Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 17:11:00
Aprel döyüşlərində şəhid olmuş hərbçinin şəxsi əşyaları Tarix Muzeyinə veriləcək      

Aprel döyüşlərinin qəhrəmanı, Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Sənan Axundovun şəxsi əşyaları və sənədləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə veriləcək.

 

Bu barədə AzEdu.az-a muzeydən məlumat verilib. Bildirilib ki, Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundov yaşasaydı 41 yaşı olacaqdı. Bakı Ali Hərbi-Dənizçilik məktəbi (1996-2001), Bakı Dövlət Universiteti (2004-2009) və Almaniya Hərbi Akademiyasını (2005-2007) bitirmiş Sənan Axundov Silahlı Qüvvələrimizin müasir düşüncəli, hərtərəfli biliklərə malik zabitlərindən idi. Hərbi xidmət illərində rəhbərliyin və şəxsi heyətin hörmətini qazanan zabit 2016-cı il aprelin 19-da Füzuli rayonu Yastıtəpə istiqamətində qəhrəmancasına həlak olub.

 

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin baş mütəxəssisi Ramiyə İsmayılova tərəfindən cəsur zabitin həyatı və döyüş yolu haqqında məlumat toplanıb. Bu yaxınlarda Sənan Axundovun ailəsi tərəfindən şəhid zabitin şəxsi əşyaları və sənədlərinin Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilməsi ilə bağlı tədbir keçiriləcək.