Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 16:56:00
“Xaricdə oxuyan şəxsə burada  2000 manat maaş da verilsə, o, geri dönəcək”  

“Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli “Dövlət proqramı haqqında” Sərəncamına əsasən, 5000-ə yaxın azərbaycanlı tələbə  dünyanın müxtəlif  ölkələrində  dövlət üçün prioritet olan sahə və universitetlərdə təhsil almaq üçün göndərilib”.

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert  Fuad Hacıyev deyib.

Onun sözlərinə görə, xaricdə təhsil üçün gedən tələbələrin  böyük əksəriyyəti geri qayıtmır. Yaxud qayıtsalar belə, ən qısa müddətdə yenidən karyera və inkişaf şansları daha yüksək olan ölkələrə üz tuturlar:

“Ölkəyə qayıdanlar içində əlbəttə ki, bir çox pilot layihələrdə iştirak edənlər, normal əməkhaqqı alanlar da var. Ancaq motivasiya edəcək durumlar çox azdır. İstər-istəməz tələbə bir neçə illər ərzində xaricdə təhsil aldıqca oranın mühitinə öyrəşir. Sonra o insana  Azərbaycanda  2000 azn əməkhaqqı da təklif etsəniz də müəyyən səbbələrdən yenidən  geri dönəcək”.

Ekspert deyib ki, onların Təhsil Nazirliyi ilə aralarında öhdəçilik müqaviləsi yoxdur:

“Bunu Azərbaycanın keçmiş təhsil naziri Mikayıl Cabbarov da telekanalların birində müsahibə vaxtı etiraf etmişdi. Yalnız yeni müqavilələrdə bu bəndi qoymaq olar. Məsələn, “Socar”da bu bənd var.   Bir müddətdən sonra hər kəs rahat şəkildə həm burda işləməyə, öz ölkəsinə faydalı olmağa, həm də lazım olduqda xarici investorları ölkəyə cəlb eləməyə başlayacaq. Dövlət proqramının isə birillik  dondurulduğunu demişdilər. Nəticə? Artıq 2 ildən çoxdur, amma ortada heçnə yoxdur”.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  dövlət xəttiylə xaricdə təhsil alanların ölkəyə qayıtmasıyla bağlı danışıb:

“Dövlət xətti ilə xaricdə təhsil alanlar ölkəyə qayıtmırlar. Deyirlər ki, əməkhaqqı azdır. Bu dövlətin pulu ilə oxumusansa, ölkəyə qayıdıb borucunu qaytarmalısan, xidmət etməlisən”.

Onu sözlərinə görə, həmin tələbələrin təhsil xərclərini dövlət ödəyib, ona görə də ölkəyə qayıtmalıdırlar :

“Onlar niyə ölkəyə qayıtmırlar? Həmin insanlarla müqavilə bağlanmalıdır ki, ona qoyulan sərmayəni qaytarsın, yəni işləməklə xalqına xidmət etsin”.