Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-28 09:57:00
Buraxılışla qəbul imtahanları birləşdirilməlidir?- "Buna hələ ləngimişik" - Ekspert        

 

Deputat Aqiyə Naxçıvanlının Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı bu tədris ilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək barədə təklif irəli sürüb. Təhlif təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, ekspert  Nadir İsrafilov  AzEdu.az-a açıqlamasında deputatın imtahanlarla bağlı təklifini dəyərləndirib:

 

 

 

Deputatın“Heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin” çağırışına onu əlavə edə bilərəm ki, təkcə bu tədris ilində deyil, ümumiyyətlə buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçiddə xeyli ləngimişik. Dünyanın bir çox aparıcı ölkələrində neçə illərdən bəridir ki, bu model uğurla həyata keçirilir. Baxmayaraq ki, Azərbaycan təhsilində də bu sistemə keçid məsələsi uzun illərdir müzakirə predmeti olaraq qalır.

 

Razılaşaq və qəbul edək ki,  təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, “ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK,  sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada bu əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çeviklik göstərməsi üçün imkanları heç də az deyil.

 

Bir də ki, belə bir keçid ölkəmizdə təhsilin hamı üçün əlçatan olması kursunun əsas götürüldüyünü nəzərə almaq, xarici ölkələrlə adam başına düşən ali təhsillərin sayına görə rəqabəti gücləndirmək, bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək, ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, başqa sözlə, daha konkret desək eyni adamın, eyni biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola bilər.

 

Yəqin ki, bir çoxları  hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibətini, məzunların  bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı 2 il vaxt tələb olunacaq barədə  ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə bəyanatını  xatırlamamış deyillər.

 

Düzdür, bu istiqamətdə müəyyən addımlar da atılmamış deyil. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şərti ilə (300+400) tətbiq olunan yeni model məhz bu cəhətdən faydalı oldu ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınır. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynadı. Deməli, bu istiqamətdə daha irəli getmək üçün  təməl artıq hazırdır.

 

Qiymətləndirmə təhsil prosesinin mühüm tərkib hissəsi olduğu, Respublikamızda qiymətləndirmə üzrə yeni konsepsiyanın yaradılmasına ehtiyac duyulduğu nəzərə alınaraq Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. Sadəcə olaraq prosesi sürətləndirmək lazımdır. Çıxış yolunu buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçməkdə görürəm. Bu, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında uzun illərdən bəri davam edən qarşılıqlı ittıhamlara son qoymaqla yanaşı, həm də məzunlarımızı əlavə yükdən, vaxt itkisindən və psixoloji gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər.

 

Onu da əlavə etmək yerinə düşər ki, ötən həftə Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutun tərəfdaşlığı ilə Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Təhsilə yeni baxış” adlı məqaləsinin tezisləri ətrafında Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin də qatıldığı  onlayn formatda keçirilən müzakirələrdə əsas tezislərdən biri məhz vətənpərvərlik olduğundan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təkmilləşdirmə işlərinin aparılması ilə yanaşı, gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axınının qarşısını almaq üçün qəbul imtahanlarının sadələşdirilməsi, indiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac olmaması, abituriyentlərə ixtisas seçimi azadlığı verilməsi, ali təhsildə liberal qaydalara üstünlük verilməsi kimi məsələlərlə bağlı geniş təkliflər paketi hazırlanıb.