https://www.zirve.edu.az/
28.02.2018 22:04
Tanınmış ailənin Küveytdə dərs deyən alim övladı: “Müasir dövrdən xəbərsizlik”

Türkər Qasımzadə Küveytdəki  Yaxın Şərq Amerika Universitetində Dünya Musiqisi və Müasir Musiqidə Ritm fənlərini tədris edir. Ondan əvvəl isə ABŞ-ın bir neçə nüfuzlu ali tədris ocaqlarında çalışıb. Sinsinnati Universitetində bəstəkarlıq və elektron musiqi fənlərindən bakalavr və magistrlara dərs deyib. 30 yaşı bu il tamam olur. Kifayət qədər gənc olmasına baxmayaraq, getdikcə dünyanın bir çox ölkələrində güclü musiqiçi və müəllim kimi tanınmaqdadır.

O, mərhum şair Qasım Qasımzadənin nəvəsi, Quranın tərcüməçisi, şərqşünas Nəriman Qasımoğlunun oğludur.

AzEDU saytı Türkər Qasımzadə ilə müsahibəni təqdim edir:

- Türkər bəy, əvvəlcə zəhmət olmasa, özünüz haqqında məlumat verin. Bakı Musiqi Akademiyasından nüfuzlu Amerika və Küveyt universitetlərinə aparan uğurdan danışardınız...

- Qısa və yalnız birxətli yol xəritəsi verməli olsam, çox güman, onu bu şəkildə təsvir edərdim: Bakı Musiqi Akademiyasında professorlar Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov və Aydın Əzimovun siniflərində bəstəkarlığın bakalavr dərəcəsinə yiyələndim. Daha sonra Nyu-Yorkun Manhetten Musiqi Məktəbinə (oxucular üçün bu təhsil ocağının adını hərfi tərcümə edək, istəyirəm bilsinlər ki, ABŞ-da ali musiqi dərəcəsi verən bir çox tədris mərkəzlərinin adında sadəcə “school”, dilimizdəki “məktəb” sözü keçir) qəbul olundum. Orada alman əsilli bəstəkar Reiko Fuetingin sinfində magistratura təhsilini aldım. Bunun ardınca da Sinsinnati Universitetinin bəstəkarlıq üzrə doktorluq dərəcəsi verən proqramını oxudum. Orada amerikalı bəstəkarlar Mara Helmuth və Michael Fidayin siniflərində doktorluğumu da uğurla başa çatdırdım. Doktorluq təhsili illərində Sinsinnati Universitetində bəstəkarlıq və elektron musiqi fənlərindən bakalavr və magistrlara dərslər verdim. Təhsilimi tam bitirdikdən sonra isə elə həmin universitetdə bir il də Yaxın Şərq musiqisi ilə bağlı fənni tədris etdim. Bu fənn daxilində amerikalı tələbələrə bir neçə dərs ərzində Azərbaycan musiqisi haqqında ümumi bilgilər vermək üçün gözəl bir şansım da oldu. Sonra ölkəmizə qayıdıb bir semestr ADA Universitetində Azərbaycan musiqisi və Ümumi Musiqi fənlərini tədris etdim. Həmin dərs ilində paralel olaraq Azərbaycan Milli Konservatoriyasında da müəllimlik fəaliyyətimi davam etdirdim. Bu ildən etibarən Küveytdə yerləşən Yaxın Şərq Amerika Universitetində Dünya Musiqisi və Müasir Musiqidə Ritm fənlərini tədris etməklə məşğulam. Yuxarıda sadaladığım tədris ocaqları uzunmüddətli əməkdaşlıq etdiyim universitetlərdir. Bunlardan savayı San-Fransisko Dövlət Universitetində, Manhetten Musiqi Məktəbində, Norveçin Stavanger Dövlət Universitetində müxtəlif mövzular üzrə mühazirələrim də olub və elə bilirəm, bunu da müəllimlik fəaliyyətimə aid etmək olar.

- Yəqin, Küveyt universitetində bəstəkarlığın, musiqinin sirlərinin tədrisinin məsuliyyəti bir başqadır...

- Yuxarıda qeyd etdiyim kimi bu universitetdə bəstəkarlıq deyil, ümumi musiqi fənlərindən dərs deyirəm. Bu fənlərin çərçivəsində əhatə olunan əsas istiqamətlər musiqi tarixi, nəzəriyyəsi və praktikasıdır. Qeyd edim ki, dərs dediyim tələbələr musiqiçi deyillər və universitetdə musiqi fənni üzrə dərəcə verilmədiyindən tələbələrə dediyim dərslər əlavə fənn xarakteri daşıyır. Bununla belə, qeyri-musiqiçilər üçün dərs deməyin ayrı bir məsuliyyəti var, bunu daha çox burada dərs deyərkən anladım. Həyatlarında ilk dəfə musiqi dərsinə yazılmış ərəb tələbələrini, məsələn, Renesans dövrü Avropa bəstəkarlarının əsərləri və həmin əsərlərin ümumi mahiyyəti haqqında bilgiləndirmək məndən ötrü bir müəllim kimi xüsusi növ təcrübədir.

Şərq musiqisindəki mistikanı, irrasionallığı praqmatik Avropa və  ABŞ insanı necə qəbul edir?

- Sənətdə, xüsusən də musiqidə Şərq və Qərb qarşılaşdırılmasını doğru hesab etmirəm. Məncə, şişirdilmiş məsələdir. Mistika və irrasionallığa gəldikdə isə qeyd edim ki, musiqi anlayışı ümumən, bu sözlərdə hansı məzmun təlqin olunursa, onu tam şəkildə ifadə edir. İfadə vasitələri əsasən, səs və vaxt məfhumlarından ibarət musiqi rasionallaşmaya nə qədər can atırsa, bir o qədər də irrasionallaşır. Aydınlaşdıqca isə  metafizik və mistik bir  məzmun kəsb edir, öz səs dalğaları ilə dünyaya və insana dayanmadan təsir edir, onları dəyişdirir. Qərb musiqisilə müqayisədə Şərq musiqisinin mistikası daha çoxdur deyə düşünən xeyli adam var ki,  yanılırlar – musiqi olan yerdə mistika və irrasionallıq rasionallıqla bərabərhüquqlu və çox hallarda daha üstün iştirakçılardır. Dahi rus bəstəkarı Aleksandr Skryabinin musiqisindəki mistika, amerikalı bəstəkar George Crumbın əsərlərindəki irrasionallığı, alman bəstəkarı Karlheinz Stockhausenin musiqisindəki meditativliyi, fransız bəstəkarı Pierre Boulezin mistisizmlə nəfəs alan əsərlərini  təhlil edərkən sual verməli olursan ki, məgər, bunlar Şərq musiqisinə aid etdiyiniz mistika və ya irrasionallığa azmı iddia edə bilər? Əlbəttə, belə deyil.

- Dünyanın müxtəlif ölkələrindən olan tələbələrin bir azərbaycanlı gəncin mühazirələrinə olan diqqəti necədir?

- Gənc olmağımı doğru vurğulayırsınız. ABŞ-da oxuduğum müddətdə orada doktorluq dərəcəsində təhsil alanların yaş həddi barəsində araşdırma aparılsaydı, bu siyahıda, çox güman, azlıqda olacaqdım. Bu üzdən, dərs dediyim auditoriyalarda bəzən öz həmyaşıdlarım, bəzən daha yaşlılarla da rastlaşmışam. Tələbələrlə tanışlıq müddətində Azərbaycandan olmağımı qeyd edirdim. Ölkəmiz, onun mədəniyyəti ilə bağlı sualları hər zaman çalışmışam, həssaslıqla cavablayım. Diqqətə gəldikdə isə bununla bağlı bir qədər, necə deyərlər, rasional cavab verim. Məsələ burasındadır ki, sessiya və qiymətləndirmə başa çatdıqdan və qiymətlər elektron sistemə yükləndikdən sonra kompüter hesablaması dərs dediyin sinfin ümumi ortaq qiymətini dəqiq şəkildə üzə çıxardır. Dərs dediyim dövrlərdə ümumi ortaq qiymət hər zaman qənaətbəxş olduğuna görə, deyə bilərəm ki, dərslərimə diqqətli tələbələr çoxluqda olmuş, yaxşı oxumuşlar. Keçmiş tələbələrimlə xoş münasibətləri dərs müddətindən sonra da davam etdirirəm.

Maraqlıdır, müxtəlif irqdən, millətdən, xalqlardan olan insanlara dərs dediyiniz zaman Azərbaycan musiqisindən nə kimi sitatlar gətirirsiniz və onların buna münasibəti necə olur?

- Sinsinnati Universitetində Yaxın Şərq Musiqisi fənnini tədris edəndə Azərbaycan musiqisinə bir neçə ayrıca dərs ayırmışdım. Bu dərslərdə çalışmışdım ki, musiqimizin ən qədim dövrlərdən bu günədək keçdiyi inkişafa dair məlumatları çatdıra bilim. Söhbət Azərbaycan musiqisinin  çoxşaxəli istiqamətlərindən gedir. Azərbaycan operası, baleti, simfoniyası, muğamı, aşıq musiqisi, rok musiqisi, caz musiqisi hər zaman tələbələrimin böyük marağına səbəb olub. Xoşdur ki,  özlərinin də ifadə etdiyi kimi, onların ümumi musiqi biliklərinin zənginləşməsində bizim musiqi nümunələri də mühüm rol oynayıb.  

Maraqlıdır, tələbələriniz arasında sizdən Azərbaycan haqqında əsasən nə soruşur və nə ilə maraqlanırlar?

- Müşahidə etmişəm ki, musiqiçi tələbələrimi ən çox Azərbaycan muğamı, onun strukturu, musiqi alətləri və ifa texnikaları maraqlandırır. Musiqiçi olmayan tələbələrim isə ölkəmiz haqqında onun coğrafiyasından tutmuş mədəniyyəti, incəsənətinin bütün sahələri ilə maraqlanırlar.

Bir qədər də dərs metodikanız, tədris üsullarınız barədə danışaq...

- Yuxarıda qeyd etdiyim tədris ocaqlarında tətbiq edilən və mənim də mənimsədiyim metodika yeni texnologiyalardan istifadəni, elektronlaşmanı və daimi yenilənməni tələb edir. Azərbaycanda bu qəbildən metodika yalnız ADA Universitetində tətbiq olunur. Tədrisdə Moodle, Blackboard, Catalyst kimi sistemlərin tətbiqi tədris prosesini xeyli səmərəli, şəffaf və sürətli edir. Ümid edək ki, Azərbaycanın bütün universitetləri bu sistemləri mənimsəyəcək. Bu, təhsilimizin inkişafı üçün vacibdir. Şəxsi tədris metodikama aid bir neçə texniki məsələlər də var ki, onların üzərində daima işləyir və inkişaf etdirirəm.

947317_979352682100100_2406468598486614551_n.jpg

Ədəbiyyatla, fəlsəfə ilə musiqinin əlaqəsi həmişə maraqlı müzakirə mövzusu olub. Sizcə, hansı müəlliflərin romanları, hansı filosofların əsərlərinə həm də estetik musiqi kimi baxmaq olar?

- Musiqi fəlsəfəsi, fəlsəfədə musiqi, ədəbiyyatda musiqi, musiqi və ədəbiyyat və onların əlaqələri çox geniş və əhatəli mövzulardır. Bu əlaqələri sualınıza cavab olaraq qısa ifadə etmək mümkün deyil, peşəkar söhbət üçün gərək bu mövzuların dərinlərinə baş vurasan. Təkcə bunu deyim ki, mətnlə musiqi çox yaxın məfhumlardır. Hər gözəl mətni musiqi kimi də dərk etmək, zənnimcə, mümkündür.

- Ədəbiyyatdan söz düşmüşkən, babanız Qasım Qasımzadə, atanız Nəriman Qasımoğlu ədəbiyyat vurğunu olan insanlardı. Bəs, siz özünüz necə oldu ki, musiqiyə meyl etdiniz?

- Babam Qasım Qasımzadə və atam Nəriman Qasımoğlu ədəbiyyata professional bağlılıqları olan peşəkarlardır. Musiqi yaradıcılığına maraq evdə atamın ifa etdiyi tarın sədalarından, anamın ən kiçik yaşlarında dinləməyim üçün aldığı caz kasetlərindən, köhnə Hüsü Hacıyev, indiki Azərbaycan prospektindəki yazıçılar binasına bitişik bəstəkarlar binasındakı qonşumuz və sevimli müəllimim Xəyyam Mirzəzadənin söhbətlərindən başlayıb və bu maraq peşə seçimimi də beləcə yönləndirib.

- Sizcə, Azərbaycan ali musiqi tədrisində çatışmayan nə kimi məqamlar var?

- Yenilənmənin olmaması, müasir dövrdən xəbərsizlik, tədris edilən musiqi ədəbiyyatında böyük boşluqlar... Birini də əlavə edim: əksər proqramlar üzrə dünya standartlarına uyğun kadr çatışmazlığı.

- ABŞ və başqa xarici dövlətlərin musiqi tədrisində olan yenilikləri burada da tətbiq etmək istərdiniz?

- Vətənimizdə bu məsələ ilə məşğul olmaq imkanını həmişə məmnuniyyətlə dəyərləndirmişəm. Bunu yenə də hər zaman etməyə hazıram. Ümid edirəm ki, xarici ölkə universitetlərində dərs deyən peşəkar musiqiçilərimizin təcrübələrini tətbiq etmək üçün münbit mühit bizdə də tezliklə yaranacaq.

Elmin Nuri