Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 16:34:00
İllər sonra Tərtərçaya qovuşan su - FOTO

Suqovuşan su anbarının işğaldan azad edilməsi aqrar sahənin inkişafına səbəb olacaq

 

Suqovuşan kəndinin işğaldan azad edilməsi aqrar sahənin inkişafına səbəb olacaq. Belə ki, Suqovuşandakı su anbarının 28 il işğal altında qalması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax, Goranboy rayonlarının əkin sahələrinin suvarılmasında çətinlik yaratmışdı. Artıq Azərbaycan Ordusunun işğaldan azad etdiyi su anbarından Tərtərçaya su verilib. Tərtərçay indi bol su ilə axır. Bu isə o deməkdir ki, əkin sahələrinin suvarılmasında problem olmayacaq.

 

AzEdu.az  xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin baş mühəndisi Mehman Kərimov  AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib ki, Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndi azad edildikdən sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtərçayda, həmçinin kanal və arxlarda bol su var.

 

Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa olunmasına şərait yaranıb. Bu isə ilk növbədə kənd sakinlərinin, fermerlərin sevincinə səbəb olub. Bərdə rayon Zümürxan kənd sakini Əbülfət Əliyev deyib: “Suqovuşan su anbarının işğal altında olması səbəbindən 30 ilə yaxındır ki, suvarmada çətinlik çəkirdik. Belə ki, mənfur ermənilər su anbarının suyunu payızın sonu və qış aylarında buraxır, əkinlərin suvarma suyuna ehtiyacı olduğu yaz-yay aylarında isə qarşısını kəsirlər. Nəticədə əkinlərin suvarılmasında çətinliklər yaranırdı. Bu isə məhsuldarlığa öz təsirini göstərirdi. Hazırda ordumuzun Suqovuşanı işğaldan azad etməsi nəticəsində Tərtərçaya bol su gəlir. Bundan sonra suvarmada çətinliklər çəkməyəcəyik. Bu isə məhsul bolluğuna gətirib çıxaraqcaq".

 

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

 

Şanlı Azərbaycan Ordusu Suqovuşan kəndini oktyabrın 3-də düşməndən azad edib.