Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 11:55:00
Vətənpərvərlik hisslərinin inkişafı üçün dərsliklərə bu əsərlər salınmalıdır - TƏKLİFLƏR

 

 

 

Ordumuzun cəbhə istiqamətində həyata keçirdiyi döyüş əməliyyatı hər bir vətəndaşımızı qürurlandırır.

 

Şübhəsiz ki, vətənpərvərlik hissləri məktəb vaxtlarında şagirdlərə aşılanmalıdır.

 

AzEdu.az hərbi vətənpərvərlik hisslərinin aşılanması, patriot duyğularının təbliği məqsədi ilə dərsliklərə hansı yazıçı və şairlərin əsərlərinin salınması ilə  bağlı ziyalıların fikirlərini alıb.

 

Nasir, publisist Nəriman Əbdülrəhmanlı vətənpərvərlik  hisslərini ehtiva edən əsərlərin uzun illər öncə dərsliklərə salınmadığından təəssüflənir:

 

 

“Vətənpərvərliklə bağlı əsərlərin dərsliklərə salınması bir neçə ayın məsələsi deyil. Təhsil konsepsiyasına uyğun olaraq illərlə həmin əsərlər seçilməli, müəyyən olunan komissiya tərəfindən dərsliklərə salınmalıdır. Bu məsələdə  xeyli gecikmişik. Bunun günahı da yəqin ki, rəsmi qrumlardadır. Ona görə də  orta məktəb dərsliklərinə salınan mətnlərin  müəlliflərini görəndə heyrətə gəlirəm. Onların əksəriyyətini tanımıram və ədəbi mühitdə  heç bir çəkilərinin olmadığını düşünürəm. Həmçinin, onların dərsliklərə salınan mətnləri də çox aşağı səviyyədədir. Həmin mətnlərdən çıxan  nəticələr də şübhə doğurur. Bu məsələ  dəfələrlə müzakirə edilib. Mənə elə gəlir ki,  burada xeyli geciksək də, məsələni  yoluna qoymaq lazımdır. Dərsliklərə şagirdlərin təfəkkürünün formalaşmasına müsbət təsir göstərən  mətnlər salınmalıdır. Ədəbi çəkisi olan,  istedadı hamıya məlum  şəxslərin əsərləri  kitablara salınmalıdır. Müharibə aparan ölkədə  gənclərin tərbiyəsi ən vacib məsələdən biridir. Ona görə də  bu sahədə  yaranan vəziyyəti  düzəltməyə ehtiyac var. Klassik ədəbiyyatımızdan müasir yazıçılara qədər bir çox şəxslərin əsərləri dərsliklərə salınmalıdır. Əli Kərim, İsa İsmayılzadə və  Eldar Baxışın  əsərlərinin dərsliklərə salınmasını tövsiyə edə bilərəm”.

 

Ədəbi tənqidçi Əsəd Cahangir bir sıra əsərlərin dərsliklərə salınması qənaətindədir:

 

“Bugünki Azərbaycan vətənpərvərlik poeziyasının ən ardıcıl nümayəndəsi Elxan Zal Qaraxanlıdır. Onun “Türk əsrinin türkləri”,”Savaş ayələri”, “Qurdlar ulaşan gecə”  şeir kitablarında cihad ideyası, vətən və Qarabağ uğrunda mübarizə  ideyası qırmızı xətt kimi keçir. Bunlar hər bir şagirdin, tələbənin  çox asanlıqla əzbərləyə biləcəyi şeirlərdir. Həmçinin, onlara çox gözəl marş bəsləmək olar. Bizim ölməz şairimiz Zəlimxan Yaqubun, Murad Köhnəqalanın  vətənpərvərlik  ruhunda gözəl şeirləri var. Qarabağ  mövzusunda yazan Mahirə Abdullanın   çoxsaylı povestləri var ki, vətən sevgisinə həsr olunub. Nüşabə Məmmədlinin “Zəngulə” romanı Qarabağ mövzusunda bəlkə də tarixdə yazılan ən dəhşətli romanlardan biridir. Mən hamıya məsləhət görürəm ki, onu oxusunlar. Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, “ Xəcalət”  pyesi, “Ləyaqət” dramı, Aslan Quliyevin “Keçmiş döyüşçü oğlan” romanı, Aqil Abbasın  “Dolu” romanı, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanı , Sabir Əhmədlinin “Yanvar hekayələri”  milli vətənpərvərlik ruhundadır. Mən hesab edirəm ki, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vəhabzadənin, Cabir Novruzun, Qabilin və digər yazıçılarımızın əsərləri dərsliklərə salınmalıdır.

 

Elzan Zal Qaraxanlının “Qəhrəmanlıq cəngiləri”, “Savaş ayələri” hökmən dərsliklərdə olmalıdır. Bu əsərlərdə bütün turan elləri, türk, müsəlman xalqlarının birliyi məsələsi əksini tapır. Bu gün Pakistan və Türkiyədə bizə dəstək verir. Bunu Elxan Zal Qaraxanlı 20-25 il əvvəl əsərlərində qeyd edib”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları