Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 13:11:00
AzTU-da “Açıq Qapı” günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib.

AzEdu.az xəbər verir ki, Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir.  Qeyd olunub ki, universitetdə əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Lakin hazırda I, II kursda oxuyan bütün tələbələrdən də imtahanlar yazılı şəkildə götürülür. Rektor əvəzi bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin Elektron Portalında yerləşdirilir.

Xalıq Yahudov onu da vurğulayıb ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

Xalıq Yahudov İctimai Şura üzvlərinə və KİV nümayəndələrinə bildirib ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şərait yaradılır. İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir. Qeyd olunub ki, şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər.

Mediaturdan sonra valideyinlərin və KİV nümayəndələrinin iştiakı ilə universitetin İctimai Şurasının iclası keçirilib. İclasda AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib.