Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-31 16:23:00
Professor karantin rejiminin bitəcəyi tarixi açıqladı: Ən azı yaya qədər... - MÜSAHİBƏ

AzEdu.az publika.az-a istinadən TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanovla müsahibəni təqdim edir.

- Akif doktor, yeni növ koronavirusa yoluxma hallarının dünyada və ölkəmizdə artmasının səbəbini nədə görürsünüz?

- Virusun artmasının iki səbəbi var: bizdən asılı olan və asılı olmayan. Asılı olmayan səbəb odur ki, qış ayları yaxınlaşır və bu mövsümdə bütün tənəffüs infeksiyaları, o cümlədən COVID-19 infeksiyası aktivləşir. Bir neçə ay əvvəl biz bu barədə məlumat vermişdik, yoluxma hallarının artacağını gözləyirdik. Soyuq havaların düşməsi ilə əlaqədar dünyada da yoluxma sayında rekord göstəricilər qeydə alınmağa başlayıb. Səbəbi odur ki, soyuq hava tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflədir. COVID-19 da tənəffüs infeksiyası olduğundan bundan kənarda qala bilməzdi.

İndi koronavirusla birlikdə digər tənəffüs infeksiyaları, o cümlədən qrip və qripəbənzər xəstəliklərin aktivləşmə dövrüdür. Yayda kimsə tənəffüs infeksiyalarının əlamətlərini hiss edirdisə, özünü COVID-19 xəstəsi nöqteyi nəzərdən dəyərləndirirdi. Təcili analizlər verməklə yeni növ koronavirus infeksiyasına yoluxub-yoluxmadığını müəyyənləşdirə bilirdi. Hazırkı dövrdə bu məsələ bir az da mürəkkəbləşib. İnsanlar tənəffüs infeksiyalarının qızdırma, öskürək, baş ağrısı və bu kimi əlamətlərini hiss etdikdə elə hesab edirlər ki, bu, ya qrip, ya qripəbənzər xəstəlikdir, ya da sadəcə soyuqlayıblar. Əslində, ola bilər ki, onlarda koronavirus olsun və bunu özləri də bilməsin. Nəticədə infeksiya mənbəyi olaraq ətrafdakıları da yoluxdurmağa başlayacaqlar.

İkinci səbəbi qorunma tədbirlərinə əməl etməməyimizlə əlaqədardır. Qorunma tədbirlərinə əməl etmədikdə sözsüz ki, yoluxmaların sayı artacaq.

- Qrip və ya yeni növ koronavirus infeksiyasına yoluxduğumuzu necə müəyyən edə bilərik?

- Hər bir şəxs soyuqlama və tənəffüs infeksiyalarının əlamətlərini hiss etdikdə özünü təcrid etməli və xəstəliyin sonrakı gedişini izləməlidir. Əgər qızdırmalı hal, öskürək və halsızlıq bir neçə gün davam edərsə, dərhal həkimə müraciət etməliyik ki, COVID-19-un olub-olmadığı həkimlər tərəfindən müəyyənləşdirilsin. Bunun vasitəsilə xəstəliklərdən yoluxmanın qarşısını ala bilərik. Digər tərəfdən, hər hansı şəxs koronavirus xəstəsi ilə təmasda olubsa və ya onun yoluxduğunu sonradan bilibsə, özünütəcrid prinsipinə əməl etməlidir. Bilməlidir ki, özü də virus daşıyıcısı ola bilər. Əgər evdə özünü ayrı otaqda təcrid etmək imkanı varsa, izolyasiya qaydalarına əməl etməlidir. İş yerinə bu barədə məlumat və ya izahat verməlidir. Koronavirus xəstələri ilə təmasda olmuş və ya tənəffüs yolu infeksiyalarına yoluxan şəxslər çox ehtiyatlı olmalıdırlar, çünki bilmədən infeksiyanı başqasına yoluxdura bilərlər.

  • Ekspertlər bu bəladan yeganə çıxış yolunu peyvəndlərin tapılmasında görür. Həqiqətən də virusa qarşı effektiv peyvənd tapılmayana qədər normal həyata qayıtmaq mümkün olmayacaq və o zamana kimi biz bu qaydalarla yaşamağa davam edəcəyik?

- Pandemiya heç vaxt bir ilə tamamlanmır, bu, iki-üç il davam edə bilər. Pandemiyanın bu ilin sonunda bitməsini gözləməyin, karantin davranış qaydalarına pandemiya bitənə qədər əməl etmək məcburiyyətindəyik. Vaksin olsa da, olmasa da qorunacağıq. Əslində, vaksin tapılıb, dünyada artıq çoxsaylı vaksinlərin üzərində araşdırmalar davam edir. Bir çoxu sınaqlardan keçib, digər qismi isə sınaqların sonuncu mərhələsindədir. Hesab edirəm ki, gələn ildən etibarən bu vaksinlərin kütləvi şəkildə tətbiqinə başlanılacaq. Ən effektiv və ən təhlükəsiz vaksinlər hazır olan kimi onların gətirilməsi və istifadə olunması haqqında Azərbaycan da dövlət səviyyəsində müəyyən işlər görüb. Bu, gələn ildən tez olmayacaq. Lakin vaksin gətirildikdən və vaksinasiya olunduqdan sonra pandemiyanın bitəcəyi də sual altındadır. Bunu əvvəlcədən təyin etmək mümkün deyil. Vaksinlər yoluxma sayına nəzarət etməyə və azaltmağa imkan versə də, heç kəs fikirləşməsin ki, vaksinin tətbiqindən sonra qorunma tədbirlərinə ehtiyac qalmayacaq. Yalnız pandemiya bitərsə və yoluxma sayı yox dərəcəsində olarsa, qorunma tədbirlərinə son qoyulacaq. İnsanların çox hissəsi virusa yoluxmaqla və ya vaksinasiya ilə virusa qarşı müəyyən immunitet qazanacaq. Bundan sonra dünyada və ölkəmizdə karantin rejiminin aradan qaldırılması haqqında söhbət gedə bilər. Amma bunun yaxın aylarda baş verməsi gözlənilmir, ən azı yaya qədər özümüzü və ətrafımızı qorumaq üçün bu tədbirlərə əməl etməliyik.

Bu gün ölkəmizdə müharibə gedir, odur ki, insanlar ikiqat ehtiyatlı davranmalıdır. Səhiyyə sisteminin yüklənməməsi üçün əlimizdən gələni etməliyik. Hər bir şəxs bilməlidir ki, bu gün klinikaların qarşısında duran əsas məsələ yaralı əsgərlərimizə xidmət göstərməkdir. Yoluxma sayının çoxalmasının qarşısını almaqla ordumuza da kömək edirik. Bu mənada qorunma tədbirləri vətənpərvərlik hisslərinin tərkib hissəsi olmalıdır. Əgər o şəxsdə həqiqətən vətənpərvərlik hissi varsa, qorunma tədbirlərinə əməl edəcək və öz missiyasını yerinə yetirmiş olacaq.

- İybilmə və dadbilmə duyğusunun itməsi koronavirus xəstəliyinin əsas əlamətlərindən biri olaraq qalır. Maraqlıdır ki, bu əlamətlər COVID-19-a yoluxmuş hər kəsdə müşahidə olunur?

- Bu, sabit əlamət deyil, iybilmə və dadbilmə duyğusunun itməsi müəyyən qisim insanlarda baş verir. Koronavirusa yoluxub-yoluxmadığınızı sadəcə iybilmə və dadbilmə duyğusunun olub-olmaması ilə müəyyənləşdirə bilməzsiniz. Bu, səhv yanaşmadır, belə düşünməklə xəstəliklərin artmasına səbəb oluruq. Xəstələrin böyük hissəsində bu əlamətlərin heç biri olmur, onlar iy, qoxu və dad bilsələr də, testin nəticəsi pozitiv göstərir. Odur ki, bu əlaməti önə çıxarmağa dəyməz. COVID-19-u başqa tənəffüs yolu xəstəliklərindən fərqləndirən əlamət demək olar ki, yoxdur. Xəstəlik elə qrip əlamətləri ilə başlayır: qızdırma, boğaz ağrısı, halsızlıq və s. Dad və qoxu duyğusunun itməsinə qrip xəstələrində də rast gəlinir, lakin hamıda olmur. Koronavirusla qripi bir-birindən fərqləndirmək üçün əlimizdə yeganə səbəb var: analiz vermək.