Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 12:36:00
1300 nəfərdən çox namizəd vakant yer tutmaq hüququ əldə edib

MİQ-də yerləşdirmə başa çatdı

 

AzEdu.az xəbər verir ki, müəllimlərin işə qəbulu müsabiqəsində son mərhələyə - müsahibə mərhələsinə hazırlıqlar gedir. Artıq əlavə yerləşdirmə də başa çatıb və uğur qazanan namizədlər müddətli müqavilələrlə seçdikləri məktəblərdə işə başlayıblar. E.Bağırov bildirib ki, işə qəbul müsabiqəsinin nəticələrinə əsasən 6417 namizəd işə qəbul olunub: “Müsabiqənin əsas mərhələsində 5066 namizəd vakant yer tutmaq hüququ qazanıb. Müsabiqənin əlavə yerləşdirmə mərhələsində isə əsas mərhələdə vakant yer tuta bilməyən namizədlər iştirak edib və 1351 namizəd vakant yer tutub”.

 

Bu il müsabiqəyə çıxarılan vakant yerlərin sayının artdığını vurğulayan E.Bağırov təkcə son vakansiya seçiminə 1000-dən artıq yer çıxarıldığını deyib: “Əvvəlki illərdən fərqli olaraq, bu il müsabiqəyə daha çox vakant yer çıxarılıb. 2018 və 2019-cu illərdə müəllimlərin işə qəbulu müsabiqəsinin əsas vakansiya seçimi mərhələsinə 7200-7300 vakant yer çıxarılırdısa, bu il bu rəqəm 8321 təşkil edib. Ötən illərlə müqayisədə bu göstərici 14 faiz daha çoxdur. Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə namizədlərə ilk turda elan edilib ki, boş vakansiyalardan əlavə, 1241 yeni vakansiya çıxarılıb. Həmin vakansiyaların təqribən 400-ü Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrindədir”.

 

Şöbə müdiri bu amilin müsahibə mərhələsinin müddətinə də təsir edəcəyi qənaətindədir: “Yerləşdirilən namizədlərlə müddətli əmək müqaviləsi bağlanılır. Onlarla oktyabr ayının ikinci yarısından başlayaraq müsahibələrə başlanılması nəzərdə tutulub. İlk növbədə ucqar kənd məktəblərinə təyinat alan namizədlərin müsahibələrinin keçirilməsi planlaşdırılır. Bildiyiniz kimi, daimiləşmə müsahibələri əsasən tədris ilinin sonunda keçirilir. Bu il sanitar-epidemioloji vəziyyətlə əlaqədar dəyişiklik edildi. Bu il işə qəbul olunanların da, vakant yerlərin də sayı daha çox olduğundan müsahibələrə qatılacaq namizədlərin sayı artıb. Ola bilər ki, müsahibələr gələn il də davam etsin”.

 

Müsabiqə bitdi, tutulmayan yer qaldı

 

Namizədlərə təklif edilən yerlərin sayı hər il çoxalsa da, tutulmayan vakant yerlər o qədər də çox deyil. Əsasən ucqar kənd ərazilərində və musiqi, təsviri incəsənət fənləri üzrə boş qalan yerlər daha çoxdur. E.Bağırovun sözlərinə görə, həmin yerlər üçün də əlavə yerləşdirmə aparılacaq: “Tutulmayan vakant yerlərə əlavə yerləşdirmənin də oktyabr ayında keçiriləcəyi nəzərdə tutulur”.

 

Ruhiyyə DAŞSALAHLI

Azərbaycan müəllimi