Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 14:00:00
“Mövcud şəraitdə onlayn təhsilin keyfiyyəti müqayisələndirmə obyekti ola bilməz” –Nadir İsrafilov

 

Hesab edirəm ki, bu gün -  pandemiyanın bütün bəşəriyyəti cənginə aldığı bir şəraitdə,  müəyyən şikayətlər və narazılıqlar olduğu halda belə, onlayn tədris prosesinin təhsilin keyfiyyətinə təsiri,  bunun nə kimi effekt verib, verməyəcəyi kimi məsələləri mübahisələndirmək o qədər də real görünmür.

 

 

Ölkə başçısının yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciətində də deyildiyi kimi:

 

“Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür...”

 

 

Yəni qabaqcadan da bildirildiyi kimi, ümumi nəticə ondan ibarətdir ki, əvvəlki illərdən fərqli olaraq, 2020-2021-ci tədris ili qeyri-standart üsulla, uyğunlaşdırılmış tədris planları əsasında başlayacaq. Başqa sözlə,  şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma tətbiq olunacaq.  Başlıcası odur ki, 15 sentyabrda, bütün təhsil müəsissələrində tədris yenidən bərpa olunub, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən bütün məhdudiyyətlər nəzərə alınıb.

 

Bununla belə şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma  yekun qərar olmayıb, ümumiləşdirilmiş təklif və təhlillərdən ibarət təxmini planlaşdırma olsa da, bu gün üçün hələ ki, real variant budur. Eyni zamanda, o da xüsusi olaraq vurğulanmalıdır ki, yeni tədris ili üçün müxtəlif ssenarilərə əsasən belə bir hibrit formatın müvəqqəti tətbiqi kimin və ya kimlərinsə subyektiv fikirləri olmayıb, təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsipləri gözlənilməklə və ümumi ictimai rəy nəzərə alınmaqla hazırlanan və təhsildə yeni çağrışlara uyğunlaşdırılan  bir qərardır.

 

 “Virtual məktəb” platforması genişləndirilir, teledərslər davam etdiriləcək, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi, təhsilimizin modernləşməsi,  interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır, bir qədər də konkretləşdirsək, epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar və yeni prosedurların hazırlanmasına ciddi önəm verilir.

 

Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə imzaladığı son əmrdə məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi və bir sıra digər məsələlərlə yanaşı, koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq, distant (məsafədən) təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlb edilməsi də nəzərdə tutulur.

 

Əlbəttə, istəsək də, istəməsək də danılmaz faktdır və bunu qəbul etmək zorundayıq ki, distant dediyimiz məsafədən təhsil üz-üzə, yəni ənənəvi hesab etdiyimiz təhsili əvəz edə bilməz. Başqa sözlə, əksər mütəxəssislərin də qəbul etdiyi kimi heç bir texniki vasitə, digər yüksək texnologiyalar, insanlararası canlı ünsiyyəti əvəz edə bilməz. Bununla belə sosia-iqtisadi həyatın bütün sahələrində olduğu kimi pandemiya təhsil sferası üçün də bir çağırış oldu və bu mənada, təhsilimiz də bütün çağırışlara hazır olmalıdır və bu hazırlıqla əlaqədar bütün mümkün olan işlər görülüb və görülməkdədir.

 

 

Bununla belə  şagirdlərin dərsi mənimsəməsi üçün mümkün olan bütün lazımi şərait  yaradılıb. Belə ki, mövcud vəziyyətlə əlaqədar, tam orta təhsil səviyyəsini bitirən və növbəti pillədə təhsillərini davam etdirmək niyyətində olan məzunlara yarana biləcək hər hansı bir çətinliyin aradan qaldırılması məqsədilə böhranlı vəziyyətdən çıxış yolu kimi təbii hadisənin təhsilə ciddi təsirini minimuma endirmək, vəziyyəti normal axara salmaq üçün mütəmadi onlayn və teledərslər və digər ehtiyat mexanizmlərinə istinad etməklə bütün mövcud tədbirlər həyata keçirilir. Təkcə, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən, ölkənin ən iri onlayn platforması olan “Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötüb, yüzlərlə dərs “YouTube” kanalında yerləşdirilib, dərsdə iştirak etməyənlərə, kanalda dərsi tapıb yenidən baxmaq imkanı yaradılıb.

 

 

Düzdür, regionların internetlə təhcizatı, internetin sürəti və məsrəfləri ilə bağlı problemlər var və bu istiqamətdə aidiyyatı qurumlarla müzakirə aparılmaqdadır. Buna görə də hibrid formanın tətbiqi məqbul hesab olunur.  Bu məsələ bizim arzu, istəklərimizdən, iradəmizdən asılı deyil. Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif modellər hazırlanır. Bir də Ümümdünya Səhiyyə Təşkilatı, UNİSEF kimi təşkilatların tövsiyələri nəzərə alınmalıdır.

 

 

Bir də ki, epidemioloji vəziyyətlə bağlı, ənənəvi dərsə başlasaydıq belə pandemiyadan asılı olmayaraq "Virtual məktəb" layihəsi, teledərslər, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi təhsilimizin modernləşməsi, interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından zəruri olacaqdı. Çünki, virtullıq zamanın tələbidir, teledəslərlə bağlı hələ sovet dönəmindən kifayət qədər təcrübəmiz olub, distant təhsil isə təhsil qanunvericiliyimizdə öz əksini tapıb.

 

Ən başlıcası isə odur ki, son yarım ili keçən bir müddət ərzində təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib. Bu kimi məsələlər ölkə başçısının diqqət mərkəzində olub, dövlətin və əlaqədar qurumların tam nəzarətindədir, təhsilin fasiləsizliyini və  davamlılığının təmin edilməsi üçün bütün mümkün imkanlardan istifadə olunur və bütün maddi və mənəvi resurslar səfərbər edilib.  Ənənəvi təhsillə onlayn-təhsilin birləşdirilməsi bu günümüzün başlıca tələbidir. Hər hansı bir ciddi narahatçılığa və nigarançılığa  əsas görmürəm. Hər şey zamana bağlıdır.

 

Nadir İsrafilov, təhsil eksperti

TN yanında İctimai Şuranın sədr müavini