Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-08 12:48:00
Universitetlərimizin  cəbhəyə könüllü  yollanan əməkdaşları – Magistr, kafedra müdiri...

 

 

 

Sentyabrın 28-si ölkə ərazisində qismən səfərbərlik elan edildi.

 

Universitetlərin mətbuat xidmətindən AzEdu.az-a verilən  məlumata görə,  səfərbərliyə cəlb olunanlar arasında həmçinin Azərbaycan universitetlərinin əməkdaş və məzunları da yer alıb:

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr  şöbəsinin rəhbəri Bəhruz Nəzərov:

 

-Universitetimizdən səfərbərliyə cəlb edilən onlarla məzun var. Hətta onların arasında sonuncu ilin məzunları da yer alır və Ermənistanın hərbi təxribatına qarşı Azərbaycan Silahlı  Qüvvələrinin həyata keçirdiyi əks-hücum tədbirlərində fəal iştirak edirlər.

 

Eyni zamanda universitetimizin əməkdaşları arasında təxmini 5-6 nəfər çağırış əsasında səfərbərliyə cəlb edilib.

 

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Zamirə Ədilova:

 

-Universitetimizdən 10 nəfər könüllü şəkildə ordu sıralarına qoşulub və hazırda əks-hücum əməliyyatlarında iştirak edirlər.  Onlardan 4-ü universitetimizin əməkdaşı, 6 nəfər isə məzunumuzdur.

 

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə:

 

-Universitetimizdə Pedoqoji fakültənin dekanı Nizami Zeynalov cəlb edilmişdi, ancaq yuxarı yaş qrupuna aid edildiyi üçün geri qaytarılıb. Eyni zamanda tədris şöbəsinin mütəxəssisi Elçin Tağıyev də geri qayıdıb. Ancaq Mexanika kafedrasının müdiri Mahir İsmayılov səfərbərliyə cəlb edilib və hazırda cəbhə bölgəsində gedən döyüşlərdə iştirak edir.

 

Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Esmira İsmayılova:

 

-Universitetimizin əməkdaşları və tələbələri arasından səfərbərliyə cəlb edilənlər var. Onlardan 3-ü universitetimizin əməkdaşı, 2-si isə qiyabi tələbələrimizdir. Eyni zamanda məzunlarımız arasında da səfərbərliyə cəlb edilən və hazırda cəbhə bölgəsində döyüşənlər var.

 

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova:

 

-AzTU-dan 3 nəfər magistr tələbə hərbi xidmətə çağırış əsasında səfərbərliyə cəlb olunub. Əməkdaşlar arasında isə hələ ki, yoxdur. Universitetimizin məzunları arasında böyük ehtimal ki, səfərbərliyə cəlb olunanlar var, ancaq təəssüf ki, onlar haqqında əlimizdə dəqiq məlumat yoxdur.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova:

 

-Universitetimizin əməkdaşları və tələbələri arasında  hələ ki, səfərbərliyə cəlb edilən yoxdur. Bu hal olduqda həmin şəxs UNEC-də hərbi şöbəyə müraciət edir və biz onların əməkhaqlarını ailələrinə təhvil veririk. Ancaq bizə hələ ki, bununla bağlı hər hansı bir müraciət daxil olmayıb.

 

Qeyd edək ki, hazırda cəbhə bölgəsində erməni təxribatına qarşı ordumuzun əks-hücum əməliyyatları davam edir.

 

Qarabağ Azərbaycandır!