Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-29 09:00:00
4 şagirdi şəhid olan Samirə müəllim: “Mübarizin sinifdəki portretinə hərbi salam verirdilər” -FOTO

 

 

“Doğulduqları gündən ürəklərində olan vətən sevgisi də onlarla bir yerdə böyüyüb”

 

Bu sözləri AzEdu.az-a müsahibəsində Cəlilabad rayon Göytəpə şəhər  1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Samirə  Əmrahova deyib.

 

Hazırda gedən döyüşlərdə - Vətən  Müharibəsində - vaxtilə dərs dediyi 4 şagirdi şəhid olan Samirə müəllim

 

“Özümü xoşbəxt müəllim hesab edirəm ki, bu günə qədər dərs dediyim hər bir şagirddə vətənpərvərlik duyğusu, vətənə sevgi yüksək olub. Açığı bu sevgini aşılamağa ehtiyac da duymamışam. Çünki onlar doğulduqları gündən ürəklərində olan vətən sevgisi də onlarla bir yerdə böyüyüb.

 

“Aprel döyüşləri”ndə olduğu kimi, bu gün gedən döyüşlərdə də dərs dediyim şagirlərin ən yüksək bal toplayanından ən zəif oxuyanına qədər hər biri iştirak edir.

 

Onlardan ağır yaralananlar,  qolunu, ayağını itirənlər də var. Bizə ən çox təsir edən isə  öz balamız kimi gördüyümüz, gözümüzn önündə böyüyən uşaqların şəhid xəbərlərinin gəlməsidir.  Dərs dediyim 4 şagirdin, 4 balamın şəhid xəbərinin gəlməsi mənim üçün çox ağır oldu. Murad, Ümidvar, Elçin, Zaur bu uşaqların hamısı biri-birindən vətənpərvər  idilər”.

 

 “Ona  deyərdim ki, səndə ki bu bacarıq var döyüşə getsən ermənilərə qan uddurarsan”

 

19 yaşında şəhadətə qovuşan Ümidvar Qasımzadə haqqında danışan müəllimi, onun çox bacarıqlı gənc olduğunu qeyd edir. Ümidvar eyni zamanda ağır atletika üzrə ölkə çempionu olub:

 

“Ümidvar məktəbi keçən il bitirmişdi. O, elə həqiqi hərbi xidmətdə olanda  müharibəyə yollanmışdı. 19 yaşında şəhidlik zirvəsinə yüksəldi.

 

Ümidvar ağır atletika üzrə ölkə çempionu idi. Ən böyük arzusu da dünya çempionu olub bayrağımızı yüksəklərdə dalğalandırmaq idi. Amma özü ən yüksək zirvəyə ucaldı. 

 

Şəhid olacağını sanki əvvəldən də hiss edirdi. Dostları ilə də danışarkən həmişə bunu deyirdi. Dərsdə çox vaxt ona  deyərdim ki, səndə ki bu bacarıq var döyüşə getsən, ermənilərə qan uddurarsan. Elə dediyim kimi də oldu. Ümidvar şəhid olana qədər döyüşməyi qət edirdi. Dediyini də etdi”.

 

 

“Feldşer kimi yaralı əsgərlərə kömək etmək istəsə də Füzuli istiqamətindəki döyüşlərdə əsgər kimi şəhadətə qovuşdu”

 

Elçin  İsmayılov  haqqında məktəb xatirələrindən söz açan  müəllim onun canını həmişə qorumasından danışdı.  Elçin feldşer olmaq istəsə də əsgər olaraq Füzuli istiqamətindəki döyüşlərdə şəhid olur:

 

“Elçin 2012-ci ildə  məktəbi bitirib. Onun çoxlu hərbi feldşer dostu vardı. Onlarla döyüşlərdən əsgərlərə göstərilən tibbi yardımlardan və s. danışardılar. Hərbidən, döyüşdən heç vaxt qorxmurdu. Elçin özü də feldşer olmaq istəsə də qəbul ola bilməmişdi.  Hərbiyə olan sevgisi onu yenidən ordu sıralarına qaytardı. Feldşer kimi yaralı əsgərlərə kömək etmək istəsə də, Füzuli istiqamətindəki döyüşlərdə əsgər olaraq  şəhadətə qovuşdu. Ondan geriyə iki azyaşlı övladı qaldı.

 

Elçin haqqında ən maraqlı xatirələr onun özünü qorumasıyla bağlı idi. Necə deyərlər canı çox şirin idi. Qalın geyinər, çox az  soyuq olduqda belə sinifdə gödəkcəsini papağını çıxarmazdı.  “Elçin istidir axı, heç olmasa, papağını çıxar”.  desəm də, “Mənə soyuqdur”, deyib elə papaq, gödəkcəylə dərsdə oturardı. İdmanından da qalmazdı. Hər axşam idmana gedərdi”.

 

Zaur İsmayılzadənin həm də sinif rəhbəri olan Samirə müəllim onun haqda xatirələrdən daha təfsilatilə danışdı:

 

 

“Vətənpərvərlik Zaura ailədən gəlir. Onun həm anası həm də atası hərbçidir. 1992-ci ildə Lənkəranda doğulsa da valideynlərinin işi ilə əlaqədar Cəlilabada köçüb N saylı hərbi hissənin şəhərciyində yaşayırlar. Zaur təhsilini bizim məktəbdə alırdı. Zaurun həm də sinif rəhbəri olduğum üçün onu daha yaxından tanıyıram.

 

Elə məktəb vaxtdan olduqca vətənpərvər şagird olub. Mübariz İbrahimov şəhid olanda onun şəklini sinfin divarında asmışdı. Hər dərsə gələndə Mübarizə əsgər salamı verib sinfə girərdi. O vaxtdan Zaurun ən böyük arzusu müharibədə iştirak etmək, vətəni düşməndən azad etmək, tökülən qanların qisasını almaq idi. Digər sinif yoldaşları universitetə, o isə  hərbiyə hazırlaşardı.  Bu sevgisi onu  Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətini bitirdikdən sonra yenidən hərbiyə qaytardı.

 

Məzun olduqdan sonra da ildə heç olmasa, iki-üç dəfə məktəbə gələr, müəllimləri ilə görüşərdi. Hər gələndə mənə əsgər salamı verər, sinifdəki uşaqlara vətənpərvərlik dərsləri deyərdi. Bir nüansı da qeyd edim ki, o müharibədən heç vaxt qəmli danışmazdı. Əksinə olanları gülərək şərh edərdi.

 

Hər dəfə deyərdi ki, “Tanrıdan bir arzum var. O da şəhid olub cənnətə getməkdir. Bu dünyada onsuz da cəhənnəmi görmüşəm”, dostlarının şəhid xəbəri Zaura cəhənnəm ağrısı kimi gəlirdi. Yaşıdları ilə bir yerdə əylənərkən belə - “ indi burda deyib-gülür, əylənirik. Amma bir gün burdakılardan kim bilir neçəsi evinə şəhid kimi qayıdacaq”- deyərdi. 

 

Zaur Aprel döyüşlərində də iştirak edib qəlpə yarası almışdı. Bu döyüşlərdə dostu Qoşqar Hacıyevin şəhid olması ona çox ağır təsir etmişdi. Sanki hiss edirmiş ki, “ tezliklə mən də onun yanına gedəcəm” deyirdi. Elə dediyi kimi də oldu. 25 yaşında II Qarabağ müharibəsi döyüşlərində şəhid oldu.

 

Biz onun ailəsinə başsağlığı verməyə gedəndə atası heç evdə deyildi. Özü də döyüşdə olduğundan oğlunun şəhid olmasından xəbərsiz idi”.