Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 16:32:00
Onlayn tədris məsələsi regionlarda böyük problemə çevrilib – Aktual durum

 

 

COVİD-19 infeksiyası pandemiya elan olunduqdan sonra dünya ölkələrinin ilk atdığı önləyici tədbirlərdən biri də kütləviliyin qarşısını almaq məqsədi ilə təhsil müəssisələrinin qapadılması oldu. UNESCO-nun verdiyi məlumata görə 1 milyarda yaxın insan real təhsildən uzaqlaşıb.

 

Pandemiyanın ocağı olan Çində distant təhsilə yanvar ayından keçildi. Lakin infeksiyanın sayında azalma müşahidə edildikdən sonra əyani təhsil yenidən  aktuallaşmağa başladı.

 

Amerika Birləşmiş Ştatları pandemiya rəsmi elan edilməmişdən əvvəl mart ayının 6-dan onlayn tədris üsulunu seçdi. Yoluxma sayında kəskin artım hələ də davam etdiyi üçün təhsil müəssisələrinin ilin sonuna kimi açılmayacağı nəzərdə tutulur.

 

İngiltərə də mart ayından etibarən distant təhsilə keçib. Lakin yay aylarında alınan qərara əsasən sentyabrda məktəblər yenidən açıldı.

 

Almaniyada martdan etibarən məktəblər bağlansa da, iyun ayında təhsilin davamlılığını artırmaq üçün məktəblər onlayn tədrisdən əyani tədrisə keçdi. Lakin yoluxmada olan kəskin artım və əhali narazılığı səbəbindən hökumət məktəbləri bağladı. Hazırda ölkədə Almaniyada təhsil onlayn olaraq davam edir.

 

Qonşu Türkiyə də infeksiyanın qarşısını almaq məqsədi ilə ilk atdığı tədbirlərdən biri məktəblərin bağlanması oldu. Təhsil naziri Ziya Səlcuğun əmrinə əsasən, dərslər distant formada keçirildi. Hazırda yeni tədris ilinin sentyabrın sonuna kimi distant formada keçiriləcəyi nəzərdə tutulub.

 

Lakin son günlərdə ölkədə yoluxma sayında olan artım nəticəsində tədrisin ilin sonuna kimi distant formada təşkil olunacağı düşünülür.

 

 

Digər qonşumuz olan Gürcüstanda isə son günlər infeksiyanın kəskin artması nəticəsində məktəblər distant təhsil üsulunu seçiblər.

 

 

Ölkəmizdə ilk yoluxma faktı 26 fevralda qeydə alındıqdan sonra 3 martda Nazirlər Kabinetinin yanında Operativ Qərargahın əmri ilə təhsil müəssisələrində tədris və buna bağlı bütün məsələlər təxirə salındı. Təhsildə davamlılığı artırmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” verilişinə start verildi. Lakin yoluxma sayında olan artım hökuməti əlavə tədbirlər atmağa sövq etdi. Belə ki, aprel ayından etibarən Micrasoft Teams proqramı vasitəsi ilə orta məktəblərdə tədris prosesi onlayn qaydada təşkil olundu. Distant təhsilin geniş yayılmadığı bir zamanda ölkəmizin genişmiqyaslı onlayn təhsilə hazır deyildi.Bu da öz növbəsində bir sıra problemlərə yol açdı.

 

AzEdu.az-a danışan təhsil jurnalisti Niyazi Şərifsoy distant təhsillə bağlı fikirlərini bildirib:

 

“Dünyanı cənginə alan karonavirus pandemiyası distant təhsilin vacibliyini bizə bir daha sübut etdi. Etiraf edək ki, ölkəmizdə distant təhsil illər öncə mövcud olsa da, indiki kimi gündəmdə deyildi. Fikrimcə biz istəsək də, istəməsək də distant təhsili qəbul etməliyik. Əsas məsələ bu təhsil modelini düzgün tətbiq etməkdir. Tədris prosesi zamanı distant təhsilin tələblərini yerinə yetirmək çox vacibdir. Bir məsələni də qeyd edim ki, istər distant olsun, istərsə də ənənəvi məqsəd öyrənmək və oyrətməkdirsə, bütün maneələri aşmaq olar. Nəzərə alaq ki, burada valideynlərin də üzərinə böyük məsuliyyət düşür.

 

Düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən yaradılan "Virtual məktəb" layihəsi məsafədən tədrisin təşkilinə geniş imkanlar yaradır.

 

Düşünürəm ki, distant təhsili qəbul etməliyik. Əgər biz məsafədən təhsili cəmiyyət olaraq qəbul etməsək, o zaman geri qalarıq”.

 

Zirvə Tədris Mərkəzinin rəhbəri Rahib İbrahimov distant təhsil və buna bağlı problemlərdən söz açıb:

 

“Bir çox dövlətlərdə distant təhsil sistemi tətbiq edildi. Ölkəmizdə bu təhsilin əsas problemlərdən biri regionlarda ciddi şəkildə internet probleminin olmasıdır. Hazırda bəzi bölgələrimizdə maddi-texniki və kadr bazası çox aşağı səviyyədədi. Xüsusən də, bu  bölgələrdə İTK bilgiləri ürəkaçan imkanda deyil. İlk olaraq bu bilikləri inkişaf etdirmək üçün treninqlər keçirilməlidir. Rayonlarımızda bu məsələ ilə bağlı həqiqətən də, böyük problemlər var. Onların əsas səbəbləri internet şəbəkəsinin aşağı olması , kadr çatışmazlığı və məktəblərdə işləyən müəllimlərin kompüter bilgilərinin az olmasıdır.

 

Distant təhsilin regionlarda rahat şəkildə istifadə olunması  üçün ilk olaraq şagirdlərə tabletlər verilməli, məktəblərdə internet probleminin həll olunmalı və kadrların bu sahədə təlimlərə cəlb olunması  mütləq şəkildə təşkil edilməlidir”.

 

Nəticə olaraq onu qeyd edək ki, pandemiyanın sürətli artması  bizi hələ uzun müddət distant təhsilə yönəlməyə sövq edəcək. Ona görə də onlayn tədrisin inkişafı istiqamətində tədbirlər həyata keçirilməlidir.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları