Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-01 14:48:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: məktəbəhazırlıq qruplarına 27 min 136 uşaq qeydiyyatdan keçdi      

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində qurumun tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1047 məktəbəhazırlıq qrupuna 27 min 136 uşaq qeydiyyatdan keçib.

 

Qruplarda məşğələlər mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yarımqruplar üzrə tədris olunur.

 

Xatırladaq ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlılığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs-məşğələləri keçirilir.

 

2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunub.

 

Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.