Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-28 15:25:00
“Vaqona sığınan məktəbin dəlmə-deşiklərini sementlə qapayırıq, çox soyuq olur” – Kəlbəcərin didərgin məktəbləri  

AzEdu.az-ın “Didərgin məktəblər” layihəsi bu dəfə Kəlbəcər məktəblərinə nəzər salacaq. O Kəlbəcər ki, 26 il əvvəl bu gün düşmən işğalına məruz qalıb.

 

“Xeyli modern təlim üsulları var, tədris daha da müasirləşib. Amma burada Kəlbəcərin ləzzətini duya bilmirik. Ora bir başqa el idi. Hamı bir-biri ilə əlaqədəydi. İnsanlar sakit, eyni zamanda da qaynayıb-qarışan mühitdə yaşayırdılar.

 

 Burada çox çətinliklərimiz olur. Orada isə nə qədər çətinlik görsək, də, hər şey qaydasında idi”.

 

Bu sözlər Bərdə rayonu Qaradağlı kəndində yerləşən 106 saylı Kəlbəcər məktəbinin direktoru Əziz Allahverdiyevin vətən nisgilini aydın izah edir. O, keçmiş Kəlbəcər məktəbində də direktor kimi çalışıb. 1994-cü ildən pedaqoji fəaliyyətdədir.

 

Yeri gəlmişkən:

 

Bir vaxtlar sıx yaşıllıqlar qoynunda yerləşən Kəlbəcər məktəbləri hazırda Gəncə, Bakı, Ağsu, Bərdə, Yevlax, Xaçmaz, Şamaxı, Mingəçevir, Goranboy, Tərtər, Daşkəsən, Şəmkir, Şəki kimi müxtəlif ərazilərdə fəaliyyət göstərir.

 

Kəlbəcər məktəbi ilə bağlı son xatirə:

 

“O vaxtlar Novruz bayramı qeyd olunmurdu. Amma martın 20-dən aprelin 1-dək məktəblər yaz tətilinə bağlanırdı. Biz tətildə olanda rayon bir gecənin içində işğala məruz qaldı. İnanın, gözümüz evdən çox elə məktəbdə qaldı. Bu ağrını təsəvvür etmək olmaz. Yaz tətilindən məktəbə qayıda bilmədik... Qismət olmadı... Pərakəndəlik başlandı...”

 

Fikirlərini belə qısa, amma təsirli şəkildə yalnız qəlbində 26 ilin həsrətini daşıyan biri ifadə edə bilərdi. Lap elə Əziz müəllim kimi:

 

“Ora 8 illik kənd məktəbinin elə  8 sinfə qucaq açan  dəhlizi var idi. Heç onu yaddan çıxarmaq olar?!  Yerli əhalinin köməyi ilə tikilmişdi. Buranı bitirən şagirdlər IX sinifdən başqa məktəblərə gedirdilər. Nəticələri də həmişə yüksək olurdu. Baxıb fəxr edərdik”.

 

İndi isə...

 

“Məktəbimiz uyğunlaşdırılmış özəl binada fəaliyyət göstərir. Qışda odundan istifadə edirik. İstilik, işıq var. Düzü şagirdlərə elə də korluq vermirəm. Özəl bina olmasına baxmayaraq, məktəb modelinə uyğunlaşdırılıb. Şükür, dəhlizimiz var, sinif çatışmazlığı yoxdur”.

 

Əziz müəllim illərdir gözlədiyi ümidləri çiçək açmış kimi sevinclə əlavə edir:

 

“Bu il yeni məktəb tikilməlidir. Bizim məktəb ora köçürüləcək. Bu, biraz ləngidi. Yəqin ki həll olunar.

Düzdür... Kəlbəcərin yerini verməyəcək... Amma nə edək...”

 

“Əvvəlki müəllimlərin nizam-intizamını burada görə bilmirəm”

 

Direktor bildirir ki, məktəbinin qəbul göstəriciləri həmişə yaxşı olub. Oranı hər il 8-9 məzun bitirir. Onların 40-50%-i isə tələbə adını qazanır. Müəllimlərin savadına gəlincə isə:

 

“Onların biliyi məni qane edir. Əksəriyyəti MİQ imtahanları vasitəsilə qəbul olunub. Diaqnostik qiymətləndirmədən yüksək bal toplayıblar. Amma biz qədim Kəlbəcərdə işləmiş adamlarıq. Oranın ləzzətini hiss edə bilmirik.Əvvəlki müəllim kollektivinin nizam-intizamını burada görə bilmirəm. Sanki daim bir boşluq, pərakəndəlik var...”

 

“İdarənin bir küncünə sığışmışıq”

 

Hazırda Yevlax rayonunda yerləşən Kəlbəcər məktəblərindən biri də 78 saylı orta təhsil müəssisəsidir. Buranın direktoru Nazim Orucovişğaldan əvvəl də Kəlbəcər məktəbində müəllimlik edib. Pedaqoji fəaliyyətə 1987-ci ildən başlayıb. Deyir ki, Kəlbəcərin keçmiş ənənələrini bu gün də davam etdirir:

 

“Bilirsiz, insanın öz doğulduğu torpaqda, yaşadığı kənddə işləməsi başqa şeydir. Təsəvvür edin, doğulduğum kənd haqda real düşünə bilmirəm. Onu yalnız xəyallarımda görürəm. Burada o mühit yoxdur. Çətinliklərimiz var. İdarənin bir küncünə sığışmışıq. Hərə bir binada məktəb yaratmalı olub.

 

Məktəbdə keçmiş Kəlbəcər təhsilini görən kadrlar işləyir. Hər dövrün öz mühiti var. O dövrdə müəllimlər yaşlı, təcrübəli, hər şeyə qadir idilər. Düzü, indiki gənclər biraz məni qane etmirlər”.

 

Nazim müəllimin gileyi isə həm də başqa məsələdəndir:

 

“Bizə yerli şagirdləri qəbul etməyə icazə vermirlər. Amma yerli məktəb məcburi köçkün məktəbinin şagirdlərini götürür. Bu, bizim üçün çətinlik yaradır. İstərdim, yerli məktəblərə qaçqın uşaqları götürmək qadağan edilsin. Hazırda burada belə qaçqın məktəbi varsa, uşaq niyə orada oxumalıdır? Axı, uşaq sayı azalır. Kontingentin azalması isə məktəbin işinə birbaşa təsir edir”.

 

Nazim müəllim deyir ki, məktəb Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu hesabına təmir olunub. Amma bəzi çatışmazlıqlar davar:

 

“Məktəbdə internet, telefon xətti yoxdur. Kombi sisteminə möhtacıq. Bu gün onu elektriklə qızdırmaq çətindir. İstərdim ki, bir zalımız olsun. Bundan əlavə, modul tipli məktəb tikilsə də, sinif çatışmazlığı var.

 

Ən əsası isə istərdik, Kəlbəcərimiz olsun. O itirdiklərimizi gedib Kəlbəcərimizdə tapaq”.

 

“Adı üstündə, məcburi köçkün məktəbində çalışırıq”

 

Kəlbəcər işğal olunanda Səxavət Camalov hələ tələbə idi. Kəlbəcər məktəblərindən biri onun şagird çağlarına şahidlik edib.  Hazırda Oğuzda yerləşən 95 saylı 95 saylı məktəbin direktorudur:

 

“O məktəb çox doğma idi. Amma indi adı üstündə, məcburi köçkün məktəbində çalışırıq. Çox da güclü şərait yoxdur. Şagird kontingenti oradakı ilə müqayisədə xeyli azdır. Orada 200 şagird vardısa,burada 70-80 məktəbli təhsil alır var. İndi müasir təlimlərə üstünlük verirlər, kurikulum dövrüdür. O vaxt isə bir “Kəlbəcər ənənəsi” vardı”.

 

Səxavət müəllim deyir ki, hazırda məktəbdə 76 şagirdlə 23 müəllim məşğul olur. Keçən il 8 şagirddən 4-ü universitetə qəbul olub. Bu il də 5 şagirdinin tələbə olacağına ümid edir.

 

“Dərsləri bu vaqonlarda keçirik”

 

Məktəbin təmiri məsələsinə gəldikdə isə...

 

“3 modul tipli məktəb tikilib. Onların vəziyyəti normaldır. Amma məktəb həm də 3 vaqonda fəaliyyət göstərir. Dərsləri bu vaqonlarda da keçirik. Onların təmirə çox ehtiyacı var. Hər vaqon 2 sinif tutur. Düzü, uşaqlar üçün çox çətin olur. Çünki yer sıxlığı yaşanır. Üstəlik, vaqonu isitmək çətindir. Neçə ilin vaqonudur. Dəlik-deşikdir. Deşiklərini sement və digər vasitələrlə qapamışıq.Qışda vaqon çox soyuq olur. Bu il 10 maşın odun aldım. Bir təhər yaza çıxa bildik...

 

Valideynlərin isə buna münasibəti normaldır. Əsas odur ki, müəllim dərs keçsin. Dərs onları qane edir. Düzü, artıq buna alışmışıq.

 

Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna bununla bağlı müraciət etmişəm. Gəlib, baxıb layihə cızıblar. Gözləyirik ki, nə vaxt gəlib tikəcəklər...

 

Ən böyük həsrətlə ilə Kəlbəcəri gözləyirik. Bu, daha dəhşətlidir... Bircə arzım var: oralara qayıtmaq...”

 

“İllərdir işıq məsələsi məktəb üçün problemə çevrilib”

 

Rasim Nəbiyevə isə müəllim işləmək işağaldan sonra qismət olub. HazırdaGoranboyun Veyisli kəndindəki 77 nömrəli Kəlbəcər məktəbinin direktorudur.  Deyir ki, məktəbində vaxtilə Kəlbəcərdə işləmiş təcrübəli müəllimlər var.

 

Məktəbdə 600-balı keçən olmasa da, ötən il 7 məzunundan 5-i tələbə adını qazanıb. MİQ imtahanı ilə qəbul olunan müəllimlərin göstəriciləri xüsusilə qənaətbəxaşdir:

 

Rasim müəllim “bəlkə də bu gün Kəlbəcər üçün bu sözü demək yerinə düşməz” deyib çox həyalı, ehtiyatlı şəkildə əlavə edir:

 

“Amma bu məktəb yaranandan bugünəcən dəfələrlə müraciət etmişəm. Təmirə kömək edilmir. Xırda təmir işlərini öz hesabımıza görmüşük. Döşəməyə əvvəl beton  vurulub. Mən isə onun üstünə döşəmə vurdurmuşam. Hava sızdığına görə 2-3 ildən sonra çürümə verib.

 

Bundan əlavə, illərdir işıq məsələsi bizim üçün problemə çevrilib. İşığı bir işçinin evindən götürdüyümüzə görə həmişə problem yaşayırıq. Kimdənsə şikayət etmirəm, sadəcə kömək istəyirəm. Transformator məktəbdən cəmi 20 metr məsafədədir. Amma ayrıca sayğac çəkdirmək üçün 1600 manat pul köçürülməlidir. Bu məbləği tapa bilmədiyimizə görə, bəzən işıqsız qalırıq.

 

İstərdim ki, başqa məktəblər kimi bizim də idman zalımız olsun. Şagirdlərin məktəb həyatı rəngli olsun. İnternet, telefon xətti yoxdur. Şagirdlərə kompüteri güclə göstərə bilirik”.

 

Daha sonra Rasim müəllim fəxrlə əlavə edir:

 

“Bu məktəbdə IX sinfə qədər bir nəfər də hazırlığa getmir. X-XI sinif şagirdlərini isə öz məktəbimizin müəllimləri hazırlaşdırır. Hələ başqa təhsil müəssisələrindən də bizim məktəbə hazrılığa gəlirlər. Sırf kadr güclü olduğuna görə. Görünür, müəllimlər Kəlbəcər məktəbinin ənənələrinə sadiqliklərini bu cür göstərirlər”.

 

Qeyd edək ki, bu material 2 aprel  2019-cu il tarixində hazırlanıb.

 

Tezliklə Qarabağda olmaq ümidi ilə....

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları