Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 11:24:00
"Pray for Ganja", "Stop Armenia Terrorism" həştəqləri ilə trend olan gənclər AzEdu.az-a danışdı - İnformasiya müharibəsi

 Hazırda ön cəbhədə olduğu kimi informasiya cəbhəsində  də  şiddətli müharibə  davam edir. 

 

Əksəriyyəti tələbə olan bir çox azərbaycanlı gənc sosial şəbəkələrdə  "Pray for Ganja", "Stop Armenia Agression", "Stop Armenia Terrorism" və başqa  bir çox həştəqlər başladaraq dünya trendinə daxil olmağı bacarıblar.

 

Bir neçə gün bundan öncə Gəncəyə hücum baş verdiyi zaman  təkcə "Pray for Ganja"  həştəqi  üzrə 1 milyon 240 min tvit atılıb. Bu sahədə onlar erməni işğalçılarının Azərbaycana qarşı törətdiyi cinayətləri, mülki əhalini hədəf almasını, ümumilikdə erməni terrorizmini dünyaya çatdırmağa çalışırlar.

 

AzEdu.az  bu gənc tələbələrin təşəbbüsünü yüksək qiymətləndirir və onların bir neçəsini təqdim edir:

 

BDU, Jurnalistika fakultəsinin III kurs tələbəsi Sadəgül Cəfərova və Xəzər Universiteti I kurs tələbəsi Paşayeva Nurlana komandaları  ilə birlikdə  keçirdikləri  aksiyanın  fəaliyyətindən  söz  açıblar:

 

“Aksiyanı təşkil etməyimizdə əsas məqsəd sosial şəbəkələr, daha çox da tvitter üzərində aktivlik nümayiş etdirərək bizə qarşı törədilən vandallığı, terrorizmi dünyaya çatdırmaqdır.

 

Çünki qarşımızda  elə bir millət var ki, öz saxta tarixlərləri haqqında uydurduqları  məlumatlara  əsaslanaraq  bizə zərbə endirməyə, dünyanın gözündən salmağa  çalışır.

 

Biz isə Azərbaycan gəncləri olaraq  bunun  qarşısını  almağa çalışırıq. Elə bu məqsədlə tarixi  faktlara  əsaslanaraq  müxtəlif dillərdə mətnlər hazırlayır və onları seçdiyimiz  həştəqlərlə sosial şəbəkələrdə, daha çox  tvitterdə yayımlayırıq.

 

Bununla  da Qarabağ  həqiqətlərini  bacardığımız qədər dünya mediyasına çıxarmağa  çalışırıq. Məqsədimiz  ermənilərin bizə qarşı törətdiyi soyqırımı və cinayətləri dünyaya  çatdırmaq, onlara gerçəyi göstərməkdir.

 

Dünya görsün ki, biz mülki əhaliyə toxunmuruq, ancaq ermənilərin tarix boyunca əsas hədəfi bizim mülki əhali olub.

 

Bu olanlara susmamaq,  arxa cəbhə olaraq  informasiya müharibəsində qalib olmaq, onlara qarşı mübarizə aparmaq üçün gənclərlə belə bir təşkilat yaratdıq. Ümumilikdə tarixi boyunca ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri tarixi faktlarla, qısa şəkildə dünyaya çatdırmaq istəyirik və inanıram ki, bunun öhdəsindən gəlirik.

 

Gənclər bu prosesə ilk olaraq iyul döyüşlərində necə başlamalarından bəhs ediblər;

 

 İlk olaraq belə toplaşmağımızın, sosial şəbəkələrdə aktivlik göstərməyimizin əsas səbəbi “İyul döyüşləri”  oldu. Hazırki proseslə o zaman arasında əsas fərq budur ki, ilk  zamanlarda  gəncləri bu məqsədlə bir yerə toplamaq o qədər də asan deyildi. Kimisi istəmirdi, kimisinin həvəsi yox idi. Ancaq sonradan  gənclərimiz  artıq  özləri də görürdü ki, buna  ehtiyac  var, sosial şəbəkələr üzərində aktiv olmağımız bizim üçün daha yaxşıdır.  Artıq getdikcə gənclərimiz özləri  bizə qoşulmaq, informasiya müharibəsində iştirak etmək üçün müraciət edirdi. Yəni əvvəlki aksiya ilə indiki arasında əsas əsas fərq  gənclərin indi daha aktiv olması, say etibarı ilə çoxluq təşkil etməsidir.

 

Bu mübarizəmizi ermənilərin sosial şəbəkələrdə bizə qarşı saxta iddialarının qarşısını alana, dünyanın   onlara deyil də bizə qarşı həyata keçirilən  terrorizm və vəhşiliyə inanmaları  üçün lazım olduğu zamana qədər davam etdirəcəyik.

 

“Ölkədə  internetin  məhdudlaşdıırlması  sizə nə kimi çətinlik yaradır?”- İnfirmasiya cəbhəsindəki savaşçıların bu suala cavabı maraqlı olur:

 

 

“İnternetin məhdudlaşdırılması bizə mənfi təsir göstərir. Çünki müxtəlif dillərdə mətnlər hazırlayır, fakt olaraq foto və videolardan  paylaşımlarda  istifadə etməli oluruq və bu zaman internet məhdudluğu səbəbindən  çətinlik yaranır. Təəssüf  ki, müharibə səbəbi ilə ölkədə  internetdən  istifadə  məhdudlaşdırılıb. Buna görə də  müxtəlif  proqramlarla  interneti aktiv saxlamağa çalışırıq ki, lazım olduğu zaman sosial şəbəkələrdə həqiqəti əks etdirməyən erməni iddialarını  ifşa edə, onları susdura bilək. Twitter üzərində isə biz təyin etdiyimiz  vaxtda ümumi paylaşımlar edirik. Əlbəttə, bunun özü bizə çətinlik yaradır, çünki internetin daha zəif olduğu zamanlara düşür. Nəzərə almaq lazımdır ki,  informasiya  müharibəsində qalib olmaq  üçün ilk  olaraq  güclü  internetə ehtiyac var.

 

Gənclər  aksiya zamanı  məruz  qaldıqları  virtual təxribata diqqət çəkiblər:

 

“Erməni  təxribatçıları  tərəfindən sosial şəbəkələrdə  hücumlara məruz qalırıq  və nəticə olaraq  səhifələrimiz bloklanır, bağlanır. Biz lazım olan faktları müxtəlif  dillərdə, əsasən rus və ingilis dillərində  dünyaya  çatdırmağa  çalışırıq. Onlar bizim yaymağa çalışdığımız məlumatların doğru olduğunu bilirlər və bunu  dünyanın öyrənməsindən qorxduqları üçün səhifələrimizi kütləvi  şikayət edərək, yaxud  blok etdirərək  paylaşımlarımızın qarşısını almağa çalışırlar. Ancaq biz geri çəkilmirik. Lazım gəldikdə eyni zamanda bir neçə  hesab və  səhifələr yaradaraq  informasiya  müharibəsini  uğurlu şəkildə davam etdiririk. Eyni zamanda bir xüsusiyyətləri də var ki, hər zaman hədə-qorxu  gəlirlər, təhdid edirlər. Dünya tərəfindən tanınan bir çox məşhur şəxslərin paylaşımlarına  insanların  məlumatlandırıması  məqsədi ilə rəy olaraq  məlumat və faktlar qeyd edirik.  Bu  zaman  onlar bizə hədə-qorxu gəlməyə çalışır, saxta iddialar ortaya atırlar. Ancaq biz bunlara məhəl qoymur və lazım olan şəkildə onlara cavab veririk. Sonda isə məğlub tərəf onlar olur.

 

Onlar Azərbaycan gəncini informasiya müharibəsində aktiv olmağa səsləyirlər

 

Hazırda biz  mənfur erməni xisləti ilə qarşı-qarşıyayıq. Bu  halda  Azərbaycan gənclərinə məsləhətimiz budur ki, sosial şəbəkələr üzərində,  xüsusi ilə də twitter  üzərində  gənclərimiz son dərəcə aktiv olsunlar. Çünki nəinki Ermənistan, eyni zamanda onlara dəstək olan digər  dövlətlərin  vətandaşları da  bizə  qarşı çıxaraq, əleyhimizə paylaşımlar edir, dünyaya səslənirlər.  Biz də bunlara qarşı çıxaraq sosial şəbəkələr, xüsusi ilə də facebook və twitter üzərində aktivlik göstərməliyik. Unutmayaq ki, əsgərlərimiz vətən üçün, bizim üçün  səngərdə  döyüşürlər, biz  də  informasiya müharibəsində qalib olaraq onlara dəstək ola bilərik.  Erməni yalanlarını  ifşa etmək, dünyanın gözünü açmaq  üçün gənclərimizdən böyük dəstək və aktivlik gözləyirik. Yalnız bizim qruplara qoşularaq  deyil, eyni zamanda özləri fərdi olaraq  paylaşım edərək  mübarizəmizdə bizə dəstək olsunlar. Azərbaycan gəncinə inanır və onlardan yüksək aktivlik gözləyirik.

 

Qeyd edək ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, erməni yalanlarını  ifşa etmək üçün qeyd etdiyimiz gənclərlə yanaşı bir çox gənclərdən ibarət qruplar vahid məqsəd ətrafında birləşərək  informasiya  müharibəsində yüksək aktivlik göstərirlər.

 

Qarabağ Azərbaycandır!