Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 14:27:00
“Sinifdənxaric oxu” -  Məmməd Arazın “Ayağa qalx, Azərbaycan”şeiri  -RUBRİKA-VIDEO

 

 

Hazırda cəbhə bölgəsində ordumuzun  həyata keçirdiyi  işğaldan azad  etmə əməliyyatları  uğurla  davam edir.

 

Bununla bağlı  AzEdu.az  təhsil portalı vətənpərvərliyin təhsil ictimaiyyəti və  gənc nəslə təbliğ və təşviqatı  məqsədi  ilə bu gündən etibarən yeni – “Sinifdənxaric oxu” adlı  rubrikaya  start  verir.

 

Rubrika  çərçivəsində  gündəlik  olaraq  məktəblilər üçün orta  məktəb dərsliklərində olmayan  vətənpərvərlik və müharibə mövzusunda poeziya, eləcə də nəsr nümunələrini oxuculara  təqdim ediləcək.

 

Məktəblilər AzEdu.az portalında hər gün vətənpərvərlik mövzulu gözəl şeir və nəsr nümunələrini oxuya biləcəklər:

 

Rubrikamıza  Xalq şairi Məmməd Arazın  “Ayağa qalx, Azərbaycan!”  şeiri ilə start veririk:

 

“Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa qalx, Azərbaycan, səninləyəm!

Səndən qeyri

biz hər şeyi bölə billik!

Səndən qeyri

biz hamımız ölə billik!

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul

                              oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

Çək sinənə-qayaları yamaq elə,

Haqq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!

Azərbaycan, Azərbaycan,

Azərbaycan bayrağını!

Ayağa qalx, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir!

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösöy tutan, nişanlı ər, səninləyəm!

Səninləyəm, qız atası,

Hanı nərən, hanı səsin!

Hanı andın!

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın!!!

Gözünü sil, Vətən oğlu,

                            ayağa qalx!

Üfüqünə bir yaxşı bax.

Sərhədinə bir yaxşı bax.

Sərhədinin kəməndinə  bir yaxşı bax!

Qalx, içindən qorxunu boğ,

Ölümünlə, qalımını ayırd elə.

Qalx, içindən qorxağı qov,

Qalx, özünü Bozqurd elə!

Bir səsindən min səs dinər,

Neçə-neçə daşa dönmüş dinməz dinər!

Oddan bitər, qandan bitər əyilməzlər!

Mərd oğullar-mərdliyilə öyünməzlər!

Torpaq altda ölümlüyə gömülməzlər.

Varım, yoxum, səninləyəm,

Azım, çoxum, səninləyəm,

Şirin yuxum, səninləyəm.

Yıxın məni söz atından,

Atın məni tank altına.

Əzin məni xıncım-xıncım,

Kəsmir əgər söz qılıncım,

Didin məni didim-didim,

Atın məni tank altına.

Qundaqdakı bir körpəni xilas edim.

Neçə "səni", neçə "məni" xilas edim.

Səninləyəm,

Sözü qəmli, özü dəmli

                      rəhbər adam!

1918-də vuruşurdu,

Danışmırdı rəncbər atan,

                        rəncbər atam!

Səninləyəm, haqq-ədalət, səninləyəm,

Milli qürur, milli qeyrət, səninləyəm!

Səpil quma, göyər yerdə, bit qayada,

Gizli nifrət, açıq nifrət, səninləyəm,

Oyat bizi, ey Yaradan, səninləyəm!

Ya bilmərrə yatırt bizi,

Ya bilmərrə oyat bizi,

Ya yenidən yarat bizi,

Ey Yaradan, səninləyəm,

Səninləyəm, yatmış vulkan,

Səninləyəm!

Ayağa qalx, Azərbaycan,

                               Səninləyəm!

 

 

 

Qarabağ  Azərbaycandır!