Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 13:59:00
Xocavənd RTŞ-in rəhbəri: “Rayonumuz tam azad olunduqdan sonra müəllimlərimiz ilk bunu edəcəklər”

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan təxribatlarına cavab məqsədilə aparılan əks-hücum əməliyyatlarının   15-ci günü başa çatıb.  Oktyabrın 9-u prezident İlham Əliyev tarixi Azərbaycan toprağı olan Hadrut qəsəbəsinin və bir neçə kəndin işğaldan azad edildiyini bəyan etdi. Hadrut Xocavənd rayonu ərazisinə aid qəsəbədir. AzEdu.az Xocavənd məktəblərinin hazırki durumu, qəbul göstəriciləri haqda RTŞ rəhbərinin fikirlərini təqdim edir:

“2020-2021-ci tədris ili üzrə Xocavənd rayon məktəblərindən ümumi 106 nəfər şagirdimiz  məzun oldu. Məzunların 60 %-i ölkənin müxtəlif universitetlərinə qəbul olunublar. Ürəkaçan nəticələrimiz çoxdur.

 

Xocavənd məktəbləri müxtəlif bölgələrdə fəaliyyət göstərir. Beyləqan rayonu ərazisində yerləşən tədris mərkəzlərində hərbi vəziyyətlə əlaqədar dərslər distant formada keçilir. Bakı, Sumqayıt və İmişli ərazisindəki məktəblərimiz isə fəaliyyətini ənənəvi formada  davam etdirirlər”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Xocavənd RTŞ rəhbəri Ümidvar Məmmədov bildirib. O, Xocavəndin işğaldan azad olunduqdan sonra  burada tikiləcək məktəblərdən və çalışacaq pedaqoji heyətdən də danışdı:

 

“Hazırda Hadrut məktəbləri 2 bölgədə fəaliyyət göstərir: Bakının Müşfiqabad qəsəbəsində və Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində .

 

Xocavənd rayonu işğaldan azad olunandan sonra burada məktəblər tikiləcək və kadrlarla təmin olunacaq. Bütün məktəblər vahid bir bölgədə təşkil olunacaq. Bunu səbirsizliklə gözləyirik. Əgər Xocavənddə tədris mərkəzləri fəaliyyətə başlasa, müəllimlərimiz yaşayış yerlərini dəyişib, bu bölgədə pedaqoji fəaliyyətlə məşğul olacaqlar. Direktor və müəllimlərlə keçirilən iclaslarda özləri xüsusi olaraq bunu vurğulayırlar”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları