Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 09:47:00
Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Microsoft” şirkətinin təlim sessiyasında iştirak ediblər  

 

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən təşkil olunmuş “Microsoft ilə özünüzü inkişaf etdirin!” tanıtım sessiyasında iştirak edib. AzTU və MDU arasında 2019-cu ilin 29 noyabr tarixində imzalanmış “Təhsil, elm və innovasiya fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq haqqında” Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən tədbirdə iştirak MDU əməkdaşları üçün faydalı olub.

 

AzEdu.az-ın məlumatına görə, tədbirə MDU-nun Elm və innovasiyalar şöbəsinin, Tədris şöbəsinin, İnformasiya Texnologiyaları Mərkəzinin və İnformasiya texnologiyaları kafedrasının əməkdaşları qatılıblar.

 

Ali təhsil müəssisələri üçün online formatda təşkil olunan sessiyada “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin baş meneceri Qaçay Mirzəyev geniş təqdimatla çıxış edib.

 

Təqdimatda “Microsoft” şirkətinin fərdi inkişaf proqramları, həmin proqramların təklif etdiyi imkanlar və üstünlüklər barədə məlumat verilib. Proqramlar çərçivəsində nəzərdə tutulan kursların və təlim materiallarının tam şəkildə ödənişsiz olduğunu bildirən Q.Mirzəyev müvafiq proqramları uğurla başa vuranların “Microsoft” şirkətinin beynəlxalq sertifikatlarını əldə etmək imkanına malik olduqlarını diqqətə çatdırıb.

 

Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb və “Microsoft” şirkəti ilə ali təhsil müəssisələri arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.