Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-30 15:26:00
DİM-in fəaliyyəti ABŞ-ın Kaliforniya Dövlət Universitetinin (Fullerton) saytında işıqlandırılıb

Dövlət İmtahan Mərkəzinin ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə həyata keçirdiyi “Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsi 3 mərhələdən ibarət layihədir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, layihənin 24 avqust – 6 oktyabr tarixlərini əhatə edən I mərhələsi uğurla tamamlanıb.

 

Qeyd edək ki, layihənin eksperti “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin də eksperti olan, eləcə də DİM-in buraxılış və xarici dil fənni üzrə doktoranturaya qəbul imtahanlarının təkmilləşdirilməsi ilə bağlı Mərkəzə öz töhfəsini verən Nathan Carrdır. Carr Kaliforniya Dövlət Universitetinin TESOL üzrə professoru və TESL proqramının kordinatorudur.

 

Nathan Carr ötən günlərdə “Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsinin I mərhələsinin uğurla tamamlanması barədə Kaliforniya Universitetinin mətbu orqanına müsahibə verib. Məqalədə layihənin məqsədləri, layihədə iştirak edən tərəfdaşlar barədə geniş məlumat verilib. Ekspert xüsusilə qeyd edib: “İştirakçılardan çox təsirləndim - qrupda son dərəcə professional insanlar var idi və onlarla işləmək çox xoş idi. Pandemiya ilə əlaqədar olaraq layihənin I mərhələsi onlayn - Zoom platforması üzərindən həyata keçirilməli oldu. Azərbaycan və Ermənistan arasındakı müharibə təlimin son həftəsindən əvvəl başladığına görə layihə iştirakçılarının onlayn görüşlərə qoşulmasında müəyyən çətinliklər yarandı. Belə ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq internetə müəyyən məhdudiyyətlər tətbiq edilmişdi. Onlayn işləmək üçün kifayət qədər iştirakçının yığılmasında çətinliklər yaranırdı. Görüşlərə başlayanda həmişə solğun üzlər görürdüm. İştirakçı xanımlardan birinin qardaşı ehtiyatdan cəbhəyə çağırılmışdı. Digəri 22 yaşlı oğlunun döyüşə çağırılmağını necə səbirsizliklə gözlədiyini ifadə edirdi. Bunlar sadəcə insanların paylaşdığı hekayələr idi. Amma yenə də layihənin bütün məqsədlərini qrafikə uyğun tamamlaya bildilər!”

 

Müsahibənin əsli ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

 

http://hss.fullerton.edu/news/moreNewsFlash.aspx#top

 

“Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsi barədə əlavə məlumat əldə etmək üçün aşağıdakı keçidləri ziyarət edə bilərsiniz:

 

http://dim.gov.az/news/5628/?sphrase_id=921677

http://dim.gov.az/news/5770/?sphrase_id=921677

http://dim.gov.az/news/5857/?sphrase_id=921677