Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 14:56:00
Təhsil Jurnalistləri Birliyinin üzvlərinin yeni tədris ili ilə bağlı nigaranlıqları - SORĞU  

 15 sentyabrdan etibarən Azərbaycanda  növbəti  tədris  ilinə start verildi.

 

Pandemiyadan  müdafiə məqsədi ilə bu il təhsil müəssisələrində  Bilik Günü və digər açılış mərasimləri həyata keçirilmədi.

 

Bəs görəsən verilən qərarlar, dərs ilinin bu şəkildə başlanğıcı  bütövlükdə tədris ilinin təşkilinə nə kimi mənfi təsirlər göstərəcək?

 

Bu mövzu ilə bağlı təhsil jurnalistləri, Azərbaycan Təhsil Jurnalistləri Birliyinin üzvləri  öz  fikirlərini  AzEdu.az  ilə bölüşüb:

 

APA İnformasiya Agentliyinin müxbiri Günay Elşadqızı dərslərin keçirilmə qaydasının xüsusi ilə ibtidai siniflərə mənfi təsir göstərəcəyini qeyd edib:

 

“Pandemiya səbəbindən dərs ilinin başlanğıcı bir valideyn kimi məni də narahat etdi. Dərslərin keçirilməsi qaydasının da uşaqlara pis təsir göstərəcəyini düşünürəm, xüsusilə də ibtidai siniflər üçün. İbtidai sinif şagirdi distant təhsilin nə olduğunu, uzaqdan oxumağı bilməz axı!  İbtidai sinif şagirdinə müəllim əlində qələm tutub yazmağı öyrədir, distant təhsillə bunu necə öyrətsin. Bakı, Abşeron, Sumqayıtda  hətta  həftədə cəmi 2 gün əyani dərs olacaq.

 

Eyni zamanda ölkədə hər ailənin kompüteri, planşeti, internetə çıxış imkanı yoxdur. Bu uşaqlar nə etməlidir, oxumamalıdır? Bir ailədə 2-3 uşaq varsa, hamısı şagirddirsə və ya biri şagird, biri tələbədirsə, eyni saatda dərsi başlayırsa biri oxuyub, biri dərsdən kənar qalmalıdır?!  Eyni zamanda, həm deyilir uşaq şüadan, kompüterdən uzaq olmalıdır, həm də günün bir neçə saatı kompüter qarşısında olmaq  məcburiyyətindədir. Bütün bu səbəblərin ümumilikdə dərs mühitinə mənfi təsir edəcəyini düşünürəm.

 

Ted.az  saytının  redaktoru  Nicat Abdullayev dərslərin keçirilmə qaydasının yaradacağı problemlərə diqqət çəkib:

 

“Dərslərin bu şəkildə keçirilməsi təhsilimiz üçün böyük problemdir. Onlayn vərdişlərin hələ tam formalaşmaması, İKT imkanlarının əlçatanlığının qaneedici olmaması da bu problemi dərinləşdirir.

 

İnformasiya texnologiyalarının yüksək inkişaf etdiyi dünya ölkələrində belə pandemiyanın təhsil sisteminə böyük təsir göstərdiyi qeyd olunur. Təbii ki bizim məktəblərimiz də bu təsirdən yan keçə bilməyəcək. Üstəlik vəziyyətdən aslı olaraq qarşıda qaydaların dəyişdirilməsi də gözlənilir. Onu da deyim ki, hər dəfə qaydalar dəyişdiriləndə boşluq daha da dərinləşir. Məsələn, əgər qərar verilirsə ki, 2 gün sonra əyani təhsilə keçilir, əmin edirəm ki, həm müəllimlərdən, həm də şagirdlər arasında bir neçə gün yayınanlar olacaq”.

 

Redaktor,  tədris  formasında olan dəyişikliyin təhsil alan və təhsil verlənlərdə yarada biləcəyi problemləri vurğulayıb

 

Mütəxəssislər birdən-birə təhsil formasının dəyişməsini ilk növbədə təhsil alanlarda psixoloji, təhsil verənlərdə isə displin problemləri yaratdığını vurğulayırlar. Hesab edirəm ki, disiplin problemi təhsil alanlarda da müşahidə olunacaq. Bütün bunlar da təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq. Lakin bilirik ki, başqa yol yoxdur. Pandemiya dönəmini yaşayırıq. Hər bir dönəm kimi pandemiya dönəminin də öz qaydaları var. Uymaq  məcburiyyətindəyik.

 

 Ümid edirəm ki, qarşıdakı bir ildə bütün sahələr, o cümlədən təhsil sahəsi üzrə yüksək İKT vərdişləri formalaşdırmağı və ucqarlarda təmassız infrastrukturun gücləndirilməsini bacaracağıq”.

 

Modern.az  saytının əməkdaşı Namidə Bingöl ənənvi  dərslərlə onlayn tədris arasında  fərqin  şagirdlərə psixoloji  təsirindən söz açıb:

 

“Biz dərslərin ənənəvi formada keçirilməsinə alışmışıq. Normal olaraq şagirdlər ənənəvi qaydada dərsə gəlir, həm müəllim, həm də digər yoldaşları  ilə ünsiyyət qururlar. Amma təəssüf  ki, pandemiya səbəbi ilə orta məktəblərdə dərslərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu prosesin nə vaxta qədər davam edəcəyi ilə bağlı isə hələlik yekun bir qərar söyləmək olmaz, çünki pandemiyanın nə zaman bitəcəyi bizə məlum deyil.

 

Ancaq ümumi olaraq demək olar ki, dərslər bu qaydada davam edərsə, yəni həftədə iki dəfə müəyyən saatda dərsə gəlmək, digər günləri isə evdə onlayn şəkildə dərs almaq o qədər də effektiv nəticə verməyəcək.Çünki mart ayından etibarən şagirdlər onlayn şəkildə dərslərdə iştirak etməyə məcbur oldular, bunu müsbət tərəfləri yoxdur”.

 

Jurnalist, onlayn tədris zamanı şagirdin cəmiyyətə adaptasiyasında yaranan çətinlikləri qeyd edib:

 

“İstənilən halda onlayn tədris zamanı şagirdlər dərslərdən yayınır, artıq şagirdin gündəlik dərs sistemi pozulmağa başlayır. Məsələn,gündəlik dərslərdə iştirak edən zaman şagirdlər ictimaiyyətlə ünsiyyətdə olur, bir sözlə şagird artıq cəmiyyətə adaptasiya olmağı öyrənir.Ancaq onlayn dərslə bağlı bunu demək çox çətindir. Şagird  yalnız  virtual  formada  kompüterin qarşısında müəllimin keçdiyi dərsi dinləyir. Bunun isə şagirdlərə əsasən, psixoloji  təsiri var. Bunları nəzərə alaraq onlayn dərsin nəticələri ilə bağlı  müsbət bir şey demək mümkün olmur. Təəssüf  ki, bizdən asılı olmayan səbəblərlə şagirdləri ümumi ictimai sferadan sıxışdırıb onları bir otaqda virtual aləmə cəlb edirik.  Dərslərin bu qaydada davam edəcəyi təqdirdə biz təhsildə effektiv nəticə əldə edə bilməyəcəyik. Sadəcə ümüd edək ki, hər şey yaxşı olacaq”.

 

“Report” İnformasiya Agentliyinin  əməkdaşı  Səid Qərib xüsusi ilə ibtidai təhsildə istədiyimiz nəticəni əldə edə bilməyəcəyimizi bildirib:

 

"Doğrusu, dərslərin keçirilməsi ilə bağlı məlum qərarların tədrisin təşkilinə konkret hansı təsirləri göstərəcəyini indidən demək çətindir. Çünki yeni tədris ili hələ təzəcə başlayıb. Amma ümumilikdə görünən odur ki, bir çox problemlər üzə çıxacaq.

 

Nəzərə almaq lazımdır ki, şagirdlər məktəbdə təkcə hərf və elm öyrənmir. Təhsil ocağı yeni mərhələyə qədəm qoyan uşaqların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.  Ona görə də düşünürəm ki, xüsusən ibtidai təhsillə bağlı şagirdlər istədiyimiz nəticəni əldə edə bilməyəcək. Çünki hələ distant təhsilin dayanıqlığında texniki baxımdan problemlər mövcuddur. Ümid edək ki, noyabr ayına qədər koronavirusla bağlı vəziyyət yaxşılacaq və ənənəvi tədris bərpa olunacaq"

 

Təhsil jurnalisti Niyazi Şərifsoy pandemiyanı nəzərə alaraq Nazirliyinin verdiyi qəraraları doğru hesab etdiyini  vurğuladı:

 

-Hazırda elə bir dövrdə yaşayırıq  ki, bütün sahələrə olduğu kimi pandemiya təhsil sahəsinə də öz mənfi təsirlərini göstərir. Lakin bütün bunlara baxmayaraq Təhsil Nazirliyi uzun müzakirə və araşdırılmalardan sonra yeni tədris ilinin təşkili ilə bağlı qərarlar verdi.  Hazırki şəraiti nəzərə alsaq verilən qərarların doğru olduğunu hesab edirəm.Təbii ki, ənənəvi təhsildən fərqli olaraq bu yeni təhsil forması  şagirdlərin  bir o qədər də ürəyincə deyil. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, bu bizim istəklərimizə bağlı bir məsələ deyil. Pandemiya bütün dünya ölkələrində təhsil sisteminə mənfi təsir göstərdi, müəyyən problemlərə səbəb oldu.  Burada əsas vacib məsələ valideyin- məktəb birliyinin əvvəlki dövrlərdən fərqli olaraq daha aktiv olması, valideyinlərin  məsafədən təhsilə daha ciddi yanaşması, övladlarına evdə nəzarəti gücləndirməsidir. 

 

Jurnalist, Nazirliyin təqdim etdiyi “Virtual məktəb”layihəsindən söz açıb

 

Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsini hazırkı dövrdə onlayn təhsilin təşkil olunması üçün ən uğurlu layihələrdən hesab edirəm. Bu layihənin ən böyük üstünlüklərindən biri də şagirdlərin onlayn dərsə davamiyyətinə nəzarət etməyin mümkünlüyüdür. Bir məsələni də diqqətə çatdırım ki, "Virtual məktəb" layihəsi get-gedə daha da təkmilləşir. Nazirlik bu istiqamətdə ciddi işlər görür.

 

Qeyd edək ki, pandemiya səbəbi ilə Nazirliyin verdiyi qərara əsasən, ölkəmizdə ümumi təhsil müəssisələri həm əyani, həm də  onlayn, ali təhsil müəssisələri isə yalnız  onlayn şəkildə tədris prosesini davam etdirir.