Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 13:18:00
AMEA-nın İqtisadiyyat İnstitutunda pilot layihənin həyata keçirilməsi qaydası müəyyənləşdi  

Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” təsdiq edib.

 

AzEdu.az-ın  məlumatına görə, “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” (bundan sonra - Qayda) “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci və 34.3-cü maddələrinin tələblərinə uyğun olaraq elmi fəaliyyətin maliyyələşdirmə mexanizminin dünya standartlarına uyğunlaşdırılması, dövlət maraqları əsasında sosial-iqtisadi və elmi-texniki problemlərin tədqiqi və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsi, elmi tədqiqat işlərinin keyfiyyətinin, onlara çəkilən xərclərin səmərəliliyinin artırılması məqsədilə tətbiq olunması nəzərdə tutulan yeni maliyyələşmə mexanizminin praktik fəaliyyət prosesində sınaqdan keçirilməsi üçün hazırlanıb və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun (bundan sonra – İnstitut) və pilot layihənin digər iştirakçılarının layihə çərçivəsində qarşılıqlı fəaliyyətini tənzimləyir. 

 

İnstitutun baza maliyyələşdirilməsi təsdiq edilmiş elmi tədqiqat planı əsasında fundamental və (və ya) tətbiqi xarakter daşıyan uzunmüddətli kompleks elmi tədqiqatların aparılması və yüksəkixtisaslı elmi kadrların hazırlanması üçün dövlət büdcəsindən İnstituta vəsait ayrılması, elmi tədqiqatların sifarişlər əsasında maliyyələşdirilməsi - dövlət qurumlarının sifarişi ilə həmin qurumlarla müqavilə əsasında İnstitut tərəfindən həyata keçirilən elmi ekspertiza və elmi tədqiqat işlərinin icrası üçün dövlət büdcəsindən müvafiq dövlət qurumlarına vəsaitin ayrılmasıdır. 

 

İnstitutun baza maliyyələşdirilməsi üçün tələb olunan vəsait pilot layihənin davam etdiyi dövr ərzində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə AMEA üzrə nəzərdə tutulur. 

 

Baza maliyyələşdirilməsinin predmeti olan elmi tədqiqatların mövzuları və elmi kadrların hazırlanması planı müasir dünya elminin və ölkənin sosial-iqtisadi inkişafının prioritetləri nəzərə alınmaqla, İnstitut tərəfindən hazırlanır və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilir. 

 

Baza maliyyələşdirilməsi üzrə İnstituta ayrılan vəsait elmi işçilərin, inzibati və xidməti heyətin əməyinin ödənilməsi, İnstitutun istifadəsində olan daşınmaz əmlakın saxlanılması və qorunması, elmi infrastrukturun inkişafı, tədqiqatların aparılması üçün zəruri olan müasir avadanlıqların və sərfiyyat materiallarının alınması, elmi tədqiqatların nəticələrinin nəşri və yayılması, elmi-texniki fəaliyyətin informasiya təminatı və ezamiyyətlər üzrə xərcləri əhatə edir.

 

Pilot layihənin həyata keçirildiyi müddət ərzində baza maliyyələşdirilməsinın həcmi azaldıla bilməz, lakin ölkə üzrə elmə ayrılan vəsaitin və AMEA əməkdaşlarının əməkhaqlarının artırılması ilə bağlı qərarlara uyğun olaraq artırıla bilər. İnstitutun rəhbərliyi büdcə ili ərzində baza maliyyələşdirilməsi məbləğindən qənaət olunmuş vəsaitin İnstitutun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün sərf olunmasında sərbəstdir. İnstitut baza maliyyələşdirilməsi üzrə ayrılan vəsaitin xərclənməsi barədə AMEA-nın Rəyasət Heyətinə maliyyə hesabatı verir.

 

İnstitut dövlət qurumları ilə ehtiyacların müəyyənləşdirilməsi üzrə əldə edilən razılaşma əsasında sifarişçi dövlət qurumu 4 (bundan sonra - Sifarışçi) ilə birlikdə, növbəti ildə icrası nəzərdə tutulan elmi tədqiqatın əsaslandırıcı sənədlərini, o cümlədən müfəssəl smetasını hazırlayır. Bu sənədlər və növbəti il üçün müvafiq büdcə sifarişi Sifarişçi və İnstitut tərəfindən hər il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Nazirlik) təqdim edilir. 

 

Nazirlik təqdim edilən büdcə sifarişi əsasında növbəti ilin dövlət büdcəsi layihəsində İnstituta ödənilməsi üçün Sifarişçiyə məqsədli maliyyə vəsaitinin ayrılmasını proqnozlaşdırır. Dövlət büdcəsi təsdiq edildikdən sonra, Sifarişçi ilə İnstitut arasında növbəti ildə aparılacaq elmi tədqiqatlar haqqında mövcud qanunvericiliyə uyğun olaraq müqavilə bağlanılır. Müqavilədə elmi tədqiqat üzrə fəaliyyət planı, xərclər smetası və sifarişin icra müddəti (3 ildən artıq olmamaqla) əks olunur. Müqavilə Nazirliyə təqdim olunduqdan sonra, elmi tədqiqatın maliyyələşdirilməsi müqavilədə nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilir. 

Elmi tədqiqatların sifarişlər əsasında maliyyələşdirilməsi üçün alınmış vəsait başqa məqsədlərə sərf edilə bilməz və yalnız tədqiqatçı qrupun üzvlərinə fərdi surətdə müəyyən olunan ödənişlərə, həmin tədqiqat üçün avadanlıq və cihazların alınmasına, problemin yerində öyrənilməsi və ya həmin sahədə xarici təcrübə ilə tanış olmaq üçün zəruri olan ezamiyyət xərclərinin ödənilməsinə yönəldilir. 

 

Sifarişlərin yerinə yetirilməsi üçün İnstitut “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə uyğun olaraq öz əməkdaşlarından, AMEA-nın digər elmi müəssisələrinin əməkdaşlarından və kənar ekspertlərdən ibarət müvəqqəti elmi kollektivlər yarada bilər. Müqavilənin icrası ilə bağlı aralıq və yekun hesabatlar (yekun maliyyə hesabatı daxil olmaqla) İnstitut tərəfindən həm Sifarişçiyə, həm AMEA-nın Rəyasət Heyətinə, həm də mövcud qanunvericiliyə uyğun olaraq digər qurumlara təqdim olunur. 4.8. Müqavilə üzrə işlərin və ödənişlərin başa çatdırılması Sifarişçi ilə İnstitut arasında bağlanılan aktda öz əksini tapır.