Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-01 14:51:00
Məcburi köçkün məktəbinin müəllimləri: “Həmkarlarımız dərsi öz evlərində keçirlər”  

 

“Dərslərin dayandırılmasına baxmayaraq,  müəllimlərimiz  3-4 nəfərlik kiçik qruplarla dərsləri öz evlərində  davam etdirirlər”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Laçın rayonu H.Y.Həsənov adına Mişni kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Gülnar İsmayılova  deyib.

 

 

Qeyd edək ki, hazırda cəbhədə gedən  gərgin döyüşlər, torpaqlarımızın geri alınmaq ehtimalının artması müəllim heyətində də müsbət əhval-ruhiyyəyə səbəb olub.

 

Bir sıra müvəqqəti narahatlıqlara – internetin məhdudlaşdırılması, dərslərin dayandırılması-baxmayaraq təhsilverənlər yenə də öz işləri başındadırlar.

 

Məcburi köçkün rayonlarının  məktəblərində  çalışan müəllimlər  bu ərəfədə əllərindən gələni əsirgəmirlər:

 

“Ölkədəki internetin vəziyyətinə görə  onlayn dərslərimiz dayandırıldı. İndiyə qədər dərsləri onlayn keçsək də ölkə üzrə internet məhdudiyyəti yaranandan  tədrisi dayandırmışıq.

 

Ənənəvi tədrisin bərpasından sonra biz də məktəbdə öz fəaliyyətimiz davam etdirəcəyik.

 

Dərslərin dayandırılmasına baxmayaraq,  müəllimlərimiz  3-4 nəfərlik kiçik qruplarla dərsləri öz evlərində  davam etdirirlər ki, şagirdlər geri düşməsinlər.

 

Çox istərdik ki, digər məktəblərdə də belə olsun”.

 

 

 

 

“Belə bir vəziyyətdə biz təhsillə bağlı heç bir iş görə bilməzdik”

 

Kəlbəcər rayon 100 saylı tam orta məktəbin Fizika müəllimi Elçin Nurməmmədov açıqlamasında dərslərin dayandırılması haqda fikirlərini bildirdi.

 

“Hazırda Goranboy rayonu Meşəli kəndində yaşayırıq. Burada istər onlayn, istərsə də ənənəvi tədris müvəqqəti dayandırılıb.

 

Düşmən tərəfin yaşayış məntəqələrinə atəşlərindən əhalinin qorunması üçün bu addım atılıb.  Bu, çox yerində atılmış addımdır. Belə bir vəziyyətdə biz təhsillə bağlı heç bir iş görə bilməzdik”.

 

“Dövlətimizin verdiyi qərarlara uyğun hərəkət edirik”

 

Elçin müəllim söhbət əsnasında onlayn dərslərin dayandırılması məsələsinə də toxundu:

 

“Onlayn dərslərə gəldikdə isə, ölkədəki internet məhdudiyyətinə görə, onlayn dərslərimiz də dayandırılıb.

Bəzi yerlərdə xüsusi proqramlarla  dərslər davam etdirilsə də biz bunu etmirik. Dövlətimizin verdiyi qərarlara uyğun hərəkət edirik”.