Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 15:56:00
“Vəziyyətin normal axara düşməsinə o qədər də çox vaxt qalmayıb”- Təhsil ekspertindən nikbin proqnoz

 

 

“Müəllim üç cəbhədə fəal mübarizə aparır - həm vətənpərvər gənclər yetişdirir, həm koronavirusla  əsgər kimi döyüşür, həm də vətənin müdafiəsində iştirak edir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O, təhsil ictimaiyyətinin hazırki vəziyyətdə apardığı mübarizədən bəhs edib:

 

“Hər şeydən əvvəl onu qeyd edim ki, müharibə şəraiti ilə əlaqədar yaranan müvəqqəti çətinliklər ordumuzun uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi fonunda xalqımızın ruh yüksəkliyini, vətənpərvərlik hissini bir qədər də artırmış olub. Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstək göstərilir. O da qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların sırasında təhsil işçiləri də az deyil. Təhsil ictimaiyyətinin nümayəndələri ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə edir, hər bir azərbaycanlının döyüşə hazır olduğunu vurğulayırlar. Paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları davam edir. Xeyli sayda müəllim və təhsil qurumlarının digər işçisi hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib.

 

Müəllim üç cəbhədə fəal mübarizə aparır - həm vətənpərvər gənclər yetişdirir, həm koronavirusla  əsgər kimi döyüşür, həm də vətənin müdafiəsində iştirak edir. Eləcə də istənilən vəziyyətdə uşaqların savadlı, bilikli yetişməsi üçün var gücü ilə çalışır.

 

Baxmayaraq ki, pandemiya ilə yanaşı müharibə şəraiti də müəyyən əlavə problemlər yaradıb, düşmən tərəfinin son təxribatları nəticəsində iyirmi məktəb atəşə məruz qalıb, son hadisələrin nəticəsi olaraq müəllimlərimizin və şagirdlərimizin təhlükəsizliyini nəzərə alaraq cəbhə bölgəsində ilk olaraq 440, daha sonra isə bir çox məktəbin fəaliyyəti dayandırıb, bu hər hansı bir panikaya və ajiotaja səbəb ola biləcək əsas deyil. Hətta orta statistikalı azərbaycanlı da dərk edir ki, bu müharibə şəraiti ilə əlaqədar müvəqqəti yaranan haldır və yaxınlarda torpaqlarımızın mənfur düşməndən azad olunması ilə vəziyyət öz normal axarına düşəcək. Əsas odur ki, artıq hər kəs bilir və hamı tərəfindən birmənalı şəkildə anlaşılır ki, bəşəri təhlükə olan pandemiya dövründə də, haqq işi uğrunda apardığımız müharibə vəziyyətində də, sosial-iqtisadi çətinliklərlə üzləşdiyimiz bir şəraitdə belə təhsil dövlət siyasətinin prioritetidir, ölkə rəhbərinin diqqət mərkəzindədir, dövlətin və əlaqədar qurumların tam nəzarətindədir. Təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunur və bütün maddi və mənəvi resurslar səfərbər edilib”.

 

Nadir İsrafilov təhsilin davamlılığını təmin etmək üçün hansı addımları atmağın vacib olduğunu deyib:

 

“O ki qaldı hibrit təhsil formasının tətbiqi, müharibə şəraiti ilə əlaqədar distant təhsilin verilməsində yaşanan çətinliklərə, onu qeyd edim ki, Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarına əsasında həyata keçirilir və bu kimi məsələlərin həlli əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın rəyindən asılıdır. Pandemiya reallıqlarını nəzərə alsaq, bu mümkün olan ən doğru seçimdir, distant və əyani təhsilin birgə tətbiq edildiyi hibrid təhsil forması ictimai rəy əsasında formalaşıb və burada ali məqsəd bütün əhalinin, xüsusilə şagirdlərin sağlamlığını qorumaqdır. Yəni qabaqcadan da bildirildiyi kimi, ümumi nəticə ondan ibarətdir ki, əvvəlki illərdən fərqli olaraq, 2020-2021- ci tədris ili qeyri-standart üsulla, uyğunlaşdırılan tədris planları əsasında başlayacaq. Başqa sözlə,  şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma tətbiq olunacaq.  Başlıcası odur ki, 15 sentyabrda, bütün təhsil müəsissələrində tədris yenidən bərpa olunub, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən bütün məhdudiyyətlər nəzərə alınıb.

 

Əlbəttə, istəsək də, istəməsək də danılmaz faktdır və bunu qəbul etməliyik ki, distant dediyimiz məsafədən təhsil üz-üzə, yəni ənənəvi hesab etdiyimiz təhsili əvəz edə bilməz. Başqa sözlə, əksər mütəxəssislərin də qəbul etdiyi kimi heç bir texniki vasitə, digər yüksək texnologiyalar, insanlararası canlı ünsiyyəti əvəz edə bilməz. Bununla belə sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi pandemiya təhsil sferası üçün də bir çağırış oldu və bu mənada, təhsilimiz də bütün çağırışlara hazır olmalıdır və bu hazırlıqla əlaqədar bütün mümkün olan işlər görülüb və görülməkdədir.

 

Məlum olduğu kimi, artıq oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər və bununla da onların əyani formada dərs saatlarının miqdarı artıb.

 

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub. Vəziyyət normallaşdıqca ayrı-ayrı siniflər sosial məsafənin gözlənilməsi əsas meyar götürülməklə mərhələli şəkildə 4 günlüyə və 5 günlüyə keçirilə bilər.

 

Hazırkı durumla bağlı təhsilin davamlılığı istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq işlər görülür və yeni prosedurların hazırlanmasına uyğun müəyyən planlaşdırma aparılır. Onu da əlavə edim ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın ötən həftə Təhsil nazirinin müşaviri Elnur Nəsibovun da qatıldığı iclasında Ermənistanın son təxribatları nəticəsində cəbhəyanı bölgədə təhsilin vəziyyəti müzakirə edilmiş, bu və digər məsələlərə münasibət bildirilmiş, vəziyyətlə bağlı konkret təkliflər irəli sürülmüşdür. Tam əminliklə deyə bilərəm ki, vəziyyətin normal axara düşməsinə o qədər də çox vaxt qalmayıb”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları