Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 18:00:00
Nazir məzunlara şəhadətnamə verdi - FOTO   

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbində 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələrin təqdim olunma mərasimi keçirildi. 

AzEdu.az xəbər verir ki, mərasimdən əvvəl Prezident təqaüdçüsü olan şagirdlərin ifalarından ibarət konsert təqdim edildi. 

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev məzunları təbrik edərək onlara yeni-yeni uğurlar arzuladı. Bildirildi ki, Azərbaycanda ümumilikdə 212 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 59 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 15 mindən çox müəllim məşğul olur: “Son dövrdə biz musiqi məktəblərində optimallaşma həyata keçirdik və bunun nəticəsində təhsilin keyfiyyətinin artırılmasına nail olduq. Biz bu işi davam etdirəcəyik. Hiss edirik ki, bu gün müəllimlər öz işlərinə ciddi yanaşırlar. Şagirdlərin əldə etdikləri nailiyyətlər gələcəkdə onların təhsili üçün önəm daşıyır. Bu il musiqi məktəblərindən 2 minə yaxın şagird məzun olur. Bu məzunların sırasında 110-dan artıq Prezident təqaüdçüsü var. Onların 51-i Bakı şəhərində fəaliyyət göstərən məktəblərin payına düşür”. 

Nazir qeyd etdi ki, musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir. Çünki sabahın musiqiçiləri bu gün yetişməli və musiqimizin gələcəyi yetişən gənc nəslin təhsilindən asılıdır: “Bu gün musiqi və incəsənət məktəblərinin əksəriyyəti ölkə rəhbərliyinin göstərişi ilə təmir olunaraq yeni avadanlıqlarla təmin edilib. Bu da təhsilin daha da inkişaf etməsinə töhfədir. Gənc istedadlara dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Qeyd olundu ki, musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən uşaqlar musiqi sahəsində təhsillərini davam etdirməli və bununla da Azərbaycan mədəniyyətinin gələcəyi etibarlı əllərdə olmalıdır. Təhsili fərqlənmə ilə bitirənlər üçün bu şəhadətnamələr müəyyən yollar açır, onların təhsilinə, eləcə də beynəlxalq müsabiqələrdə iştirakına şərait yaradır. 

Əbülfəs Qarayev vurğuladı ki, musiqi təhsili sahəsində çalışan mütəxəssislər öz işlərini düzgün qurmalı, məktəblərdə yaradıcı mühit yaratmalı və  musiqi mədəniyyətimizin gələcəyi naminə bacarıqlarını əsirgəməməlidirlər.

Nazir çıxışının sonunda bir daha bütün məzunları təbrik etdi, musiqi məktəblərinin kollektivlərinə uğurlar arzuladı. 

Daha sonra Əbülfəs Qarayev uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunlara şəhadətnamələri təqdim etdi.