Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 17:24:00
Nazir müavini tələbələrin dərsində iştirak edib       
 
 

 

Təhsil nazirinin müavini Firidun Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə onlayn qaydada görüşüb.     

 

 AzEdu.az xəbər verir ki, tələbələrin dərs saatında qonaq spiker olaraq iştirak edən nazir müavini bir sıra mühüm məsələlərə toxunub.     

 

Firidun Qurbanov müasir dövrün çağırışları, rəqəmsallaşmadan söz açıb və bildirib ki, qloballaşma şəraitində postindustrial cəmiyyətdə yeni çağırışlar yeni yaranan rəqəmsal dünya ilə bağlıdır.    

 

Dəyişikliklər dövründə yaşadığımızı qeyd edən nazir müavini deyib ki, indi XXI əsrin tələblərinə cavab verən, müasir cəmiyyətdə yaşamağa hazır olan bacarıqlı insanlar lazımdır. Qlobal problemlərin həll edilməsi, onların aradan qaldırılması üçün cəmiyyət hansı tip insanın formalaşmasından çox aslıdır. Müasir dövrdə təkcə bilik yox, eyni zamanda komanda mühitində işləmək, həmyaşıdlar və yaşlılarla kommunikasiya qurmaq, öz vaxtını planlaşdırmaq, informasiyanı tənqidi qiymətləndirmək bacarıqlarını da baza təhsilinə aid etmək olar. Araşdırmalara əsasən, təhsildə dəyişikliklərin əsas səbəbi rəqəmsal inqilabdır.     

 

Nazir müavini Azərbaycanın təhsil siyasətinə də toxunub və bildirib ki, Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin, insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlüyün prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib.