Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-30 11:51:00
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi ilə bağlı test nümunələri – İzahlı  CAVABLAR  

 

 

Cari ilin 28 sentyabr - 2 oktyabr tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

 

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 sentyabr tarixindən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

 

 

Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək.

 

Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

 

Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

 

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən,  DİQ imtahanı ilə bağlı test nümunələrini təqdim edir:

 

Aşağıda qeyd olunanlardan biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji istiqamətlərdən biri deyil:

 

  1. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması

 

  1. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması
  2. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması
  3. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
  4. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.

 

Düzgün cavab: A İZAH. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 6. Strateji istiqamətlər 1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması. 2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması. 3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması. 4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması. 5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması. A variantında qeyd olunan “10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması” isə 3-cu strateji istiqamət üzrə həyata keçiriləcək tədbirlərdən biridir (“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, 3.1.2.3.)

 

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında sertifikatlaşdırılmanın keçirilməsi ilə bağlı qeyd olunanlardan biri doğrudur:

 

  1. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlər Kabineti müəyyən edir və altsistemdə yerləşdirir.

 

  1. Sertifikatlaşdırmanın test mərhələsinə 90 dəqiqə vaxt ayrılır.

 

  1. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.

 

  1. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan 1 iş günü sonra elan edilir.

 

  1. Müsahibənin keçirilməsi üçün Təhsil Nazirliyinin təklifləri əsasında Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir.

 

Düzgün cavab: C İZAH: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”

3.Sertifikatlaşdırmanın təşkili 3.2.Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. 3.10.Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. 3.12.Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. 3.15.Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir.

 

Holistik qiymətləndirmə sxemlərinin mahiyyəti nədir?

 

  1. Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə mütləq şəkildə 4-5 ballıq şkaladan istifadə edilir.

 

  1. Şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.

 

  1. Şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ sxemlər sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.

 

  1. Şagirdin müxtəlif fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə, əsasən, 4 ballıq şkaladan istifadə edilir.

 

  1. Şagirdin işi ilə bağlı ətraflı təəssürat yaradır və yalnız 5 ballıq şkaladan istifadə edilir. Bu növ sxemlərdə qiymətləndirmə üçün uzun müddət lazımdır.

 

 

Düzgün cavab: C İZAH: Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası 1.8.Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır. Holistik qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ sxemlər sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir. Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.

 

 

 

“Məktəbə hazırlığın təşkili Qaydaları”nda nəzərdə tutulan məktəbə hazırlığın təşkili məsələləri ilə bağlı qeyd olunanlardan hansı doğrudur?

 

  1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.
  2. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 4 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 4 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
  3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 40 dəqiqə, məşğələlərarası fasilə 15 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 10 idman dəqiqəsi keçirilir.
  4. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində yalnız fiziki inkişafını formalaşdırmaqdır.
  5. Məktəbəhazırlıq qruplarında həftə ərzində 24 məşğələ təşkil edilir.

 

Düzgün cavab: A İZAH: "Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı Maddə 1-4

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları