Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 12:43:00
Güllələr altında çıxdığımız Xankəndi şəhərində bizi güllərlə qarşılayacaqlar

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün dünyanın 100-dən artıq ölkəsində qeyd olunur. Bu 100 ölkənin içərisində isə Azərbaycan müəllimləri 2020-ci ildə öz peşə bayramlarını daha fərqli bir ruhda, fərqli bir ovqatda qarşılayırlar. Çünki Azərbaycan müəllimlərinin nə vaxtsa dərs dediyi şagirdlər bu gün cəbhəboyu erməni işğalçalarına layiqli dərs verirlər, qələbə xəbərləri ilə bizi addım-addım Qarabağa yaxınlaşdırırlar. Bu baxımdan müəllimlərimizin daha qürurlu, daha sevinci olmalarını anlamaq heç də çətin deyil.

 

Qəlbi Qarabağ sevgisi ilə dolu, ürəyi yurd həsrətli müəllimlərimizdən biri də Esmira Cəfərovadır. Esmira xanım Ağdamda doğulub boya-başa catsa da, orta təhsilini bitirdikdən sonra taleyi Xankəndi şəhəri ilə bağlanıb.

 

Xankəndi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirən Esmira xanım bu ali təhsil ocağının ilk qırmızı diplomlu məzunu, savadlı filoloq kimi pedaqoji fəaliyyətinə də bu institutda başlayıb. Xankəndinin 1970-ci illərdəki mühiti, erməni şovinizminin şəhərdə hər addımda hiss olunduğu bir dövrdə azərbaycanlı məzunun instutda qalıb işləməsi təbii ki, millətçi ermənilər üçün arzuolmaz hal sayılıb, institutun milliyətcə erməni olan rektoru bu işə əngəllik yaratmaq istəyib. Amma bu təhsil ocağında çalışan azərbaycanlı müəllimlər Esmira xanımı müdafiə edərək, onun potensialını, pedaqoji və elmi yaradıcılığını, institut üçün dəyərli bir kadr olacağını erməni həmkarlarına sübut edə biliblər.

 

Tale elə gətirib ki, Esmira xanımın şəxsi həyatı da Xankəndi ilə bağlanıb. O, köklü xankəndililər olan Cəfərovlar ailəsinə gəlin köçüb.

 

Esmira Cəfərova redaqoji fəaliyyəti ilə yanaşı elmi yaradıcılığı da ön planda saxlayıb. İnstututda çalışan azərbaycanlı alimlərin, Kamil Quliyevin, Nazim Axundovun, Xasay Cabbarovun, İnqilab Quliyevin və digər vətənpərvər ziyalıların yolunu davam etdirməyə qərar verib. Elmi iş üzərində işləməyə, dissertasiya müdafiə etməyə hazırlaşıb. Amma Qarabağda başlayan hadisələr onun arzularını yarımçıq qoyub. Köçkünlük həyatı, məişət problemləri, Qarabağ savaşının yaratdığı digər fəsadlar Esmira xanımı elmi yaradıcılıqdan ayırıb.

 

Bakıda məskunlaşdıqdan sonra orta məktəbdə ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərən Esmira Cəfərova həm də kövrək qələm sahibidir. Qarabağ mövzusunda qələmə aldığı yazılar, Xankəndi xatirələri, Ağdam, Şuşa nisgili, tələbəlik illərinin unudulmayan anları onun təqdimatında oxucuları duyğulandırmaqla yanaşı, həm də vətənpərvərlik hissini aşılayır.

 

Bu gün cəbhədə qazanılan qələbələri, ata-baba torpaqlarımızın işğalçılardan təmizlənməsini bütün Azərbaycan xalqı kimi Esmira xanım da həyəcanla, sevinclə, qürurla qarşılayır və o, öz sevincini ifadə etməkdə çətinlik çəkir:

 

“Bu qələbə günlərini sözlə ifadə etmək mümkün deyil. İllərdir ki, bu günü gözləyirdik. İşğalçı Ermənistan Azərbaycanın sülhsevərliyini anlaya bilmədi. İndi isə layiqli cavablarını alırlar və Azərbaycan prezidenti cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü qələbə müjdəli günlərimizi davamlı edəcək. Biz Xankəndi şəhərindən güllələr altında çıxmışdıq, indi isə doğma şəhərimizdə Azərbaycan əsgərləri bizi güllərlə qarşılayacaq. O gün uzaqda deyil. Onlar, igid Azərbaycan oğulları nə vaxtsa biz müəllimlərin şagirdləri olublar, biz bununla qürur hissi duyuruq. Müəllimlərin peşə bayramı günündə ən böyük hədiyyəmiz də keçmiş şagirdlərimizin bizə bəxş etdityi qələbə sevincidir. Bəli Azərbaycan ordusu müəllimlər ordusunu məhz belə təbrik etməli idi. Tanrı onları qorusun...”

 

Bu kiçik yazının sonunda fürsətdən istifadə edib bütün müəllimlərimizi, o cümlədən Qarabağ sevdalı Esmira xanımı təbrik edirəm. O gün olsun, Xankəndi şəhərində, doğma təhsil ocağımız olan Xankəndi Pedaqoji İnstitutunun dəhlizlərində üz-üzə gələk...

 

İlham Cəmiloğlu