Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-20 09:29:00
Avstriyada 3600 şəxs koronavirus şübhəsi ilə dərs prosesindən kənarlaşdırılıb

Sentyabrın 7-də Avstriyada tədris ilinə start veriləndən bəri ümumtəhsil məktəblərində koronavirusa yoluxma hallarının vəziyyətinə dair ilkin nəticələr açıqlanıb.

AzEdu.az xəbər verir ki, iki həftəni əhatə edən hesabatda ölkə üzrə ümumilikdə 3600 şəxs yoluxma şübhəsi ilə müntəzəm dərs prosesindən təcrid olunub. Onlardan 455 nəfərdə (372 şagird, 58 müəllim və 25 texniki işçi) PCR testinin nəticəsi müsbət çıxıb. Yoluxma hallarının əksəriyyəti Vyanada qeydə alınıb, sonrakı yerlərdə isə Yuxarı və Aşağı Avstriya əyalətləri dayanır.

 

Paytaxt Vyana şəhərində şübhəli hallar üzrə testlərin ləng aparılması valideyn və müəllimlər tərəfindən tənqid olunub və bu müddət ərzində şagirdlərin dərs prosesindən kənar qalmasına görə şikayətlər artıb. Bununla bağlı Vyanada məktəb həkimləri ilə əməkdaşlıq şəraitində pilot layihəyə start verilib və yoluxma şübhəsi altında olan şəxs və onun sosial çevrəsi qarqara metodu ilə testdən keçiriləcək.

 

Sentyabrın sonunda isə ölkə üzrə müntəzəm koronavirus monitorinqi start götürməlidir. Həmin proqram çərçivəsində 3-4 həftəlik intervalla 15 min şagird və 1200 müəllim qarqara metodu ilə testdən keçəcək. Virusa yoluxma şübhəsindən asılı olmadan aparılacaq bu testlər ölkədəki tədris müəssisələrində infeksiyaya yoluxma səviyyəsi barədə ümumi mənzərə yaratmalıdır.