Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 14:54:00
Nəhəng Qara dəliklər Kainatın sirlərini anlamağa kömək edə bilər  

Astronomlar uzun müddətdir kütləsi yüzlərlə milyard Günəş kütləsinə bərabər olan Qara dəliklərin mövcudluğu ehtimalı üzərində fikirləşirlər.

 

Almaniyanın Münxen şəhərində yerləşən Ludviq Maksimilians Universitetinin (Ludvig Maximilians Universitet) kosmoloqu Florian Kinel hesab edir ki, belə supermassiv Qara dəliklərin mövcudluğu prinsipcə mümkündür.

 

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a verilən məlumata görə, müasir təsəvvürlərə görə qalaktikaların mərkəzində müşahidə olunan ifrat massiv Qara dəliklər bir neçə az kütləli Qara dəliyin birləşməsi və yaranan Qara dəliyin ətrafında olan materiyanı zəbt etməsi nəticəsində formalaşıb. Lakin bu hipotez, bir neçə milyard ildə belə Qara dəliyin formalaşa bilməsini izah edə bilmir. Londondakı Kraliça Meri Universitetinin (Queen Mary University) əməkdaşı Bernard Kapp hesab edir ki, ifrat massiv Qara dəliklərin rüşeymi (bir yerə toplanmış nəhəng kütlə) Böyük Partlayışın ilkin saniyələrində sıxlığın təsadüfi fluktuasiyaları nəticəsində yarana bilər. Sonradan isə həmin ilkin Qara dəliklər daha böyük kütləli Qara dəliklərin yaranmasına səbəb ola bilər.

 

Astronomlar hesab edir ki, qravitasiya linzalarından istifadə etməklə ifrat kütləli Qara dəlikləri aşkar etmək mümkündür və bu Qara dəliklər Kainatın yaranışı və qaranlıq materiyanın təbiəti ilə əlaqədar problemlərin həllində yardımçı ola bilər.

 

Qeyd edək ki, indiyə kimi məlum olan ən massiv Qara dəliyin kütləsi 66 milyard Günəş kütləsinə bərabərdir. Bu Qara dəlik TON 618 kvazarının mərkəzində yerləşir.