Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 14:40:00
“İbtidai sinif dərslikləri əzab mənbəyidir” - Azyaşlıların repetitor yanına göndərilmə SƏBƏBİ  

Son illər repetitora müraciət edən şagirdlərin yaş kateqoriyasında qarışıqlıq müşahidə olunur. Belə ki, indi yalnız yuxarı sinif şagirdləri deyil, ibtidai siniflərin uşaqları da repetitor yanına göndərilirlər.

Valideynlər bunu əsasən dərslərin  çətinliyi ilə izah edirlər. Buna görə uşaqları dərsdən sonra müəllim yanına qoyurlar. Əgər ibtidai sinifdən başlayaraq uşaqlar müəllim yanına göndəriləcəksə, məktəb burda hansı  rolu oynayır və kurikulum sisteminin fəsadları nədir?

Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki, bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman keçdikcə isə bu yüngülləşmir.

“Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, dərs ili müddətinin  uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür.  Həyata keçirilən tədbirlər nəticəsində isə proqram daha da ağırlaşır. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur. Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır. Apardığımız araşdırmalar göstərir ki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil”.

Ekspert vurğulayıb ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq  6-17 yaşında olan insanın beyninə görə deyil:

“İstifadə olunan  kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin ibtidai siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin. Maraqlı mətnlər, şəkillər, yaradıcı tapşırıqlar olur. Müəllim bunların 100-də 10-nundan istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalı və şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir”.

O, repetitorluq fəaliyyətinin necə yayılması haqqında da danışıb:

“Azərbaycanda repetitorluq fəaliyyəti 1992-ci ildə test üsulunun tətbiqindən sonra geniş şəkildə başlayıb. Artıq  cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsi ilə aparılması ənənəsi möhkəmlənib. İş o yerə çatıb ki, valideynlər indi təkcə yuxarı sininf şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Səbəb də əlbəttə ki, orta məktəblərdə təhsil keyfiyyətinin aşağı olmasıdır. Hazırda repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata hazırlaşdırırlar. Repetitorluqla məşğul olanları bir neçə kateqoriyaya bölsək, əsas üstünlüyü orta məktəbdə işləyən və ümumiyyətlə təhsil sistemində işləməyənlər təşkil edir. Aldığı maaş ailəsinin dolanışığına çatmadığından, dərsdən evə gələndən sonra mənzilində repetitorluq fəaliyyəti ilə məşğul olan, yəni uşaq hazırlaşdıran kifayət qədər müəllim var.  Onlar  100-200 manat məvacib alırlar. Əlbəttə ki, bu məbləğ yaşamaq üçün kifayət deyil. Orta məktəb müəllimlərinin xərcləri təkcə özləri deyil, onlar həm də məktəbə, direktora pul verir ki, onlara şərait yaratsın. Yazıq müəllim neyləsin...? Məcbur olub evdə repetitorluq edir. Dərsdən sonra istirahət etməyi onlar istəmir? Valideynlər hələ bilmirlər ki, məktəbdə müəllimdən nə qədər xırda-para şeylərə görə pul istəyirlər”. 

K.Əsədov təkflif edib ki, repetitorluqla mübarizə deyil, onun leqallaşması, rəsmiləşdirilməsi lazımdır:

“Repetitor dedikdə çoxları onların ölkəmizdə keçən əsrin 90-cı illərindən yarandığını iddia edirlər. Əslində təhsil sistemi formalaşandan dünyanın inkişaf etmiş ölkələrinin hamısında, o cümlədən Azərbaycanda repetitorluq olub. Lakin keçən əsrin 90-cı illərinin əvvəllərinə qədər müəllimlər əlavə oxumaq və öyrənmək istəyən şagirdlərə təmənnasız dərs keçiblər və cəmiyyət belə bir əlavə hazırlığ üçün maddiyyatla bağlı gərginlik yaşamayıb. Bu səbəbdən də heç kəs müəllimi əlavə dərs üçün qınaq obyektinə çevirməyib. Həm güclü müəllimlərin çox olması, həm də əlavə dərslərin təmənnasız aparılması neqativ təsəvvürlərin formalaşmasına imkan verməyib. Onu da deyək ki, bu gün də yüzlərlə yüksək səviyyəli müəllimlərimiz, xüsusən də kəndlərdə təmənnasız olaraq şagirdlərin əlavə hazırlığı ilə məşğul olurlar. Təəssüf ki, müəllimlik ixtisasları üzrə ibtidai sinif müəllimi olmaq istəyənlər universitetlərə ən aşağı bal ilə qəbul olunurlar. Nəticə etibarilə bu sahə ilə məşğul olan şəxslərin bilik və bacarıqları aşağı səviyyədə olur”.

Ekspert bildirib ki, repetitorluq dünyanın bir çox dövlətlərində var, hətta Yaponiya kimi inkişaf etmiş ölkədə də belə fəaliyyət var:

“Orada orta təhsil 12 ildir və onun yarısı ibtidai məktəbə aiddir. Bu onunla əlaqədardır ki, yapon dilinin öyrənilməsi çətin və çox əmək tələb edir. Hər gün adi məktəbdə dərsdən sonra uşaqlar məcburi olmayan, lakin orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün çox vacib olan digər məktəbə gedirlər. Bu məktəb "dzyuku" adlanır, tərcümədə "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"dir. Bura dəvət edilmiş xüsusi müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər.  Bilirsiz,  yaxşı repetitor olmaq üçün öz fənnini əla bilmək hələ kifayət deyil. Müəllim-repetitor müəyyən qədər psixoloq da olmalıdır. Hər bir dərsi o, fərdi aparır və şagird ilə fərdi məşğul olmaq göründüyündən daha mürəkkəbdir. Valideynlərin əksəriyyətinin övladlarının universitetlərə daxil olmasını əsas məqsəd hesab etmələri də düzgün deyil. Eyni zamanda məktəblərdə savadlı müəllimləri dəyərləndirən və saxlayan sistemin yaradılması vacibdir”.

Ekspertin sözlərinə görə,  bu fəaliyyət ilə məşğul olan hər kəs sadələşdirilmiş qaydada vergi ödəyicilərinə çevrilməlidir:

“Amma unutmaq olmaz ki, repetitor -müəllim mütəmadi olaraq eyni məbləğdə pul qazanır. Əlavə ödənişlər olacağı təqdirdə əlbəttə ki, repetitor - müəllimlər də xidmət haqlarını qaldıracaqlar ki, bu da təhsil almaq istəyən imkansız şəxslərin elmə gəlməsinə, təhsil almasına ciddi şəkildə mane ola bilər. Təklif edirəm ki, repetitor fəaliyyəti göstərmək üçün lisenziya verilməsi sistemi tətbiq olunsun. Bu, daha effektli olardı”.