Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-13 11:20:00
Məktəblərimiz COVİD-19-a necə uduzur? – Cəzalanan direktorlar, vacib qadağalar, distant siniflər

 

Ölkəmizdə bir neçə aydır ki, COVİD-19-la bağlı vəziyyət stabil olaraq qalır. 15 sentyabrdan etibarən məktəblərdə tədris hibrit formada bərpa edilib.

 

O vaxtdan bugünədək  təhsil işçiləri və şagirdlər arasında koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb. Distant təhsilə keçən siniflərin ümumi sayı 55, məktəblər isə 20-ə (distant təhsilə keçən siniflər də daxil olmaqla) çatıb.

 

Təhsil naziri Emin Əmrullayev məktəb daxilində kütləvi yoluxma faktlarının  qeydə alınmadığını deyib. Yalnız bir məktəbdə Qubanın Qamqam kənd tam orta məktəbində 8 nəfərdə koronavirus aşkarlandığı üçün həmin təhsil müəssisəsində tədris tam formada distanta keçirilib.

 

Təhsil Nazirliyi 23 sentyabrdan etibarən ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqlər keçirir. Məqsəd Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlamaqdır.

 

Bu günədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisələri olmaqla, Bakı  və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb. Monitorinq nəticələrinin təhlili göstərir ki, yoxlama aparılan məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici poster və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.

 

Aşkar olunan qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib. Bakı şəhərinin 223, 321, 326, 294, 109, 305, 144, 328, 80, 291 nömrəli ümumi təhsil müəssisələrinin, eləcə də Bakı, Sumqayıt və Abşeronda yerləşən Zəngilan rayonu 32, Şuşa rayonu 7 və 9 nömrəli, Kəlbəcər rayonu 13 nömrəli tam orta, Laçın rayonu Biləcəri ümumi orta məktəbi və 10 nömrəli tam orta məktəblərin direktorlarına töhmət verilib, 51 təhsil müəssisəsinin direktoruna isə xəbərdarlıq edilib. Verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur.

 

Bununla yanaşı, Bakı şəhəri 245, 239, 27, 211 nömrəli, Şuşa şəhər 3 nömrəli tam orta məktəblərin və Sumqayıt şəhər inteqrasiya təlimli internat məktəbinin qaydalara düzgün əməl edilməsi müəyyən olunub.

 

Eyni zamanda qayda pozuntuları aşkar olunan özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

 

Monitorinqin növbəti günlərdə də davam etdirilərək, qeyd olunan bölgələrlə yanaşı, ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilən digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.

 

Nazir valideynləri bu məsələdə ehtiyyatlı olmağı tövsiyə edib:

 

 “Azərbaycanda 5-14 yaşlı uşaqların sayı 1.5 milyon nəfərdir. Təəssüf ki, valideynlərdə koronavirus aşkarlansa da, onlar övladlarını məktəbə göndərməkdən çəkinmirlər. Xahiş edirəm, belə hallara yol verilməsin. Belə olduqda həmin sinif 14 gün ənənəvi təhsildən uzaq qalır”.

 

Təhsil naziri məktəblərin bağlanacağına dair fikirlərə də aydınlıq gətirib:

 

 "Biz yalnız 2-4 həftə üçün proqnoz verə bilərik, sonrakı dövrdə necə olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də 2 həftə və ya 4 həftə sonra məktəb bağlanacaq kimi fikirlər səsləndirmək əsassız təşviş yaratmaqdır.

 

Növbəti mərhələdə 700 min şagird də əyani təhsilə cəlb ediləcək. Ümumilikdə tədrisə cəlb edilən şagird sayı 1 milyon 300 min olur".

 

Ümid edirik ki, təhsil müəssisələrində çalışan şəxslər və şagirdlər karantin qaydalarına düzgün əməl etməklə yoluxmanın qarşısını ala bilər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları