Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-07 11:29:00
Alim: Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib

1992-1993-cü illərdə Dağlıq Qarabağ ərazisi və Azərbaycanın 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, yəni Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edildikdən sonra bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.

 

AzEdu.az xəbər verir ki, bunu AMEA Qafqazşünaslıq İnstitutu “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ regionu dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Erməni saxtakarlarının özəlləşdirməyə çalışdığı Qarabağ ərazisi paleolit dövrünün Quruçay, sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir:

 

“Mənbələr və tədqiqatlarda bildirilir ki, antik dövrdə Qarabağ ərazisi Albaniyanın tərkibində ən iri vilayətləri əhatə etmişdi. Qaynaqlar Qarabağ bölgəsinin tayfalarının alban-türk mənşəli olmasını təsdiq edir. Lakin ermənilər ərazilərimizi işğal etdikdən sonra abidələrimiz dağıdılıb yer üzündən silindi, alban xristian abidələri isə tamamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanmış Alban hökmdarı III Vaçaqanın qəbri və sovməsindəki yazı tamamilə məhv edildi. Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən sildilər. Muzeylərimizi dağıtdılar. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər”.

 

Q.Hacıyev əlavə edib ki, ermənilər Qarabağ bölgəsindən külli miqdarda muzey eksponatlarını Ermənistana aparıblar.

 

Tarixçinin sözlərinə görə, ərazilərimizi işğal etdikdən sonra vaxtilə ermənilər Qarabağ ərazisində planlı şəkildə gizlində həyata keçirdikləri saxtakarlığı aşkar icra etmək üçün “geniş imkan” əldə etdilər. Azərbaycanın Qarabağ bölgəsinin tarixi abidələrinin şəkillərini kitab və jurnallarda erməni abidələri adı altında dünya ölkələrinə yayırlar.(Trend)