Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 12:43:00
DİM-də oktyabrın 12-si GRE General Test imtahanı keçiriləcək

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı GRE: General Test imtahanı 2020-ci il oktyabrın 12-də Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 09:00-dan gec olmayaraq aşağıdakı tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

 

1.      Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2.      İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.

 

İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalanmış şəkildə gətirməlidir.

 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

 

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış ola bilərsiniz.