Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 16:05:00
BMU-da ilk kurs tələbələri ilə növbəti tanışlıq görüşləri baş tutub

Bakı Mühəndislik Universitetinin (BMU)  bakalavr pilləsinə qəbul olan I kurs tələbələri ilə növbəti tanışlıq görüşləri keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarəedilməsi, həmçinin İqtisadiyyat ixtisaslarının tələbələri üçün təşkil olunan görüşdə ilk kurs tələbələrinə universitet həyatı, onlayn dərslər və s. haqqında ətraflı məlumatlar verilib.

 

I kurs tələbələrini təbrik edən Biznesin idarə edilməsi kafedrasının müdiri, i.ü.f.d., dos. Nəsimi Kamalov İqtisadiyyat və idarəetmə fakültəsində mövcud olan ixtisaslardan və Biznesin idarəedilməsi ixtisasında tədris olunacaq fənlərdən danışıb. Bildirib ki, BMU-da bakalavr pilləsi ilə yanaşı, magistratura pilləsi və MBA proqramı üzrə tədris həyata keçirilir. Tələbələrin təhsillərinin BMU-da davam etdirilməsi imkanlarından söz açan kafedra müdiri onların karyera perspektivlərinə də toxunub.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov tələbələrə təhsil müddətində uğurlar arzulayıb və BMU-nu seçməkdə yanılmadıqlarını söyləyib. Dekan digər universitetlərdən fərqli olaraq BMU-nun pandemiya dövründən əvvəl də elektron universitet kimi fəaliyyət göstərdiyini, hazırki dövrdə bu işin daha da təkmilləşdirildiyini tələbələrin diqqətinə çatdırıb.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Fərid Cəbiyev onlayn dərslərə qoşulma, Tələbə Məlumat Sistemi (TMS), dərs qeydiyyatı barədə təqdimatla çıxış edib.

 

Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d. Şəhriyar Muxtarov mövcud pandemiya şəraitində distant təhsilin təşkili haqqında informasiyaları nəzərə çatdırıb, eyni zamanda kafedranın məsul şəxslərini tələbələrə təqdim edib.

 

Gün ərzində növbəti görüş Pedaqoji fakültənin Riyaziyyat müəllimliyi və Fizika müəllimliyi ixtisaslarının tələbələri üçün təşkil edilib. Fakültənin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov gənc ali təhsil ocağı olan BMU-nun tarixindən danışıb.

 

Sonra universitetin tanıtımı ilə bağlı videoçarx nümayiş olunub.

 

Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev çıxış edərək tələbələri təbrik edib. O, Riyaziyyat müəllimliyi ixtisası üzrə ən yüksək nəticə göstərən (616.30 bal) Fidan İsmayılzadəni təqdim edib.

 

Riyaziyyat kafedrasının müdiri, f.r.ü.f.d., dos. Rakib Əfəndiyev kafedranın məsul işçilərini tələbələrlə tanış edib. O, ingilis dilində təhsil almağın üstünlərindən bəhs edərək Riyaziyyat müəllimliyi ixtisasını bitirən tələbələrin iş perspektivlərdən danışıb. İngilisdilli kadrlara böyük ehtiyac olduğunu söyləyən kafedra müdiri ötən tədris ilində 7 tələbəmizin “Landau School”-da praktika keçdiyini və həmin məzunların hazırda orda işlədiklərini sözlərinə əlavə edib.

 

Görüşdə Fizika kafedrasının müdiri, f.r.e.n. Baba Qasımov, Riyaziyyat və informatika kafedrasının müəllimi Elməddin Hüseynov çıxış ediblər.

 

Kompüter laboratoriyası ilə yaxından tanış olan tələbələrə, eyni zamanda BMU-nun Tələbə Məlumat Sistemi (TMS) və ondan istifadə edilməsi barədə məlumatlar verilib, dərs qeydiyyatının aparılması əyani şəkildə göstərilib.