Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 13:35:00
Uşaqları qadın düşüncəsi ilə tərbiyə edirlər - Bağçada tərbiyəçilər kişilər olsun - TƏKLİF    

Azərbaycanda bağçada tərbiyəçilərin kişilər olması təklif edilir. Bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin dünən  keçirilən növbədənkənar iclasında çıxış edib. O deyib  ki, Yaponiyada bağçalarda tərbiyəçilər ancaq kişilərdən ibarətdir:

“Orada qadınları tərbiyəçi kimi işə götürmürlər, hesab edirlər ki, uşaqların tərbiyəsi ilə kişilər məşğul olsa, daha faydalı olar”.

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı həkim-pediatr Vaqif Qarayev  Modern.az saytına danışarkən  deputatın fikirləri ilə razı olduğunu bildirib:

“Uşaq bağçası özünün  spesifikliyi olan məktəbəqədər təhsil müəssəsidir. Orda uşağın yaşından asılı olaraq təhsilində, tərbiyəsində spesifiklik var. Düşünürəm ki, təhsil müəssəsidirsə, kişi ya qadın fərq etmir. Deputatın  səsləndirdiyi fikirlər bizim cəmiyyətin qulaq pərdəsinə  öyrəşilən bir şey deyil. Kişinin  bağçada müəllim kimi fəaliyyət göstərməsi hər halda  Azərbaycan cəmiyyətində qəbul edilməz. Amma  Milli Məclisin iclasında Fazil bəy sadəcə bir nümunə göstərir ki, Yaponiyada uşaq bağçalarında tərbiyəçilər kişilərdir. Açığı, mən bununla razıyam. Baxın, bizdə uşaqlar evdə qadının – ananın təsiri altındadır. Bağçada yenə qadın tərbiyəçilərin  himayəsində olurlar. Məktəbdə kişi müəllimlər azdır və normal olaraq uşaqlar yenə qadının təsiri altındadır. Bunun təbii, psixoloji tərəfləri var, lakin real təcrübədən çıxış edək. Qadınların ürəyi yumşaqdır, sərt deyillər, uşaqları qadın düşüncəsi ilə tərbiyə edirlər. Söhbət Azərbaycandan  gedir. Amma kişilər, tutaq ki, atalar uşaqlara bir qədər sərt yanaşır. Təbii ki, fiziki zorakılığı qəbul etmirəm. Lakin qadından fərqli olaraq kişilərin yanaşması bu cürdür. Bu, məsələnin mənəvi tərəfidir. Digər tərəfdən tərbiyəçinin kişi və ya qadın olmasının fərqi yoxdur, əsas odur, peşəkar olsunlar. Uşaqlarla işləyən peşəkar  adamlar mütləq onların psixologiyasına bələd olmalıdırlar. 3 yaşında  uşaqla 13 yaşındakı uşağın psixikası  tamam başqadır”.

V.Qarayev qeyd edib ki, cəmiyyətimizdə  yazılmamış qanunlardan biri də odur ki, uşaqla ancaq qadın məşğul olmalıdır:

“Halbuki, düzgün deyil. Bu, məni narahat edən məsələlərdəndir.  Ana qədər mənəvi-psixoloji baxımdan heç kəs uşağa yaxın ola bilməz. Ona görə intim işlərindən tutmuş, ciddi məsələlərinə kimi  uşaq müəyyən yaşa qədər anası ilə məsləhətləşir. Amma bu o demək deyil ki, ata da tamamilə kənarda qalmalıdır, uşağın sağlamlığına, tərbiyəsinə fikir verməməlidir. Qətiyyən qəbuledilməzdir. Əgər biz istər bağçada, istər məktəbdə normal uşaq tərbiyə etmək istəyiriksə, tərbiyəçi məsələsində cinsiyyətin fərqi yoxdur.  Lakin kişilər bağçada tərbiyəçi kimi işləyə bilərlər. Bir  şərtlə ki, peşəkar olsunlar.

Digər tərəfdən dolanışığa görə, ailəsini saxlamaq üçün kişilər başqa işlərlə məşğul olurlar. Amma söhbət peşəkarlıqdan gedirsə, o adam yaxşı qazanmalıdır. Buna baxmayaraq bizdə standart maaşlar təyin olunub. Müəllimin, həkimin, tərbiyəçinin maaşı bu qədər olmalıdır...  Bu, düzgün yanaşma deyil. Biz artıq kapitalist  sisteminə keçmişiksə və bağça dövlətin yox, özəldirsə, tərbiyəçiyə normal maaş verilməlidir. Cavan oğlanlar da qazancı olduğuna görə, bağçada işləməklə bağlı kompleks yaşamamalıdır”.

Müsahibimiz məktəb və bağçalardakı zorakılıq məsələsinə də toxunub:

“Təxminən 20 il qabaq qəbulumda ata görmürdüm. Amma indi  atalar uşaqlarının sağlamlığı ilə ciddi maraqlanırlar. Açığı, bu məni sevindirir. Hər iki valideyn eyni zamanda uşaqla maraqlanırsa, həkim də daha məsuliyyətli olur. Bayaq qeyd etdiyim kimi uşaqlar hər yerdə qadınların təsiri altında olduğu üçün istər-istəməz qadın düşüncəsi ilə böyüyürlər və əksəriyyəti müstəqil qərar verə bilmirlər.

Məktəbdəki zorakılıqlar məni hər zaman narahat edib. Uşaqlar döyülməməldir. Bu yolla biz bir manyak yetişdiririk. Düzdür, indiki uşaqlarla işləmək son dərəcədə çətindir. Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi tərbiyə müəssisələri olmalıdır. Amma sinifdə özünü apara bilməyən, tərbiyəsizlik edən uşaqlara kobud müdaxilə qəbulolunmazdır. Vaxtaşırı yazırlar ki, biz döyülə-döyülə böyüşümük. Düz etməyiblər... Hər bir  insanın uşaqlıq yaddaşında döyülmə epizodu var və bunu heç vaxt unutmurlar. Ən çox da qızlar bundan əziyyət çəkirlər. Uşaqları normal  sözlər tərbiyə etmək lazımdır, haçansa o, başa düşəcək. Lakin bizdə anada, müəllimdə, tərbiyəçidə hövsələ çatmır və zorakılıq edirlər. Sağlam nəsil yetişdirmək istəyiriksə, bunları qəbul etməməliyik”.