Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 14:12:00
MDU  yüksək balla qəbul olan tələbələrlə görüş keçirildi  

2020-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetə müvafiq ixtisaslar üzrə ən yüksək balla, eləcə də, 500-dən yuxarı balla qəbul olan birinci kurs tələbələri ilə görüşüb.

 

MDU-dan AzEdu.az-a verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşdə rektor Ş.Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib və işğal altında olan bütün torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına əminliyini ifadə edib.

 

Həm tələbə adını qazanmaları, həm də yüksək bal toplamaları münasibətilə görüşdə iştirak edən tələbələri, onların valideynlərini və müəllimlərini təbrik edən rektor MDU-nu seçdiklərinə görə gənclərə təşəkkürünü bildirib. Tələbələrin doğru seçim etdiklərini vurğulayan rektor təhsil müddətində bu seçimdən məmnun qalacaqlarına əminliyini bildirib.

 

Son dövrdə universitet həyatında baş verən müsbət və dinamik keyfiyyət dəyişikliklərindən bəhs edən Ş.Bayramov tələbələrin MDU-da təhsil, o cümlədən ölkənin nüfuzlu paytaxt universitetlərində və xaricdə təhsil, elmi-tədqiqat fəaliyyəti, idarəetmədə iştirak, könüllülük fəaliyyəti, sosial həyat, əmək bazarına hazırlıq və digər istiqamətlər üzrə faydalana biləcəkləri çoxşaxəli imkanları diqqətə çatdırıb. Hazırda universitetin yeni müasir kampusunun yaradılması istiqamətində görülən işlər barədə məlumat verən rektor bununla mövcud potensialın əhəmiyyətli dərəcədə artacağını deyib.

 

Daha sonra, birinci kurs tələbələrinin MDU ailəsinin üzvünə çevrildiklərini diqqətə çatdıran rektor universitet kollektivi üçün ortaq dəyər olan bu ailənin keyfiyyət baxımından inkişafında yüksək balla qəbul olan tələbələrin əhəmiyyətli rol oynayacaqlarını bildirib. Rektor hər bir tələbəni bu ailənin üzvü kimi, xüsusilə hazırki pandemiya və hərbi vəziyyət şəraitində bir-birilərinə qarşı həssas yanaşmağa, dəstək göstərməyə və bütövlükdə ailənin uğurlarında pay sahibi olmağa çağırıb.

 

Universitetin professor-müəllim heyətinin yüksək potensialından bəhs edən Ş.Bayramov tələbələri öz ixtisaslarını sevməyə, təqdim olunan imkanlardan maksimum faydalanmağa, xarici dillərin öyrənilməsinə xüsusi əhəmiyyət verməyə və universitetin ictimai həyatında fəal iştirak etməyə dəvət edib. Rektor MDU-da tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi formalaşması ilə yanaşı, xalqına və dövlətinə sadiq vətənpərvər ruhlu vətəndaş yetişdirilməsinə də xüsusi diqqət yetirildiyini vurğulayıb.

 

COVID-19 infeksiyası ilə mübarizənin davam etdiyini və bu istiqamətdə görülməli olmalı olan işləri xatırladan rektor tələbələrə təhsil və şəxsi həyatlarında uğurlar arzulayıb.

Birinci kurs tələbələri MDU haqqında ilkin təəsüratlarını bölüşüblər, arzu və istəklərini bildiriblər.

 

Qeyd edək ki, cari tədris ilində MDU-ya bir nəfər 624 bal olmaqla, 14 nəfər 500-dən yüksək bal toplayaraq qəbul olub.