Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-17 12:56:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlığını genişləndirir    

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Technol” şirkəti arasında genişmiqyaslı əməkdaşlığa dair memorandum imzalanıb.

 

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində müəyyən edilən sahələr üzrə ixtisaslı peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək. Təhsilalanlara sahibkarlıq vərdişlərinin aşılanması, onların istehsalat təcrübə proqramlarında iştirak etməsi, müvafiq bilik və bacaqırlarının qiymətləndirilməsi təmin ediləcək.

 

Mərkəz, həmçinin “Technol” əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında yaxından iştirak edəcək. Onları müvafiq tədris proseslərinə cəlb etməklə yüksəkixtisaslı kadr kimi hazırlanmasında şirkətə dəstək olacaq.

 

Qeyd edək ki, ölkədə müasir tələblərə cavab verən rəqabətqabiliyyətli yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir.

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun dəstəyi ilə yaradılıb. Mərkəz beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.

 

“Technol” Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısıdır. İllik 50 min ton istehsal gücünə malik şirkətdə istehsal prosesinin təşkili məqsədilə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib.