Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-29 09:12:00
Təhsil Nazirliyi yanında İctimai Şura sədrindən “Təhsilə yeni baxış” - Ekspert təhlili     

 

Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutun tərəfdaşlığı ilə Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Təhsilə yeni baxış” adlı məqaləsinin tezisləri ətrafında aparılan müzakirələr barədə bəzi mülahizələrimi bölüşmək hesab edirəm ki, mövcud şəraitdə təhsilə yeni yanaşma baxımından geniş təhsil ictimaiyyəti üçün də maraqlı olar. Belə ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin də qatıldığı  onlayn formatda keçirilən müzakirələrdə xüsusi diqqət ona yönəldilib ki, Şura sədrinin məqaləsində qeyd edilən əsas tezislərdən biri məhz vətənpərvərlik olduğundan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təkmilləşdirmə işlərinin aparılması tapşırıq kimi qarşıya qoyulan vəzifələrdən biri olub, müzəffər ordumuzun rəşadətli qələbələri fonunda xüsusi aktuallıq kəsb edir.

 

Professorun uzunillik təcrübəsinə və tarixi faktlara əsasən gəldiyi qənaətinə görə kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma ola bilməz. Çünki, kamil insanlar problemləri güclə yox, ağılla həll edərlər. Cəmiyyəti bu istiqamətdə aparmaq üçün  təhsilin ali məqsədi  kamil insan yetişdirmək olmalıdır. Kamilliyin meyarı olaraq ictimai mənafenin şəxsi mənafeyə olan nisbətin götürmək olar. Təhsil vasitəsi ilə kamilliyi artırıb və ya azaltmaq mümkündür. Bunun üçün təhsilə baxış dəyişməli, təhsilin paradiqması yenilənməlidir. Təhsil düzgün qərarlar qəbul etmək səriştəsi formalaşdırmalı, təhsil prosesinin iştirakçıları cəmiyyətin və bəşəriyyətin inkişafına töhfə kimi dəyərləndirilməlidir.

 

Bu baxımdan sosial fenomen kimi təhsilin özünə baxış dəyişməlidir. Biz də təhsilə məqsəd kimi yox, vasitə kimi baxmalıyıq. Yəni, ümumi halda təhsil fenomeninə baxış, xüsusi halda təhsilverənə və təhsilalana münasibət dəyişməlidir. Gənclərə elə təhsil verməliyik ki, onlar gələcəkdə içərisindən keçdikləri hadisələrlə bağlı düzgün qərarlar qəbul edə bilsinlər. Hadisələrin, proseslərin obyekti yox, subyekti olsunlar. Təhsil düşüncəni kamilləşdirməlidir,  gənclərə vətəni sevmək, şərəflə yaşamaq keyfiyyətəri təhsilalanlara öyrətməlidir. Vətənpərvərliyin açarı təhsilin məzmunundadır. 

 

Gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axmasının qarşısını almaq üçün qəbul imtahanları çox sadələşdirilməlidir. Ali məktəblərin girişində test yumşaq, çıxışında isə ciddi aparılmalıdır. Başqa sözlə, ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdır. İndiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Ən azı ona görə ki, təyinat yoxdur.  Abituriyentlərə ixtisas seçimi azadlığı verilməlidir. Ali təhsildə liberal qaydalara üstünlük verilməlidir. Dövlət universitetləri ilə özəl universitetlər arasında rəqabət yaratmaq üçün, vahid dövlət nişanlı diplomdan imtina edilməli və hər bir özəl məktəb öz diplomunu verməlidir. 

 

Vacib tezislərdən biri  müəllim əməyinin layiqincə qiymətləndirilməsi ilə bağlıdır.  Müəllimlərin təqaüd məsələsinə də baxış dəyişməlidir. Fiziki və əqli əməklə məşğul olanların təqaüd məsələsinə baxış eyni cür olmamalıdır. Belə ki, fiziki əməklə məşğul olanların enerjisi yaşa dolduqca tükənir. Əqli əməklə məşğul olanların enerjisi, əksinə, yaşa dolduqca artır. Praktiki həyatda bu fərqi nəzərə almaq lazımdır. Məktəb dəyərli müəllimlərin təqaüdə çıxmasına maraqlı olmamalıdır. Məktəb həm də psixoloji laboratoriyadır. Milli birliyin, vətənə sevginin, milli ruhun rüşeymləri məktəbdə formalaşır.   

 

Tezislərdə koronavirus dövründə təhsilin təşkili məsələləri də geniş yer alıb. Ölkəmizdə təhsilalanların sayı 1,6 milyon, təhsilverənlərin sayı 150 min nəfərdir. Ali məktəbdə təhsil alanlarımızın sayı təqribən 100 min nəfər, alim və müəllimərin sayı 30 min nəfərdir. Hər bir təhsil alanın valideynlərini də nəzər alsaq, görərik ki, Azərbaycan cəmiyyətinin yarısı təhsil qayğıları ilə yaşayır. Başqa cür ifadə etsək, cəmiyyətimiz təhsil oxu ətrafında fırlanır. Əgər biz bu hərəkəti dayandırsaq, faciəvi hadisələrlə qarşılaşa bilərik. Bu səbəbdən biz istənilən pandemiya şəraitində təhsil verməyi bacarmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə ciddi əməl etməklə, ənənəvi üsulla təhsili hökmən davam etdirməliyik.

 

Müzakirəni açan Təhsil nazirinin müşaviri Elnur Nəsibov, müzakirələrdə   çıxış edənlərdən Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti  icra edən Anar Nağıyev, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, şöbə müdirləri Piralı Əliyev, Akif Abbasov, Hümeyir Əhmədov, İntiqam Cəbrayılov, Təhsil Nazirliyi yanında İctimai şuranın katibi  İlqar Orucov, təhsil eksperti Qoşqar Məhərrəmov, təhsilin idarə olunması ixtisası üzrə mütəxəssis Cəfər Mənsimi və digərləri tezislərinin fəlsəfi və praktiki baxımdan müzakirəsinin vacibliyini qeyd edərək, tariximizin şərəfli səlnaməsinin yazıldığı vaxtda təhsillə bağlı vacib məsələlərin müzakirəsinin davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, təhsillə bağlı yazılan məqalənin nazirlik tərəfindən müzakirəyə çıxarılmasını təhsilə yeni yanaşmanın bir aspekti kimi dəyərləndiriblər.

 

Sonda Təhsilin məzmununa baxışın dəyişilməsinin vacibliyini vurğulayan məqalənin müəllifi Şahlar Əsgərov müzakirənin təhsilə olan dəyərin göstəricisi olduğunu bildirərək təşkilatçılara təşəkkür edib. İki saatdan artıq davam edən müzakirələrin əsas qayəsi ondan ibarət oldu ki, təhsil milli-bəşəri dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Təhsilin missiyası keçmiş nəsillərin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq, düzgün qərarlar qəbul etmək bacarığını gənclərə öyrətməkdir. Təhsilin məzmunu elə mükəmməl olmalıdır ki, özünü yox, milləti sevən gənclər yetişsin,  məzunlar şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar.  Öz tarixini bilməyən gəncdən vətənpərvər olmaz

 

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini