Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 11:13:00
“Azərbaycan elektron dərsliklərə keçiddə çox geri qalır” - Ekspertdən TƏKLİF

“Mən bunu yüksək qiymətləndirir və ümid edirəm ki, Azərbaycan da dövrün tələblərini qarşılayacaq.  Texnologiyalardan istifadə zəruridir. Bu islahatları hətta gecikmiş hesab edirəm”.

Bu sözlərti AzEdu.az-a açıqlamasında təhsil eksperti Elnur Hacıyev deyib. O, Rusiyada elektron dərsliklərə keçirilməsi haqda imzalanan sərəncamı xatıradaraq, ölkəmizin bunun üçün gecikdiyini deyib:

“Rusiyada baş verən islahat, yəni tamamilə elektron dərsliklərə keçirilməsi dövr və zaman etibarilə gecikmiş prosesdir. Bunu daha tez tətbiq edən ölkələr var. O cümlədən, Azərbaycan da buna qoşulmağı düşünürsə, gecikib.

İnformasiya və kommunikasiya texnologiyaları ilə bağlı olan bütün islahatlar ciddi vəsait tələb edir. 20-ci əsrin 70-ci illərində ABŞ-da innovasiya və yeniliklərlə bağlı bir inkişaf sezilirdi. Mütəxəssislərin əksəriyyəti düşündü ki, birazdan hər bir vəsait, maddi-texniki baza, infrasturukturda informasiya-kommunikasiya texnologiyaları tətbiq olunacaq.  Parta, lövhələrin sensor olacağını, bir sıra işlər görüləcəyini deyirdilər. XX əsrin əvvəllərində yaşayır və görürük ki, hələ də köhnə lövhələrdə təbaşirlə yazan məktəblərimiz var. Düzdür, daha irəli gedən və mimyo, promethean interaktiv   lövhələrdən də istifadə edən məktəblər az deyil. Təhsildə informasiya texnologiyaları təchizatı ilə bağlı müəyyən şərait də var. Yəni, bu proses amerikanların 1970-ci illərdə düşündüyü kimi tam-tamına baş verməyib”.   

O, elektron kitablara keçməyin gətirəcəyi avantajlardan söz açıb:

“Hər şeyin elektronlaşması və virtual aləmə keçid kitablara da təsir edib. Hazırda biz adi və elektron resurslardan istifadə edirik. Dövr bu vəsaitləri tələb edir və onlardan istifadə dərsin səmərəli, effektli olması üçün bizə kömək edirsə, təbii ki, buna keçmək zəruridir. Azərbaycanda bunun tətbiq olunmasına gəldikdə isə, düşünürəm ki, elektron dərsliklərə keçirilməsi şagirdlərin ağır çanta yüklərini azaldacaq. Bir neçə kiloqram ağırlığında çanta artıq  yüz qramlıq planşetlə əvəz olunacaq.
Bunun əhəmiyyəti ondan ibarətdir ki, materiallar daha çevik yığmaq olur. Adi kitab versiyasında bunlar yığılmalı, dizayn edilməli, mətbəəyə verilməli, çap olunmalıdır. Bu, uzunmüddətli prosesdir. Elektron vəsaitlərin hazırlanması isə az vaxt tələb edir. Hər il dərsliklərdə müəyyən səhvlər, korreksiya işləri, yeniliklər olur. Elektron vəsaitdə bunların həyata keçirilməsi daha asandır”.

Elektron kitabların bəzi problemlər yaradacağını deyən ekspert bunun oflayn rejimdə həyata keçirilməsini təklif edib:

“Etirazım ondadır ki, burada vəsaitlərin yüklənməsi onlayn və oflayn rejimdə ola bilər. Bu elektron vəsaitlər planşetlərə yüklənərsə, mən bunun oflayn baş verməsinin tərəfdarıyam. Çünki onlayn olanda şagirdlərin sırf  həmin vəsaitlərdən istifadə edəcəklərinə ciddi şübhəm var. Yalnız onlara lazım olan vəsaitlərin orada toplanması daha məqsədəuyğun olardı.  Onlayn olduqda şagirdlər internetə girəcək, dərsin effektivliyini aşağı salacaqlar. Amma Azərbaycanda bunun tətbiqini zəruri hesab edirəm. Çünki İKT əsridirsə, dövrün tələbini geri çevirmək olmaz. Tədrisin effektiv olmasını hədəfləyən hər şeyin tətbiq olunmasının  tərəfdarıyam.

Digər tərəfdən isə kitab oxuyanda insan xüsusi zövq alır. Hansısa planşetdən oxuyanda bu zövq hiss edilmir. Elektron oxumaq çətindir, gözü yorur. Adi kitab oxumaqla elektron kitab oxumaq arasında ciddi fərq var. Bunu hamı hiss edib. Kitab dah xoş və zövqvericidir. Amma o demək deyil ki,bu tətbiq olunmamalıdır. Mən dövrün tələbini nəzərə alıb həm metodiki, həm də psixoloji baxımdan elektron kitabların tətbiqini məqbul hesab edirəm”.

O, elektronlaşmanın tətbiqini gecikmiş hesab etdiyini bildirib:

“Elektron dərsliklərə keçid dərsin effektivliyini artıracaqsa, təbii ki, şagirdlərin nəticələri də yüksək olacaq. Təlim nailiyyətlərinin artması təhsilin keyfiyyətini də yüksəldəcək.  Bu, ölkə təhsilinin inkişafı deməkdir. Mən bunu yüksək qiymətləndir və ümid edirəm ki, Azərbaycan da dövrün tələblərini qarşılayacaq.  Texnologiyalardan istifadə zəruridir. Bu islahatları hətta gecikmiş hesab edirəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları