Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-13 14:46:00
Bölgə müəllimindən vacib təkliflər – Şagirdləri hərb sənətinə necə istiqamətləndirmək olar?

 

 AzEdu.az Göygöl rayon 1 saylı tam orta məktəbinin müəllimi, təhsil eksperti Elnur Hacıyevin analitik yazısını təqdim edir:

 

Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev Azərbaycanda ordu quruculuğu və peşəkar hərbçilərin formalaşdırılması istiqamətində çox böyük işlər görüb. Məhz bunun məntiqi nəticəsidir ki, işğal altında olan torpaqlarımızı geri alınması işi reallığa çevrilir.

 

 

Müxtəlif dövrlər üzrə tarixə nəzər saldıqda Azərbaycan ərazisi daim istila, təcavüz, işğal təhlükəsi ilə üz-üzə qalıb. Ölkəmizin bu cür risklərdən qorunmasının ən əsas yolu güclü ordunun mövcudluğu, orduda peşəkar hərbçilərin olmasıdır.

 

 

Ölkə ərazisinin qorunması və işğaldan azad edilməsi işində əsas güc Azərbaycan ordusunun  üzərinə düşür. Ordumuzun  onurğa sütünunu hərb sənətini bilən peşəkar hərbçilər təşkil edir. Azərbaycan ordusunun döyüşlərdə qələbə qazanmasının ən ağır yükü də məhz peşəkar hərbçilərimizin adına bağlıdır.

 

 

Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, şəhid generalımız Polad Həşimov, şəhid polkovnikimiz İlqar Mirzəyev vətən torpağı uğrunda vuruşmuş, vətən uğrunda canlarını fəda etmişlər. Bu gün vətən torpağı uğrunda vuruşmaq missiyasını general - mayor Hikmət Həsənov, general-mayor Mais Bərxudarov kimi peşəkar hərbçilərimiz layiqincə davam etdirir. Bu cür vətənini sevən, işinə peşəkar yanaşan hərbçilərimiz Komanda Müşahidə və Komanda İdarəetmə Məntəqələrindən düzgün qərarlar verməklə, yeri gələndə isə səngərdə əsgərinin yanında olmaqla, ön xətdə hərəkət edən ilk tankın üzərində düşmənə sarsıdıcı zərbələr endirməklə şanlı tarix yaradırlar.

 

 

Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, vaxtı ilə tarix fənnini sevdirə bildiyim şagirdlərim hazırda Azərbaycanın müxtəlif hərbi hissələrində kapitan, mayor rütbələrinə qədər yüksələ bilmişlər. Bu gün onlar əsgərlərimizin siyasi, mənəvi, psixoloji hazırlığının təşkilini, hərbi həkim olaraq tibbi xidmətin təşkilini və digər döyüş tapşırıqlarının yerinə yetirilməsi işini uğurla davam etdirməkdədirlər.

 

 

Gələcəyin hərbçisi ailədə böyüyür və məktəbdə təlim - tərbiyə alır. Azərbaycan təhsili şəxsiyyət və layiqli vətəndaş yetişdirmək işini özünün ali məqsədi elan etmişdir və bu istiqamətdə mühüm işlər görməkdədir.

 

 

Azərbaycan məktəbi bu cür peşəkar və yüksək səviyyəli hərbi kadrların formalaşması sahəsində böyük işlər görür.

 

 

Peşəkar hərbçi olmaq istəyən şəxs özünü 2 istiqamətdə inkişaf etdirməlidir: Mənəvi və psixoloji hazırlıq; Fiziki və döyüş hazırlığı

 

Mənəvi və psixoloji hazırlığın təməli ümumtəhsil məktəblərindən başlayır.

 

 

Azərbaycanın tarixini, dilini, coğrafiyasını, ədəbiyyatını bilməklə uşaq öz ulu babalarını, soykökünü, kimliyini öyrənmiş olur. Öz xalqı ilə fəxr edə bilir. Mənsub olduğu xalq qarşısında öz məsuliyyətini dərk etmiş olur. Düzgün mənəvi və sağlam psixoloji mühitdə formalaşır, püxtələşir, inkişaf edir. Bu işlərin düzgün təşkilində Azərbaycan məktəbində çalışan müəllimlərin üzərinə çox böyük iş və məsuliyyət düşür.

 

Fiziki və döyüş hazırlığının təşkili işi uşaqlarda fərqli bacarıq, təcrübə və səriştələrin formalaşdırılmasını tələb edir. Bu işin əsas məsuliyyəti məktəbdə Gənclərin çağırışaqədərki hazırlıq  (GÇQH) və fiziki tərbiyə fənn müəllimlərinin üzərinə düşür. Məktəbdə görülən bu işləri genişləndirmək, təkmilləşdirmək, inkişaf etdirmək mümkündürmü?

 

 

Görəsən məktəbdən kənarda uşaqları hərb sənətinə istiqamətləndirmək, həvəsləndirmək, inkişaf etdirmək üçün hansı işləri görmək mümkündür?

 

 

Azərbaycan ümumi təhsil məktəblərində istedadlı uşaqların inkişafı üçün texniki, humanitar, təbiət təmayüllü siniflər, o cümlədən müxtəlif peşələrə yiyələnmək üçün peşə təmayüllü siniflər (dərzi, aşpaz, dülgər və s.) mövcuddur. Peşə təmayüllü siniflərin yaradılmasında Təhsil nazirimiz cənab Emin Əmrullayevin xüsusi xidmətləri olub. Təmayül siniflərin sırasına hərbi təmayüllü siniflərin əlavə oluması gələcəkdə hərb peşəsinə yiyələnmək istəyən və bu sahəyə həvəsi və bacarığı olan uşaqlarımızı inkişaf etdirmək baxımından mühüm və uğurlu addım hesab etmək olar.

 

 

Deyə bilərsiz ki, bu işi C.Naxçıvanski adına Hərbi Lisey görür. IX sinfi bitirən şagirdlərimizin gələcək hərbi təhsilini bu təhsil ocağında davam etdirmək imkanı var.

 

 

Hərbi təmayüllü siniflər yaradılarsa şagirdlərimiz təhsillərinə əsas tədrisdən ayrılmadan, V sinifdən hərbi təmayüllü sinifdə davam etdirə bilər. Hərbi təmayüllü siniflərin digər paralel siniflərdən fərqi bu siniflərdə hərbi və idman dərslərinə xüsusi vaxtın ayrılması və xüsusi proqramla tədrisin təşkilidir. Bu təcrübə hazırda bir çox ölkədə mövcuddur.

 

 

Azərbaycanda bir neçə Mərkəzi icra hakimiyyəti orqanı yeniyetmə və gənclərimizdə hərbi və vətənpərvərlik hislərinin formalaşması istiqamətində mühüm işlər görməkdə, tədbirlər həyata keçirməkdədirlər.

 

Hazırda respublikamızın müxtəlif bölgələrində yerləşən Olimpiya İdman Komplekslərində olan mövcud olan infrastruktur, maddi – texniki bazanı yenidən komplektləşdirməklə həmin obyektləri Hərbi-İdman Komplekslərinə çevirmək mümkündür.

 

 

Hərbi-İdman Kompleksləri uşaqlarımıza idmanla məşğul olmağa və fiziki sağlamlığını qorumağa şərait yaradar, o cümlədən uşaqlarımızın hərbi silah sursatla davranmağına, ilkin döyüş hazırlığını inkişaf etdirməyinə də imkan verər.

 

 

Yeniyetmə və gənclərimizin asudə vaxtlarının səmərəli təşkilində, o cümlədən turistlər və digər seqmentlərdən olan əhali qruplarına xidmət göstərə biləcək Peyntbol Mərkəzlərinin rolu danılmazdır. Bakı, Gəncə kimi iri şəhərlərimizdə belə mərkəzlər və klublar mövcuddur.

 

Peyntbol - pnevmatik oyun silahı vasitəsilə, hədəfə dəydikdə parçalanaraq hədəfi boyayan və ya hədəfdə rəngli iz qoyan, içi boyalı şarlar ataraq hədəfləri vurmaqdan ibarət  poyulyarlaşmaqda olan komanda oyunudur.

 

 

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə sərhədyanı bölgələrimizdə yerləşən mövcud İdman Komplekslərinin nəzdində Peyntbol Mərkəzləri yaratmaq mümkündür. Yeri gəlmişkən Peyntbol Mərkəzləri biznes fəaliyyəti baxımından da gəlirli sahə hesab olunur.

 

 

Beləliklə, məktəblərimizdə hərbi təmayüllü siniflərin təşkili, Hərbi - İdman Komplekslərinin  təşkili, o cümlədən cəbhəyanı bölgələrdə Peyntbol Mərkəzlərinin yaradılması uşaqlarımızda və gənclərimizdə hərbi sənətinin sirlərinin öyrənilməsinə, hərbçi kadrların formalaşdırılması işinə mühüm töhfələr verə biləcəyini düşünürəm.