Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 13:05:00
“Qəbul imtahanına ehtiyac yoxdur, uşaqlar həyəcanlanır, xəstələnir...” – Sosioloqdan gözlənilməz təklif  

Sabah orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.

Bəs buraxılış imtahanları  bu gün nə dərəcədə əhəmiyyətlidir və bu imtahanlar dünya təcrübəsində də varmı?

Sosioloq alim, professor Əhməd Qəşəmoğlu bildirib ki, istər buraxılış, istərsə də qəbul imtahanında kifayət qədər keyfiyyət dəyişikliyi olmalıdır:

“Hər iki proseslə  yaxından tanışam. Elə bir sistem təklif etməliyik ki, orta məktəbi qurtaran uşaqların taleyi yalnız imtahanda aldığı qiymətlərlə  həll olunmasın. Mənim təklif etdiyim  təhsil konsepsiyasında  bununla bağlı bəndlər var. Konsepsiya belədir: aşağı siniflərdən  bilməliyik ki, kimin hansı sahəyə bacarığı daha çoxdur. Ona görə də buraxılış imtahanları yekun olmalıdır. Və bu imtahanlara qədər şagird haqqında fikir müəyyənləşməlidir. Orta məktəbin ən böyük nailiyyəti yüksək qiymət alıb, ali məktəbə girmək olmamalıdır. Bu dəqiqə Azərbaycanda anormal bir vəziyyət var: ali məktəbə girmək sanki qeyri-adi hala çevrilib. Universitetə girməyən gənc bir çox hallarda özünü  bədbəxt hesab edir, hətta intihar edənlər olur. Təklif etdiyim təhsil konsepsiyası həyata keçirilərsə, uşaqlar IV-V sinifdən başa düşər ki, hansı peşə üzrə mütəxəssis olsa, daha nüfuzlü, hörmətli, hətta maddi gəliri daha çox olan biri olar. Bu şəkildə olanda orta məktəbdə bütün nəticələri son imtahanlara görə müəyyənləşdirmək aradan çıxır”.

Ə.Qəşəmoğlu müəllim kimi müşahidələrinə əsasən, ali məktəbdə  tələbələrin  oxumadığını qeyd edir:

“Həmçinin sosioloq olduğuma görə araşdırıram ki, bunlar niyə oxumur? Orta məktəbdə belə bir psixoloji vəziyyət yaranıb ki, şagird özünü valideynə, valideyn isə qonşulara, qohumlara isbat eləməyə çalışır. İstəyir, sübut etsin ki, onun uşağı ali məktəbə girə bilər. Buna görə boğazından kəsir, repetitor yanına göndərir ki, bu uşaq bal toplayıb universitetə girsin. Amma 500-dən artıq bal toplayanlar var ki, onlar qəti oxumurlar. Hansı tərəfdən yanaşıb görürsən ki, oxumaq istəmirlər. Təhsil sistemini elə şəkildə qurmalıyıq ki, formallıq xatirinə, valideynə, qohumlara isbat etmək üçün universitetə girmək, saxta diplom almaq vəziyyəti ortadan götürülsün. Azərbaycanda indi ali məktəbdən alınan diplomların ən azı üçdə iki hissəsi “saxta”dır, əslində,   həqiqi və qanuni  diplomlar olsalar da,  onların arxasında duran təhsili tələbə öz almayıb. Formal olaraq bal toplayıb, universitetə girib, ali məktəb də onları saxlayıb ki, ödəniş etsinlər. Ona görə Azərbaycan öz ixtisasına uyğun olmayan mütəxəssislərlə doludur. Təhsil sistemimizdə başdan-ayağa böyük bir problem var. Məktəbin borcudur ki, 11 ildə müəyyənləşdirsin ki, uşağın bacarığı nədir. Tez-tez dediyim bir şey var, hətta onunla bağlı şeirim də var. “Məhkəmə” adında şeirdir. Hər kəs uşaqlarını gözündən öpüb, bir dəstə çiçəklə I sinfə gətirir. Onların terrorist, xuliqan, oğru, əxlaqsız işlərlə məşğul olması üçün deyil, layiqli övlad yetişməsi üçün gətirirlər. Demək, məktəbin borcudur ki, valideyn, cəmiyyət və vətənin bu ümidlərini doğrultsun”.

Professorun sözlərinə görə, bütün iş sondakı  buraxılış imtahanının nəticələrinə yönəlir. Bu  çox absurd bir şeydir. Buraxılış imtahanlarında alınan qiymətlər heç məktəbin özünün deyil, repetitorların nailiyyətidir.

“Çünki  yuxarı siniflərdə uşaqların çoxu repetitor yanına gedirlər. Əgər  məktəbdə bir sinifdən 60-70% uşaq universitetə giribsə, bu o demək deyil ki, məktəb yüksək səviyyədə dərs verir. Demək, həmin məktəbdəki valideynlərin imkanı var ki, uşaqlarını repetitor yanına daha çox göndəriblər. Orta məktəblərdəki buraxılış imtahanları bu şəkildə çox absurd və arzuolunmaz bir vəziyyətdədir. Buraxılış imtahanlarını yenə keçirmək olar,  amma onlara taleyi həll edən bir şey kimi baxmaq doğru deyil. Bir çox ölkələrdə təbii ki, buraxılış imtahanları var. Elə yerlərdə buraxılış imtahanlarındakı qiymət nəzərə alınaraq qəbul imtahanı keçirilmir.

Buraxılış imtahanına inanılası təhsil sistemi qursaq, obyektivliyini bilsək, onda bu boyda qəbul imtahanına nə ehtiyac var? Əgər 11 ildə bir uşağı aydınlaşdıra bilmiriksə, riyaziyyat, ədəbiyyatdan qiyməti nədir, bir dəfə qəbul imtahanı keçirməklə nə bilmək olar? İmtahanda bəzi uşaqlar həyəcanlanır, bəzisi xəstələnir. Heç özlərinə uyğun bal da toplamırlar. Biz 11 il uşağı müəyyənləşdirmək prosesini bir tərəfə qoyub ,iki dəfə imtahan verməyə yönəlirik. Təhsil sistemi elə olmalıdır ki, buraxılış imtahanları verilsin, qəbul imtahanları isə olmasın”.

Qeyd edək ki, növbəti tədris ilindən universitetə giriş balları həm buraxılış, həm də qəbul imtahanları nəticələrinə əsasən müəyyən olunacaq.