Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-31 15:48:00
Şuşaya sadiq əbədi məşəllər – Məktəblər və tədris mərkəzləri

 

 

 

Azərbaycanın rəşadətli ordusu bir aydan çoxdur ki, Vətən Müharibəsində qələbələri sıralamaqdadır. 4 şəhər, 3 qəsəbə, 180 kənd bu qısa müddətdə yağı tapdağından azad edilib.

 

AzEdu.az bu münasibətlə Qarabağ təhsili ilə bağlı silsilə yazılarını davam etdirir.

 

Bu dəfə Şuşa məktəbləri və Şuşa təhsilini haqqında qısaca da olsa, məlumat yazacağıq:

 

Orta əsrlərdən başlayaraq Azərbaycanda təhsil mollaxana, məktəb və mədrəsələrdə aparılıb. Şuşadakı İbrahim xan məscidi nəzdində əsası 1801-ci ildə əsası qoyulan məktəb də belələrindəndir. Bura XIX əsrin II yarısında da fəaliyyət göstərib. Mədrəsələrdə ərəb dili və Quran öyrədilirdi. Mirzə Şəfi Vazeh belə məktəblərdə dərs keçib.

 

Gövhəriyyə mədrəsəsi isə Şuşa şəhərində Gövhərağa məscidinin nəzdində fəaliyyət göstərib. 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məscidini əsaslı surətdə bərpa etdirdikdən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdı. Burda oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alıb. Bu məktəb el arasında "Gövhəriyyə məktəbi" adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsininin təşəbbüsü ilə pulsuz kitabxana zalı açıldı.

 

Zaqafqaziya məktəblərinin 1829-cu il  2 avqust tarixli Nizamnaməsinə əsasən, 1830-cu il dekabrın 30-da Şuşada Cənubi Qafqazın dünyəvi təhsil verən ilk qəza məktəbi fəaliyyətə başlayıb. O, dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılıb. Burada təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə, burada iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılmışdı.

 

Şuşa qəza məktəbinin birinci sinfinə ilk ildə 19 şagird qəbul olunub. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatıb və ikinci sinif də açılıb. Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilib. Tədris planına şəriət, qiraət, hüsnxətt, hesab, rus dili və Azərbaycan dili daxil idi. Bu fənlərlə yanaşı, kənd təsərrüfatı kursu keçilir və bağçılıq öyrədilməsi də nəzərdə tutulurdu. Açılış münasibətilə məktəbə ilk oxu üçün bəzi kitablar ianə edilib, Zaqafqaziya Məktəblər Direktoru Tiflis gimnaziyasından pulsuz olaraq bir sıra dərslik və tədris vəsaiti göndərib.

 

Məzunları Azərbaycan maarifi, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynayan Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirib və yerini Şuşa şəhər məktəbinə verib. Buranı bitirənlərdən bir çoxları - Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov və başqaları - sonralar Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil oldular. Şuşa sakinləri məktəblərdə ana dilinin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan Şuşa məktəbinin müəllimləri Mirzə Həsən bəy Əmirov və Mirzə Aslan bəy Əmirov ana dilinin uğurlu tədrisi sahəsində çox məşhur idilər. Fransız dili bölgə tacirlərinin Fransa ilə ticarət əlaqələri yaratması üçün zəruri idi və əhalinin əlavə vəsaiti hesabına tədris olunurdu.

 

Şəhər məktəbində təhsil pullu idi. Şuşada şəhər məktəbi açılarkən hər şagirddən alınan illik təhsilhaqqı 5 manat idisə, bu məbləğ 1876-cı ildə 8, 1878-ci ildə isə 12 manat olmuşdu. Pedaqoji Şuranın qərarı ilə kasıbların təhsil haqqından azad edilməsinə baxmayaraq, şagirdlərin böyük əksəriyyətindən təhsil haqqı alınırdı. Amma buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.

Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-da kasıb zadəgan övladlarının təhsil aldıqları konvikt təşkil edildi. Onlar dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar.

Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu.

1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada professional musiqi hazırlığı olan musiqiçilər nəslinin yetişməsində rolu əhəmiyyətli və danılmazdır.

Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi də yer aldı.

Həm təhsilin, həm də peşə öyrədilməsinin köməyi ilə öz həyat səviyyəsini və siyasi dünyagörüşlərini artıranlara qibtə ilə yanaşan tacir və sənətkarların da arzularını təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edildi.

Daim birinciliyinə görə diqqət mərkəzində duran Şuşa şəhər məktəbi əsrin sonlarına doğru mövqeyini itirməyə başladı. Təhsilin keyfiyyəti şəhər ictimaiyyətini razı salmadığından onların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli realnı məktəbin əsası qoyulub. Onun yaranması  şuşalıların təhsil ehtiyacından irəli gəlirdi. XIX əsrin 80-ci illərində Azərbaycanda cəmi bir real məktəb (Bakıda) və bir klassik progimnaziya (Gəncədə) fəaliyyət göstərirdi. Bu isə bir tərəfdən əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən isə sənayə və ticarətin artmaqda olan tələbini qətiyyən ödəmirdi. Bu tələb və ehtiyac Şuşada özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan tələb get-gedə artırdı. Şuşada progimnaziya təsisi sahəsindəki tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa-Qafqaz komitəsinə yazırd      

 

"Şuşa şəhər sakinlərinin təhsilə olan cildi-cəhdinə, (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və bu ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür".

 

Beləliklə, 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi ki, onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat xərclənmişdi.

 

 Çox zaman rus-tatar və ya digər ibtidai məktəbləri bitirən gənc məzunlar şəhər məktəbində hazırlıq keçir və ibtidai sinif müəllimliyinə imtahan verirdilər. Beləliklə, Şuşa şəhər məktəbi müəllim hazırlamaq vəzifəsini də yetərincə icra edirdi.

XX əsrin 20-ci illərindən başlayaraq məktəb çiçəklənmə dövrünə qədəm qoydu - 1927-1928-ci dərs ilindən etibarən yeddiillik məktəbə çevrildi və respublikanın ən yaxşı təhsil ocaqları sırasına daxil oldu. Məktəbin Ə.Abbasov, S.Ələsgərov, A.Kazımova kimi məşhur məzunları olub.

1937-1938-ci dərs ilindən Şuşa məktəbinə 1 nömrəli şəhər orta məktəbi adı verildi.

1966-cı ildə daha bir təhsil ocağı - 4 nömrəli orta məktəb yarandı.  1 nömrəli orta məktəb isə yeni binaya köçürüldü və Üzeyir Hacıbəyovun adını daşımağa başladı. Sovet dövründə məktəbin fəxri məzunlarından P.Rüstəmov, Sovet İttifaqı Qəhrəmanı X.Məmmədov, elmlər doktorları S.Rüstəmov,V.Yusifzadə, Ə.Rüstəmov, S.Tağıyeva və başqalarının adı fərqləndi.

 

1 nömrəli orta məktəb 1992-ci ilədək Şuşa şəhərində fəaliyyət göstərib. Bu dövrdə məktəbdə 24 fənn kabineti və laboratoriyaları, hərbi hazırlıq kabineti, 2 linqafon otağı, kitabxana, akt və idman zalı, yeməkxana mövcud olub. Şuşanın işğalı ilə əlaqədar məktəb müəyyən heyət və şagird kollektivi ilə 2015-2016-cı dərs ilinədək Bakı şəhəri Yasamal rayonu 38 nömrəli məktəbin binasında fəaliyyət göstərib.

 

Şuşa məktəblərindən biri də Malıbəyli Qızlar Məktəbi olub. Qori Müəllimlər Seminariyasının məzunu olan Məmməd Qarayevi Bakıdan təyinatla Şuşaya göndəriblər. Bu məktəbin təsisçisi də elə o olub. 23 yaşında dünyasını dəyişən Məmməd müəllimin kənddə hörməti o qədər böyük olub ki,Malıbəyli camaatı onun cənazəsini Xan bağına qədər çiynində aparıb. Sonra fayton tutub tabutu Qazaxa göndəriblər. Məmməd müəllim Malıbəylidə ilk dəfə qızlar məktəbi təşkil edib. Qadınların cənazə aparmağı qadağan olunsa da, kənd qadınları öz müəllimlərinin cənazəsinin altına çiyinlərini veriblər.

 

“Əgər oxumursansa, deməli, şuşalı deyilsən” – məşhur rus şairi Sergey Yeseninin bu kəlamlarında böyük həqiqət var. Doğrudan da, bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi.

 

Şuşada ilk musiqi məktəbi Xarrat Qulu Məmməd oğlu açıb. O, bu məktəbdə özünün düzəltdiyi müxtəlif musiqi alətlərində uşaqlara ifa etməyi öyrədib.

 

Kor Xəlifənin məktəbi 19-cu əsrin sonlarında Şuşada  fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi. Bura şəhərdə  xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılıb. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilirdi. Məktəbdə həmçinin tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə “Kor Xəlifə”nin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınıb.

 

Musiqini tədris edən müəsiisələrdən biri də 19-cu əsrin axırlarında Şuşada Molla İbrahimin yaratdığı musiqi məktəbidir. Bura da özündən əvvəl fəaliyyət göstərən musiqi  məktəbləri kimi dini xarakterli idi. Məktəbə yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı  gənclər seçilib götürülürdü. Məktəbdə  gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilirdi. 20-ci yüzilliyin təxminən iyirminci illərinə qədər fəaliyyətini davam etdirib.

 

1992-ci ildə Şuşanın işğalından sonra buradakı məktəblər dağıdılıb. Hazırda Şuşada 4100 erməni yşayır . Bu gün Şuşanın 164 şagirdlik 1əsas, 1 də ali məktəbi var. Düz 3 musiqi məktəbi fəaliyyət göstərir. İlk musiqi məktəbi işğaldan cəmi 6 ay sonra, boş qalmış məktəblərimizdən birində yaradılıb. 2002-ci ildə şəhərin mərkəzindəki binaların biri “Şuşi Musiqi məktəbi”nə çevrilib. Erməni uşaqlarına burada piono, skripka, kanonla yanaşı “duduk” çalmağı da öyrədirlər.