idi. Ancaq  hazırda  əməkdaşlar arasında  səfərbərliyə cəlb edilən yoxdur. Buna baxmayaraq  hazırda cəbhədə davam edən döyüşlərdə universitetimizin  əvvəlki  illərinin  məzunları  fəal iştirak edir. Hətta  aralarında  son ilin məzunları da var ki, onların  diplomları  hələ  özlərinə  təslim edilməyib. 

 

Eyni zamanda  məzunlarımız arasından bir neçəsinin şəhid  olması ilə bağlı xəbər aldıq. Universitetin  məzunları  arasında  5 nəfər, AzMİU-nun nəzdində  İnşaat  kollecinin  məzunları arasından  4  nəfər  şəhid  olub.  Universitetimizin  məzunlarından şəhid  olanlar  arasında  2 nəfərin diplomu  universitetdədir.

 

Hətta şəhidlər arasında  çox  istedadlı  məzunlarımız var.  Bir şəhidimiz çox aktiv və bacarıqlı  tələbə idi, universitet çərçivəsində  dəfələrlə sərgisi təşkil edilmişdi.

 

Rəhbərlik tərəfindən  müəyyən edilmiş universitet daxili təşkilatlar vasitəsi ilə bununla bağlı  müəyyən işlər həyata keçirilir. Universitet  daxilində  şəhidlərin xatirəsi  yad  edilir, ailələri ilə  yaxından  əlaqə saxlanılır.”

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin  rəhbəri  Cavid  Zeynallı:

 

“Universitetimizdə  hazırda  təhsil  alan  3  magistr  tələbəsi  könüllü müraciətləri əsasında səfərbərliyə cəlb edilib. Onlar hazırda döyüşlərdə fəal iştirak edirlər. Başqa tələbələr də döyüşlərə cəlb edilərsə, universitetə müraciət edə bilərlər, bu zaman onlar barəsində müvafiq tədbirlər görüləcək. Bununla bağlı universitet çərçivəsində müəyyən işlər həyata  keçirilir.”

 

Qeyd edək ki, sentyabrın 27-dən etibarən cəbhəboyu zonada ordumuzun  həyata keçirdiyi işğaldan azad etmə əməliyyatları uğurla davam edir.

 

Qarabağ  Azərbaycandır!