Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-01 12:15:00
Ümumi təhsilin məzmununa dair tələblər müəyyənləşdirilib

Ümumi təhsilin məzmununa dair ümumi tələblər müəyyənləşdirilib.

 

AzEdu.az xəbər verir ki, bu, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 2020-ci il 29 sentyabr Qərarında öz əksini tapıb.

 

Qərara əsasən Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarında təhsilin məzmununda fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişi, maraq və tələbatları nəzərə alınmalıdır. Təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafı, müstəqil əmək və təhsil həyatına hazırlanması, cəmiyyətin fəal və təşəbbüskar üzvü kimi formalaşdırılması təmin olunmalıdır. Təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş səriştələrə yiyələnməsi prioritet hesab edilməlidir. Ümumi təhsil pilləsində formalaşdırılmış səriştələr müstəqil həyatda təhsilalanlar üçün faydalı olmalıdır. Potensialın reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaradılmalıdır. Ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanmalıdır. Ümumi təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri mənəvi dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlər daxil edilməməlidir.