Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 13:52:00
“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ    

Azərbaycan məktəblərində yeni tədris ilinin başlaması ilə “Virtual Məktəb” layihəsi yenidən distant və hibrid təhsilin ayrılmaz hissəsinə çevrilib.

 

AzEdu.az xəbər verir ki, platformanın yeni imkanları, istifadəçilərin qarşılaşdıqları problemlərlə bağlı Media.Az Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova ilə söhbət edib.

 

Onun sözlərinə görə, bu tədris ilində “Virtual Məktəb”dəki əsas yenilik məktəb administrasiyasının bütün onlayn sinifləri izləmə imkanının olmasındadır:

 

“Direktor və müavinlərin neçə müəllim və şagirdin qeydiyyata alındığı, onların nə qədər fəal olduqları, hansı müəllimin saat neçədə onlayn dərs keçdiyi, hansı əyani materiallardan istifadə olunduğu, evə nə tapşırıldığı, uşaqların hansı qiyməti aldığı barədə məlumat imkanı əldə ediblər. Bu, prosesi izləməyə və hesabatlar tərtib etməyə imkan verir. Direktor və müavinlər istənilən dərsə qoşulub tədrisin keyfiyyətini yoxlaya bilərlər. Hər şey real məktəbdə olduğu kimidir”.

 

Təhsil Nazirliyinin nümayəndəsi qeyd edib ki, ötən tədris ilində qeydiyyatdan keçmiş istifadəçilər platformaya əvvəlki istifadəçi adı və şifrəsi ilə daxil ola bilərlər:

 

“Ümumiyyətlə, “Virtual Məktəb” yeni tədris ilinə texniki cəhətdən tam hazırdır. Bizə ən çox  müraciət olunan məsələyə gəldikdə, istifadəçilərin parollarını itirməsini qeyd edə bilərəm. Çox vaxt şagirdlər və onların valideynləri giriş şifrələrini unudurlar, istifadəçi adını xatırlamayanlara da rast gəlinib. Bunun üçün bir neçə yeni xüsusiyyət təqdim etdik. Yenidən dizayn edilmiş veb saytda həm təhsilalanlar, həm də müəllimlər üçün bir çox video təlimat var.

 

Məsələn, orada müəllimlər üçün təqvimlərin yaradılması, dərslərin tədrisi, kanalların yaradılması, ev tapşırığının yerləşdirilməsi, testlər, şagirdlərlə görüşlərin təşkili və parolun bərpasından bəhs edilir. Yəni, valideynlər ora daxil olaraq təlimatlara baxa, bundan sonra şifrəni müstəqil şəkildə özləri bərpa edə bilərlər.

 

Əlavə olaraq qeyd pəncərəsinin altında “Şifrənizi unutmusunuz?” düyməsi var. Bu düyməyə basaraq ya parolu bərpa etmək, ya da yenisini əldə etmək mümkündür. Bunun üçün qeydiyyat zamanı göstərilən elektron poçt ünvanı və mobil telefon nömrəsini daxil etmək lazımdır. Məsələ burasındadır ki, kod elektron poçta göndərilir, telefon isə təhlükəsizlik məqsədi ilə şəxsiyyəti təsdiqləmək üçün vacibdir.

 

Ancaq təəssüf ki, valideynlər hətta qeydiyyatdan keçərkən hansı elektron poçt ünvanından istifadə etdiklərini belə xatırlamırlar, bu da böyük problemlərə səbəb olur. Belə vəziyyətdə texniki dəstək işçiləri istifadəçinin profilinə daxil olmalı və qeydiyyatın elektron poçt ünvanını dəyişdirməlidirlər. Ona görə bu gün əsas problem şifrənin bərpasıdır”.

 

Departament rəhbərinin sözlərinə görə, şagirdlərin və ya müəllimlərin sistemdə yeni siniflərini görməməsi ilə bağlı da tez-tez müraciətlər olur.

 

“Bunun məntiqi izahı var. Daha əvvəl dediyim kimi, idarəetmə direktorların əlindədir. Yəni onlar siniflərə müəllimləri əlavə etməlidirlər, müəllimlər də şagirdlərin onları görə bilməsi üçün aktivləşdirməlidirlər. Bu iyerarxiya prosesidir: direktor müəllimə, müəllim isə şagirdə icazə verir. Yəni uşaqlar sinfi görmürlərsə, müəllimə, müəllim isə direktora müraciət etməlidir. İnsanlar bu mövzuda bizə müraciət etdikdə onları məktəbə yönləndiririk”.

 

O, həmçinin bu dərs ilində “Virtual Məktəb”lə bağlı sual, şikayət və təkliflər üçün “146-4” qısa nömrəli qaynar xəttin qurulduğunu da qeyd etdi:

“Bu “qaynar xətt” digər məsələlərlə bağlı nazirliyə müraciət edənlər üçün nəzərdə tutulmayıb, yəni növbədə yalnız “Virtual Məktəb”ə müraciət edənlər gözləyir. Bəzən video təlimatını izləmək istəməyən valideynlər əlaqə saxlayırlar, halbuki bəzi məsələlər onun köməyi ilə həll edilə bilər.

 

Bundan başqa saytda “Tez-tez verilən suallar” bölməsi var, burada maraqlandığınız suallara cavab ala bilərsiniz. Ancaq bir çoxu ən asan yolu – zəng etməyi seçir, bu da növbədə gözləmə müddətinin artmasına səbəb olur. 15 sentyabrdan bu yana valideynlərin və şagirdlərin zənglərini üç işçi cavablandırırdı, lakin tələb yüksək olduğundan onların sayını artırmaq məcburiyyətində qaldıq”.

 

“Virtual Məktəb” istifadəsinin məcburi olub-olmadığı və ya digər platformalar vasitəsilə onlayn dərs keçirməyin mümkünlüyü barədə suala F.Nəcəfova müsbət cavab verdi.

 

“Əlbəttə, bilirik ki, bəzi şagirdlər internet keyfiyyətsizliyi ilə üzləşirlər və ya onlar üçün bu, ümumiyyətlə əlçatan deyil, kompyuteri və ya smartfonu olmayan ailələr var, kompyuterdən istifadə edə bilməyənlər var, hansı ki, daha sadə ünsiyyət üsulunu seçirlər. Əsas məsələ mümkün olan bütün vasitələrlə, məsələn, “Zoom” və ya “WhatsApp” tətbiqetmələrindən istifadə edərək şagirdləri təlim prosesinə cəlb etməkdir.

 

Ancaq yenə də mümkün olduğu qədər “Virtual Məktəb”in istifadəsini təkidlə tövsiyə edirik. Axı şagird digər platformalardan istifadə edərkən bir sıra üstünlüklərdən məhrum olur. Məsələn, “Virtual Məktəb” çərçivəsində keçirilən müsabiqələrdə, yarışmalarda iştirak edə bilmir. Direktor onlayn dərsin keçirilib-keçirilmədiyinə, neçə şagirdin qoşulduğuna nəzarət edə bilmir. “Virtual Məktəb” şagirdlərin dərsi bir daha nəzərdən keçirə bilməsi üçün dərsi qeyd etməyə və saxlamağa imkan verir. Həmçinin, televiziya dərslərinə baxmaq, onlarla bağlı testlər etmək imkanı da var”.

 

F.Nəcəfovanın sözlərinə görə, müəllimləri və valideynləri bu prosesə cəlb etmək üçün İKT biliklərini təkmilləşdirmək və interaktiv vasitələrdən istifadəni öyrətmək üçün davamlı olaraq pulsuz təlimlər keçirilir.

 

“Hazırda “Virtual Məktəb”dəki istifadəçi sayı təxminən milyona (təqribən 900 000 şagird, 100 000 müəllim) çatıb. Qeydiyyat problemləri əsasən məktəbəqədər və birinci sinif şagirdləri ilə bağlı yaranır. Çünki onların siyahısı Ümumi Təhsil Müəssisələrinin

 

İnformasiya Sistemi (UTİS) bazasında hələ təsdiqlənməyib. Bu prosesin oktyabr ayının əvvəlində başa çatacağı gözlənilir”, - deyə Fidan Nəcəfova sözlərini yekunlaşdırıb.